Asəf Əhmədovun apellyasiya şikayəti təmin edilməyib

Asəf Əhmədov. Foto: şəxsi Facebook səhifəsi

“QHT işi” üzrə 8 illik həbs cəzası almış ictimai fəal Asəf Əhmədovun apellyasiya şikayətinə sentyabrın 1-də Gəncə Apellyasiya Məhkəməsində baxılıb.

Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmədə müdafiə tərəfinin diqqət çəkdiyi əsas məqamlardan biri Əhmədovun təqsirləndirildiyi maddələrdən biri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatması olub. Məhkəmə həmin maddə üzrə də birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Asəf Əhmədov iyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin ilin aprelində Asəf Əhmədov qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bağlı başlanmış və ictimaiyyətdə “QHT işi” adlandırılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasi işlərAsəf Əhmədovun apellyasiya şikayəti təmin edilməyib