Karapetyan: Rusiya Gümrüdəki hərbi bazasını çıxarsa, Ermənistan “sahibsiz” qalacaq

Samvel Karapetyan. Foto: Şəxsi arxivi

Rusiya – Ermənistan milyarderi və müxalifət lideri Samvel Karapetyan bildirib ki, Rusiya Gümrüdəki hərbi bazasını çıxararsa, Ermənistan regionda “sahibsiz” qalacaq. Rusiya 1940-cı illərdən Ermənistanda yerləşən bazanı çıxarmağa hazır olduğunu bəyan edib. Yerevan isə buna cavab olaraq bildirib ki, heç vaxt belə bir tələb irəli sürməyib, lakin Gümrüdəki bazanın mövcudluğunu “həyati zərurət” də hesab etmir.

OC Media yazır ki, sərvətini Rusiyada qazanan Karapetyan 2025-ci ildə siyasətə qoşulub və hazırda parlamentdə ən böyük müxalifət qüvvəsi olan “Güclü Ermənistan” partiyasını yaradıb.

O, bu fikirləri sentyabrın 11-də barəsində açılmış cinayət işi üzrə məhkəmə iclasından əvvəl jurnalistlərlə danışarkən səsləndirib. Karapetyana qarşı ittihamlar arasında hakimiyyət çevrilişinə açıq çağırış və çirkli pulların yuyulması da var.

“Yaxşı, onda gedib orada Türkiyə bazası yerləşdirin. Orada baza olmalıdır. Baza hazırda var: ya ruslar olacaq, ya türklər. Seçin”, – Karapetyan deyib.

O, Ermənistanın xarici hərbi bazası olmadığı halda niyə “sahibsiz” sayılmalı olduğunu soruşan jurnalistin sualına belə cavab verib.

“Niyə xarici hərbi baza olmalıdır? Bizim öz Ermənistan bazalarımız var”, – deyə jurnalist soruşduqda Karapetyan cavabında “Bizim erməni bazalarımız var”, – deyib.

Karapetyanın açıqlaması Baş nazir Nikol Paşinyanın sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonraya təsadüf edib. Həmin görüşdən sonra Putin bildirib ki, “əgər Ermənistan Rusiyanın bu ölkədəki hərbi bazasına ehtiyac olmadığını hesab edirsə”, Moskva bazanı çıxarmağa hazırdır.

Məsələ İrəvanla Moskva arasında münasibətlərin Ermənistanın iyunda keçiriləcək seçkiləri ərəfəsində daha da gərginləşdiyi bir dövrdə gündəmə gəlib. Tərəflər arasında bir sıra problemlər həll olunmamış qalır. Bunların arasında xüsusilə Ermənistanın Avropa İttifaqına üzvlük istəyi və Moskvanın tətbiq etdiyi ticarət məhdudiyyətləri var. İki ölkə yaxın gələcəkdə danışıqları davam etdirmək barədə razılığa gəlib.

Putinin sentyabrın 2-də verdiyi açıqlamadan sonra Paşinyan bildirib ki, Ermənistan Rusiya bazasının ölkədə mövcudluğunu “həyati zərurət” hesab etmir. O əlavə edib ki, Moskva bazanı çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək. Paşinyanın sözlərinə görə, Ermənistan özü heç vaxt bazanın çıxarılması məsələsini qaldırmayıb.

Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası 1940-cı illərdə yaradılıb və burada 3 mindən çox rusiyalı hərbçinin xidmət etdiyi bildirilir. Baza uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi mövcudluq nöqtələrindən biri olub.

İllər ərzində baza ətrafında bir sıra qalmaqallar yaşanıb. Bunlara Rusiya ordusundan fərarilik edən şəxslərin saxlanılması və oğurlanması ilə bağlı iddialar, eləcə də rus hərbçilərinin bazadan kənarda törətdiyi cinayətlər daxildir. Ən ağır hadisə isə 2015-ci ildə bir ailənin yeddi üzvünün rusiyalı hərbçi tərəfindən öldürülməsi olub.

Paşinyanın açıqlamasından sonra Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komitəsinin sədri, hakim “Mülki Müqavilə” partiyasının deputatı Vilen Qabrielyan deyib ki, bazanın çıxarılması Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərməyəcək. Onun sözlərinə görə, Moskva 2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistana hücumları zamanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.

Qabrielyan gələcəkdə Ermənistanın Rusiyadan bazanı çıxarmağı və ya onun üçün icarə haqqı ödəməyi tələb edə biləcəyini də istisna etməyib.

