Dəbdəbəli toyun arxasındakı ailə: baba prokuror, ata məmur, nəvə SOCAR işçisi

Sitarə Feyzullayeva və atası Elgün Feyzullayev- Foto: “Böyük Saray” İnstagram hesabı

Bakıda keçirilən dəbdəbəli toy Elgün Feyzullayevin ailəsinin SOCAR, dövlət xidməti və bizneslə bağlı əlaqələrini yenidən gündəmə gətirib.

Bakıda keçirilən dəbdəbəli toy əvvəlcə səhnəyə çıxan məşhurlarla diqqət çəkdi. Sonradan məlum oldu ki, gəlin uzun illər dövlət və SOCAR sistemində çalışmış Elgün Feyzullayevin qızı Sitarə Feyzullayevadır.

Mətbuatın yazdığına görə, “Böyük Saray” şadlıq evində keçirilən məclisdə Aygün Kazımova, Röya Ayxan, Demet Akalın, İlqar Muradov, Xəyyam Nisanov və “Natiq Ritm Qrupu” çıxış edib. Toyun təşkilatçılığını Sevinc Sultanova (Seva Sultan kimi tanınır) edib, aparıcı isə Nəsib Nur olub.

Mediada mərasimin yüz minlərlə manata başa gəldiyi yazılsa da, bu rəqəmi təsdiqləyən hər hansı müqavilə, ödəniş sənədi və ya başqa sübut açıqlanmayıb.

Elgün Feyzullayev kimdir?

Dövlət Əmək Müfəttişliyi Xidmətinin bir müddət əvvələ qədər açıq olan rəsmi bioqrafiyasına görə, Elgün Bəhram oğlu Feyzullayev 1979-cu ildə Mingəçevirdə anadan olub, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

O, 2000-2004-cü illərdə Apellyasiya Məhkəməsində tərcüməçi-katib, 2005-2018-ci illərdə isə SOCAR-ın Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini olub. Rəsmi bioqrafiyada 2020-ci ildən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini işlədiyi göstərilirdi.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin saytından screenshot

Mediada toy barədə məlumatlar yayılandan sonra Dövlət Əmək Müfəttişliyi Xidməti açıqlayıb ki, Feyzullayev əslində bir ildən artıqdır qurumda işləmir. Burada diqqət çəkən məqam odur ki, onun adı bundan xeyli sonra da xidmətin saytında rəis müavini kimi qalırdı. Axtarış sisteminin cəmi iki ay əvvəl götürdüyü versiyada da Feyzullayevin bioqrafiyası və vəzifəsi görünür. Həmin səhifə artıq açılmır.

Yəni qurumun Feyzullayevin bir ildən çox əvvəl vəzifədən çıxarılması barədə açıqlaması ilə rəsmi internet səhifəsindəki məlumatın yenilənmə tarixi arasında ciddi zaman fərqi yaranır.

Elgün Feyzullayevin rəhbəri olduğu iki şirkət

Feyzullayevlə bağlı başqa bir detal kommersiya reyestri məlumatlarında üzə çıxır.

Vergi ödəyicisinin tarixçəsinə görə, “Caspian Logistic Company” MMC-nin rəhbəri Elgün Bəhram oğlu Feyzullayevdir. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Reyestr tarixçəsində həm şirkət, həm də Feyzullayevin hüquqi təmsilçi kimi məlumatı 14 may 2020-ci ildə əlavə olunub.

Bu tarix xüsusilə diqqət çəkir. Çünki Dövlət Əmək Müfəttişliyi Xidmətinin öz bioqrafiyasına görə Feyzullayev də 2020-ci ildən Bakı Şəhər İdarəsinin rəis müavini vəzifəsinə keçib.

Feyzullayevin adı daha köhnə bir şirkətdə də görünür. Vergi tarixçəsində “Art İndeks” MMC-nin qanuni təmsilçisi də Elgün Bəhram oğlu Feyzullayev göstərilir. Şirkətin nizamnamə kapitalı isə 150 manatdır.

