Ələsgər Məmmədlinin həyat yoldaşı: “Bir şey olsa, bütün məsuliyyət sizin üzərinizdədir”

Ələsgər Məmmədli. Foto: Meydan TV

Hazırda həbsdə olan Toplum TV-nin həmtəsisçisi, media eksperti və hüquqşünas Ələsgər Məmmədlinin qan analiz nəticələri açıqlanıb.

Bu barədə Məmmədlinin həyat yoldaşı Günay Məmmədli məlumat yayıb.

Günay Məmmədli bildirib ki, qan analizinin nəticələrinin yalnız bir qismi onlara verilib, ultrasəs müayinəsindən isə keçiriliməyib.

Nəticələrdən bir neçəsi normadan çox yüksək bir neçəsi isə normadan  aşağıdır. Həkimlərlə əlaqə saxladıq. Bunlardan xolesterin və Aşağı Sıxlıqlı Lipoproteidlər (LTD) normadan yüksək çıxıb. Həkimlərin dediyinə görə, LTD yüksəkliyi karanar damarlar içərisində plakların yaranmasına, ürəyin işemik xəstəliklərinə və infarkta səbəb olan faktordur. Ancaq həkimlər sinədə ağrı və tutma şikayətlərinin, digər səhhətlə bağlı  şikayətlərin  daha ciddi narahatedici faktor olduğunu bildirdilər, – deyə qeyd edib.

Məmmədli deyir ki, aylardır edilən müraciətləri cavabsız qalır:

Ələsgər Məmmədlinin həyatı təhlükə qarşısındadır. Alayarımçıq müayinələrlə işinizi bitmiş hesab edirsiz. Əgər bir hadisə baş versə bunun bütün məsuliyyəti sizin üzərinizdədir”.

Ələsgər Məmmədli avqustun 8-də Bakı İstintaq Təcridxanasında ürək tutması keçirib və bir müddət ağrılar içində yataqda qalıb. Həftəsonu olduğundan həkim onu müayinə edə bilməyib.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də “Toplum TV işi”nə görə saxlanılıb. “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm elan olunub. Məhkəmənin qərarına əsasən, Ələsgər Məmmədli 14 il, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və siyasətçi Ruslan İzzətli 15 il, digər təqsirləndirilən şəxslər isə 12 ildən 14 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

Məhkəmə, həmçinin təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş bəzi əmlakların müsadirə olunmasına qərar verib.

“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Daha sonra ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və həbslərinin siyasi motivli olduğunu deyirlər.

Ana səhifəSiyasi işlərƏləsgər Məmmədlinin həyat yoldaşı: “Bir şey olsa, bütün məsuliyyət sizin üzərinizdədir”