Ermənistan ordusu daha şəffaf rejimdə işləyəcək

Foto: Ermənistan MN

Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, hökumət mümkün olan hallarda öz “fəaliyyətini daha açıq” etməyi planlaşdırır. O, konkret olaraq hansı fəaliyyətləri nəzərdə tutduğunu açıqlamayıb. Bu açıqlama son aylarda orduda baş verən bir sıra qeyri-döyüş şəraitində ölüm hallarından sonra Ermənistan ordusuna qarşı ictimai diqqətin yenidən artdığı bir vaxta təsadüf edib.

OC Media yazır ki, Papikyan bu barədə cümə axşamı səhər saatlarında bir neçə adı açıqlanmayan Ermənistan ordusu bazasına gedərkən avtomobildə çəkilmiş sosial media videosunda bildirib.

Müdafiə naziri deyib ki, səfərin istiqaməti sosial şəbəkələrdə yazılan şərhlərdə qaldırılan məsələlər, o cümlədən ictimaiyyətin və hərbçi ailələrinin sual və təklifləri əsasında seçilib. Onun öz paylaşımlarına, yoxsa Müdafiə Nazirliyinin paylaşımlarına yazılan şərhləri nəzərdə tutduğu aydın olmayıb.

“Bunu nəzərə alaraq, bu gün istiqaməti seçdik. İşimiz əvvəllər işıqlandırılmadığı üçün, həmçinin sizin marağınızı nəzərə alaraq və bizi izlədiyiniz üçün sizə təşəkkür edərək qərara gəldik ki, bundan sonra fəaliyyətimizi daha açıq edək. Əlbəttə, işimizin məxfiliyi ilə bağlı qapalı hissələr olacaq, lakin işimizi göstərməyin mümkün olduğu hər yerdə bunu göstərəcəyik”, – Papikyan deyib.

Papikyan cümə axşamı daha bir neçə sosial media paylaşımı edib. Bunların arasında onun hərbi hissələrə, hərbi təlimlərə və istehkamların tikildiyi tikinti sahəsinə səfərlərini göstərən qısa videolar da olub. O, həmçinin hərbi mövqedə müddətli həqiqi hərbi xidmət keçən əsgərlərlə nahar etdiyi videonu paylaşıb.

“[Hərbi] mövqelər üçün verilən konservləşdirilmiş qidalardan yedik”, – Papikyan yazıb.

Videoda o, hərbi formada qazanların qapağını açaraq içərisində nə olduğunu bir-bir soruşur. Daha sonra əsgərlərdən konservlərdə olan, hələ bişirilməmiş qidaları gətirib ona göstərmələrini istəyir.

Paylaşımlar orduda aparılan islahatların bəzi istiqamətlərini, o cümlədən əvvəllər keyfiyyətinin aşağı olması ilə bağlı tənqidlərə məruz qalan ərzaq təminatındakı dəyişiklikləri ön plana çıxarır.

Papikyanın yeni kommunikasiya strategiyası orduda qeyri-döyüş şəraitində baş verən bir sıra ölüm hallarının ciddi ictimai narazılığa səbəb olmasından sonra ortaya çıxıb. Avqust ayında bir neçə erməni hərbçi qeyri-döyüş şəraitində həlak olub; ölüm halları bir-birindən cəmi bir neçə gün fərqlə baş verib.

Qeyri-döyüş şəraitində ölüm hallarına ictimai diqqətin artdığı bir vaxtda Baş nazir Nikol Paşinyan silahlı qüvvələrdə iki kadr dəyişikliyinin həyata keçirilməsinə göstəriş verib və intiharlar, eləcə də “nizamnamədənkənar münasibətlər”lə bağlı sistemli həllərin hazırlanması üçün qurumlararası işçi qrup yaradıb.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistan ordusu daha şəffaf rejimdə işləyəcək