“Art İndeks”in reyestr tarixçəsi daha əvvələ – 2009-cu ilə qədər gedib çıxır. Sənəddə şirkətlə bağlı qeydlər 2009, 2011 və 2012-ci illərdə görünür. Həmin illərdə Feyzullayev SOCAR-ın Sərmayələr İdarəsində çalışırdı.

Qanunvericilikdə isə vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı məhdudiyyətlər var. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsində vəzifəli şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və ya kommersiya subyektlərinin icra orqanlarının tərkibinə daxil olması korrupsiyaya şərait yaradan hüquqpozmalardan biri kimi göstərilir.

Atadan qıza SOCAR xətti

Ailənin SOCAR-la əlaqəsi Elgün Feyzullayevlə bitmir.

Onun qızı 2004-cü il təvəllüdlü Sitarə Feyzullayevanın LinkedIn profilində hazırkı vəzifəsi SOCAR Trading-də Trade Analyst – ticarət analitiki kimi göstərilir. İş yeri isə Dubaydır. Profil həmçinin onun SOCAR Trading-də iki müxtəlif vəzifə tutduğunu göstərir.

Sitarə Feyzullayeva 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər “SOCAR Trading”-in əməliyyat komandasında əməliyyatların uçotu və hesab-fakturaların hazırlanması üzrə çalışıb. 2026-cı ilin mayından isə ticarət analitiki vəzifəsinə keçib.

Sitarə Feyzullayeva – Foto: Linkedin hesabı

Profilində 2023-2025-ci illərdə “Middlesex University”-də biznes idarəçiliyi üzrə bakalavr təhsili, 2025-2026-cı illərdə isə “University of Birmingham”-da MBA proqramı üzrə oxuduğu göstərilir.

Beləliklə, ata 13 ilə yaxın SOCAR sistemində çalışıb, qızı isə bir neçə il sonra şirkətin beynəlxalq ticarət strukturunda karyerasına başlayıb. Açıq mənbələr Sitarənin “SOCAR Trading” şirkətinə hansı seçim proseduru və ya vakansiya vasitəsilə qəbul edildiyini göstərmir. 

Sitarə Feyzullayeva və atası Nicat Qurbanov – Foto: “Böyük Saray” İnstagram hesabı

Ailədə bir nəsil əvvəl də dövlət xidməti var

Elgün Feyzullayevin atası Bəhram Feyzullayev də uzun illər dövlət sistemində çalışıb.

2023-cü ildə onun vəfatı ilə bağlı yayılan bioqrafik məlumatda Bəhram Feyzullayevin Dəvəçi, Quba və Ağdaş rayon prokurorluqlarında, Gəncə Nəqliyyat və Şəhər Prokurorluqlarında, Baş Prokurorluqda, eləcə də Yevlax və Şirvan prokurorluqlarında müxtəlif vəzifələr tutduğu bildirilir. O, 2010-cu ildə təqaüdə çıxıb.

Bəs Nicat adlı bəy kimdir?

Mediada gedən məlumata görə, Sitarə Feyzullayevanın həyat yoldaşı 1994-cü il təvəllüdlü Nicat Qurbanovdur. O, Dövlət Gömrük Komitəsinin keçmiş yüksəkvəzifəli əməkdaşı, polkovnik Nüsrət Qənbər oğlu Qurbanovun oğludur. Nüsrət Qurbanov Komitənin İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi olub və 2023-cü ilin aprelində vəzifədən azad edilib.

Nüsrət Qurbanov – Foto: Fepartners.az saytı

Hazırda o, gömrük və vergi məsələləri üzrə konsaltinq fəaliyyəti göstərən ““Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq” MMC-də çalışır. Nüsrət Qurbanov həm də ləğv edilmiş Dövlət Dəniz Administrasiyasının keçmiş rəisi Qüdrət Qurbanovun qardaşıdır. Beləliklə, Sitarə Feyzullayevanın ailə qurduğu tərəfin də uzun illər dövlət idarəçiliyi sistemində təmsil olunduğu görünür.

Ana səhifəXəbərlərDəbdəbəli toyun arxasındakı ailə: baba prokuror, ata məmur, nəvə SOCAR işçisi