Hazırda Moskva bazanın Ermənistanda yerləşməsi üçün heç bir ödəniş etmir. Paşinyan isə bildirib ki, əgər Rusiya qazının qiyməti artırılarsa, Ermənistan da “nəyin qiymətini artıra biləcəyinə və indiyədək pulsuz olan hansı xidmət və ya imkanlara bundan sonra müvafiq qiymət tətbiq edilə biləcəyinə baxacaq”.

“Mənim şəxsi fikrim budur ki, bəli, sizin dediyiniz kimi belə bir maliyyə hesablaması bazaya da şamil edilə bilər. Çünki bildiyimiz kimi, [bazanın] ərazisi və saxlanma xərclərinin böyük hissəsi Ermənistan Respublikası tərəfindən qarşılanır”, – Ermənistanın baş naziri bildirib.

Karapetyan mətbuatla söhbətində sahibi olduğu “Tashir Group”a məxsus “Electric Networks of Armenia” – Ermənistan Elektrik Şəbəkələri (ENA) şirkəti ətrafında davam edən mübahisəyə də toxunub.

İrəvan hakimiyyəti 2025-ci ilin iyununda Karapetyanın həbsindən qısa müddət sonra şirkəti dövlət nəzarətinə keçirməyə çalışıb.

Karapetyan bundan əvvəl, 2025-ci ilin mayında Nikol Paşinyanla münasibətləri kəskinləşən Erməni Apostol Kilsəsinə açıq dəstək vermişdi.

“ENA ilə bağlı narahat olmayın. ENA öz qanuni sahibinə qayıdacaq və onlar heç nə edə bilməyəcəklər”, – Karapetyan bildirib.

ENA-nın xarici investorlara satıla bilib-bilməyəcəyi barədə suala isə o cavab verib ki, Ermənistan hakimiyyəti şirkəti satmaq üçün əvvəlcə onu “ələ keçirməlidir”.

“Biz sata bilərik, amma satmaq fikrimiz yoxdur”, – Karapetyan deyib.

Karapetyan şirkətinə təklif olunan məbləği açıqlamaqdan imtina edib və “ENA satılmır” deyə vurğulayıb.

Hökumət də Karapetyana təklif etdiyi məbləği ictimaiyyətə açıqlamayıb.

Azadlıq Radiosunun əldə etdiyi sənədlərə görə, təklif 23,3 milyard dram – təxminən 59 milyon dollar olub. Ancaq bunun qarşılığında Karapetyanın əvvəlki 10 il ərzində şirkətdən aldığı 23 milyard dramdan – təxminən 60 milyon dollardan çox dividendi geri qaytarması tələb olunub.

Azadlıq Radiosunun hesablamasına görə, dividendlər şirkətə geri qaytarılacağı halda ENA səhmləri üçün faktiki təklif cəmi 142 milyon dram, yəni təxminən 360 min dollar təşkil etmiş olardı.

Sentyabrın əvvəlində Ermənistan hakimiyyəti ENA ilə bağlı “üstün ictimai maraq” elan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu, kompensasiya ödənilməklə şirkətin dövlət tərəfindən alınmasına hüquqi zəmin yarada bilər.

2025-ci ilin yayında, Karapetyanın iyunda həbsindən qısa müddət sonra parlamentdən sürətlə keçirilən qanun dəyişikliklərinə əsasən, ENA lisenziyasını itirərsə, elektrik şəbəkəsi “üstün ictimai maraq” obyekti kimi tanınmalı və onun dəyəri qiymətləndirilməlidir.

Bundan sonra hazırkı sahibi “Tashir Group”a şirkətin dövlət tərəfindən alınmasına görə kompensasiya ödənilməlidir.

2025-ci ilin noyabrında Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyası ciddi pozuntuları əsas gətirərək ENA-nın elektrik enerjisinin paylanması üzrə lisenziyasını ləğv edib və şirkətə dövlət tərəfindən müvəqqəti idarəçi təyin edib.

“Tashir Group” isə öz növbəsində beynəlxalq arbitraj prosesinə başlayıb. Şirkət Ermənistanın enerji sektoruna yatırdığı investisiyalara qanunsuz müdaxilə edildiyini iddia edir və buna görə yüz milyonlarla dollar kompensasiya tələb edir.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərKarapetyan: Rusiya Gümrüdəki hərbi bazasını çıxarsa, Ermənistan “sahibsiz” qalacaq