Kənd təsərrüfatı nazirinin müavini “vədindən” iki ay sonra: Ət bir manat bahalaşdı

Foto: Aminul2is/shutterstock

Bakıda pərakəndə satış məntəqələrində dana ətinin qiyməti təqribən 6-8 faiz bahalaşıb. Paytaxt sakinlərinin yazdıqlarına görə, hazırda sümüklü dana ətinin kiloqramı 17 manatdan 18-19 manata, sümüksüz ətin qiyməti isə 22 manatdan 23 manata qədər yüksəlib.

Qeyd edək ki, son bir il ərzində ətin qiymətində kəskin artım mərhələli şəkildə baş verib. Sonuncu dəfə belə kəskin bahalaşma ötən ilin sentyabr ayında olub. O zaman paytaxt bazarlarında 16 manata təklif olunan sümüklü dana əti 17-17,50 manata qədər bahalaşmışdı.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə açıqlamasında bildirib ki, son bir il ərzində ətin qiymətində 12 faizdən çox bahalaşma baş verib: 

“Bu, əslində, çox yüksək artımdır. Ət və ət məhsullarının, süd və süd məhsullarının qiymətlərində son 7 ay ərzində hər ay artım olub. İndi qiymət 1 manat, yəni 7-8 faiz artsa da, bu, statistikada 0,9 faiz göstəriləcək. Bunu da onunla əsaslandıracaqlar ki, yalnız mal ətinin qiyməti qalxıb. Əslində isə mal ətinin qiymətinin artımı daha ciddi təsir göstərir. Azərbaycanda bu il ərzaq qiymətlərinin artımı illik 20 faizdən yuxarı olub”.

Hələ bu ilin iyun ayında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev mətbuat konfransında bildirmişdi ki, Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir.

O qeyd etmişdi ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır. Z. Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda mal ətinə tələbatın 83,7 faizi, qoyun ətinə tələbatın 94,2 faizi, quş ətinə tələbatın isə 82 faizi yerli istehsal hesabına ödənilir.

Lakin nazir müavininin bu fikirlərindən cəmi iki ay keçməmiş ət bazarında qiymətlərin kəskin bahalaşdığını, idxalın isə artdığını müşahidə edirik.

Dövlət Statistika Komitəsinin məlumatında 2026-cı ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalının 4 faiz artaraq 252 min tona çatdığını görürük. Eyni zamanda, bu ilin ilk yarısında ət idxalında da 20 faizdən çox ciddi artım var.

Vahid Məhərrəmov deyir ki, qiymət artımı tək Bakıda deyil, regionlarda da baş verib. Onun sözlərinə görə, ətin qiymətinin bahalaşmasına təsir edən amillər çoxdur: 

“Uzun illərdir deyirik ki, Azərbaycanda örüş əraziləri imkanlı məmurlar tərəfindən ələ keçirilib. Burada 1 milyon hektardan çox ərazidən söhbət gedir. Örüş əraziləri təxminən 2 dəfə azalıb. Zəbt olunan həmin torpaqlardan təyinatı üzrə istifadə edilmir. Son illər dəbə düşüb. Həmin torpaqlarda meyvə-tərəvəz istehsal edirlər. Əslində, heyvandarlıqla məşğul olmaq çətindir və ona görə bu sahəyə maraq göstərmək istəmirlər. Onlar meyvə ağacları əkib qısa müddətdə pul qazanmağa çalışırlar. Ona görə də həmin örüş əraziləri dövriyyədən çıxıb”.

Ekspert deyir ki, digər səbəb yem istehsalının azalmasıdır: 

“Yem qıtlığı mövcuddur. Heyvan saxlayanların sayı da azalıb. Ona görə ildən-ilə heyvanların baş sayının azaldığını görmək olur.

Heyvanların baş sayının azalmasına paralel olaraq həm südlük, həm də ətlik cins heyvanlar gətirilməlidir. Bununla ət və süd bolluğu yaradılsa, bazara o qədər də təsir etməz. Təəssüf ki, heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi həyata keçirilmədi.

İndi heyvanların baş sayının azalması ət bazarına təsir göstərir. Ot istehsalını artırmaq üçün heç bir tədbir həyata keçirilmir. Mövcud örüş ərazilərinin məhsuldarlığının artırılması istiqamətində işlər görülmür. İndiki halda, əgər ələ keçirilən örüş əraziləri təyinatı üzrə istifadə edilmirsə, kəndlilərə qaytarılmalıdır”.

V. Məhərrəmov əlavə edir ki, mövcud vəziyyət real bazarda ət istehsalını azaldıb: 

“Təklif azaldığı üçün də qiymət artır. Rəsmi statistikada istehsalda artım göstərilsə də, reallıqda elə deyil. Fəaliyyətləri tənqid edilməsin deyə, statistikanı şişirdib, rəqəmləri manipulyasiya edirlər. Bu sahədə qeyri-peşəkar idarəçilik davam etdikcə qiymətlərin artımı da davam edəcək”.

Mütəxəssis eyni zamanda qlobal istiləşmənin də dünya birjalarında ətin qiymətinə ciddi təsir göstərdiyini deyir: 

“Qlobal bazarda ətin bahalaşmasına təsir edən amillərdən biri qlobal istiləşmədir. Xüsusilə xırda buynuzlu heyvanların sayı kəskin şəkildə azalır. Qlobal bazarda qoyun ətinin qiyməti davamlı olaraq artır. Bu da örüş ərazilərinin məhsuldarlığının aşağı düşməsi ilə bağlıdır. Biz hökumətə xəbərdarlıq edirdik ki, örüş ərazilərində davamlı suvarma işləri aparın. Ot intensiv şəkildə inkişaf etsin və heyvanlar normal şəkildə qidalansın. Amma peşəkar idarəetmə olmadığına görə bu işlər həyata keçirilmədi”.

Ana səhifəXəbərlərKənd təsərrüfatı nazirinin müavini “vədindən” iki ay sonra: Ət bir manat bahalaşdı