Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” çərçivəsində mühakimə olunan iqtisadçı Qalib Bayramovun cinayət işi barəsində yekun məhkəmə prosesi keçirilib.
Prosesə hakim Eldar İsmayılov sədrlik edib və hökm oxunub.
Hökmə əsasən Qabil Bayramov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum etmə cəzası verilib. Bayramovun cəzası 3 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Onun barəsində seçilən polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmə tədbiri ilə əvəz olunub.
Bundan əvvəl prokuror Qabil Bayramovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Qalib Bayramov İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədridir.
O, həmçinin iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır. Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub. Ona əvvəlcə saxta pul hazırlama, daha sonra isə dini ekstremist materiallarla bağlı ittiham irəli sürülüb. İbadoğlu ittihamları rədd edib.
2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Qalib Bayramovun digər qardaşı Vüqar Bayramov Milli Məclisin deputatıdır.
“QHT işi” üzrə təhqiqat Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi əsasında aparılır. Bu iş çərçivəsində QHT və vətəndaş cəmiyyəti nümayəndələri ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
İlk olaraq “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs ediliblər. 2025-ci ilin aprelində isə Zamin Zəki, Asəf Əhmədov və Əhməd Məmmədzadə barəsində də həbs qərarı verilib.
İş üzrə daha bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi təqsirləndirilən şəxs qismində cəlb olunub. Onların bir hissəsi məhkəmə müddətində həbs olmayan qətimkan tədbirləri ilə azadlıqda qalıb. Həmin şəxslər arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun Azərbaycan üzrə keçmiş məsləhətçisi Mehriban Rəhimli və İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov da var.
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində isə eyni cinayət işi üzrə həbsli axtarış qərarı çıxarılıb. Onların hazırda ölkə xaricində olduğu bildirilir.
Bəzi təqsirləndirilən şəxslərin məhkəmə araşdırması artıq başa çatıb. Bu iş üzrə Zamin Zəki 7 il 6 ay, Nərgiz Muxtarova 3 il sınaq müddəti olmaqla 7 il 6 ay, Əhməd Məmmədzadə 2 il sınaq müddəti olmaqla 7 il 6 ay, Asəf Əhmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
“QHT işi” üzrə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin əmlakın leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı maddələri ilə ittiham olunurlar. Sözügedən maddələr üzrə ən ağır cəza 12 ilədək azadlıqdan məhrumetmədir.
Təqsirləndirilən QHT nümayəndələri onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.