Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) və Mühacir Media Qurumlarının Şəbəkəsi (NEMO) müstəqil mediaların sosial şəbəkə hesablarına qarşı olan hücumları pisləyən bəyanat yayıblar. Təşkilatlar bildirib ki, mühacirətdə fəaliyyət göstərən Azərbaycan media vasitələrinə qarşı əlaqələndirilmiş saxta müəllif hüquqları (copyright) şikayətləri rəqəmsal senzura alətinə çevrilib.
CPJ bəyanatında vurğulayıb ki, AbzasMedia, Toplum TV və Azadlıq Qəzetinin “Facebook” və “Instagram” hesablarının bloklanması regionda genişlənən təhlükəli bir tendensiyanın tərkib hissəsidir:
“Bu hücumlar qonşu Qazaxıstan, Özbəkistan və Gürcüstanda mətbuata qarşı yönəlmiş bənzər saxta müəllif hüquqları şikayətləri dalğasını təkrar edir. Bu, avtoritar rejimlərin məzmun qaydalarından senzura aləti kimi istifadə etdiyini və sosial media platformalarının buna qarşı təcili tədbir görməli olduğunu bir daha sübut edir”.
Bəyanatlar AbzasMedia, Meydan TV, Toplum TV, Azadlıq Qəzeti, HamamTimes, Azərbaycan Saatı, Qəzetçi və Mikroskop Media daxil olmaqla 8 müstəqil media qurumunun birgə yayımladığı açıqlamadan sonra verilib..
Media qurumları bildirirlər ki, şikayətlər eyni e-poçt ünvanları, eyni şəxslər və oxşar metodlarla mütəşəkkil qaydada göndərilir, lakin heç bir mülkiyyət sübutu təqdim olunmur:
“Bu şikayətlər təcrid olunmuş müəllif hüquqları mübahisəsi deyil, İlham Əliyev rejimi tərəfindən müstəqil Azərbaycan mediasını susdurmaq üçün həyata keçirilən geniş fəaliyyətin bir hissəsidir. Jurnalistlərin həbs olunması, təqib edilməsi və sürgünə məcbur edilməsindən sonra, indi də sürgündəki jurnalistlərin auditoriyaya çıxışını təmin edən platformalar təzyiq altına düşür”.
Sürgündə olan Media Şəbəkəsi (NEMO) də sosial şəbəkələrin nəzarət mexanizmlərinin avtoritar rejimlərin əlində alətə çevrilməsinə qarşı çağırış edərək prosesə dərhal müdaxilə olunmasını tələb edib:
“Rəqəmsal platformalar öz sistemlərinin bu səsləri susdurmaq üçün alətə çevrilməməsini təmin etmək məsuliyyəti daşıyır. Bu problemi həll etməyin vaxtı sabah və ya bir neçə ay sonra deyil, indidir”.
Avqustun 25-də Meta şirkəti müəllif hüquqları ilə bağlı şikayətlərdən sonra mühacirətdə fəaliyyət göstərən müstəqil media qurumları AbzasMedia və Toplum TV-nin “Instagram” səhifələrini bloklayıb. Media qurumları isə yayımladıqları kontentlərə istinad etdiklərini, bunun arxasında Azərbaycan hakimiyyətinin olduğunu deyiblər.