“Protect Defenders”: “Azərbaycanda müdafiəçilər mühasirədə”

İllüstrasiya AI ilə hazırlanıb

“Protect Defenders” Beynəlxalq İnsan Haqları Təşkilatı Azərbaycanda həbsdə olan qadın jurnalistlərin zorakılıq, pis rəftar və tibbi yardıma çıxışla bağlı üzləşdikləri problemlərə diqqət çəkən məqalə yayıb.

“Azərbaycanda müdafiəçilər mühasirədə” (“Defenders Under Siege in Azerbaijan”) adlanan məqalədə Aytac Tapdıq (Əhmədova), Aysel Ümüdova və Xəyalə Ağayevanın 2026-cı ilin fevralında Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldıqları bildirilir.

“Protect Defenders” qeyd edir ki, hadisə jurnalistlərin məhkəmə iclasında şüşə qəfəsdə saxlanılmalarına etirazından bir neçə gün sonra baş verib və bunu koordinasiyalı hədələmə aktı kimi qiymətləndirmək olar.

Təşkilatın məlumatına görə, jurnalistlər fiziki zorakılığa və psixoloji təzyiqə məruz qalıblar, onlardan ikisi xəsarət alıb, jurnalistlərdən biri isə təcridxananın yüksək vəzifəli əməkdaşı tərəfindən seksual zorakılıqla hədələndiyini bildirib.

“Protect Defenders” jurnalistlərin şikayətlərinin effektiv şəkildə araşdırılmadığını da vurğulayır:

“Etibarlı araşdırma aparmaq əvəzinə, jurnalistlər daha sonra çağırılaraq ictimai çıxışlarına diqqət etmələri barədə xəbərdar ediliblər. Onların rəsmi şikayətləri və müşahidə kameralarının görüntülərinin təqdim olunması ilə bağlı müraciətləri isə, əsasən, cavabsız qalıb”.

Məqalədə həbsdə olan qadın jurnalistlərin tibbi yardıma çıxışı ilə bağlı problemlərə də toxunulur. P“Protect Defenders” zəruri tibbi yardımın göstərilməməsinin artıq azadlıqdan məhrum edilmiş hüquq müdafiəçilərinə qarşı əlavə təzyiq vasitəsinə çevrildiyini bildirir.

“Təxminən 19 aydır həbsdə olan Aytac Əhmədovaya pisləşən tənəffüs problemi ilə bağlı ixtisaslaşmış tibbi yardım göstərilməyib. Ülviyyə Əli (Quliyeva) isə əvvəldən mövcud olan səhhət problemi ilə bağlı, o cümlədən son vaxtlar yaranmış təcili məsələ ilə əlaqədar tibbi görüntüləmə müayinələrindən keçmək üçün aylardır icazə ala bilmir. “Abzas Media” işi üzrə səkkiz il həbs cəzası alan Nərgiz Absalamova isə xroniki tənəffüs problemləri ilə bağlı MRT müayinəsindən keçmək üçün altı aydan çoxdur müraciət edir, lakin nəticə əldə edə bilməyib. Bu hallar birlikdə onu göstərir ki, əsas tibbi yardımın göstərilməməsi artıq azadlığından məhrum edilmiş müdafiəçilərə təzyiqin əlavə bir vasitəsinə çevrilib”.

Nə baş verib?

Meydan TV fevralın 13-də “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərin məhkəmədə şüşə qəfəsdə saxlanılmalarına etiraz etdiklərini yazıb. Bir neçə gün sonra onlar barədə akt tərtib olunub.

Fevralın 18-də Aytac Tapdıq, Aysel Ümüdova və Xəyalə Ağayevanın Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldıqları bildirilib. Jurnalistlər və yaxınları fiziki güc, təhqir və təhdidlərdən danışıb. Penitensiar Xidmət sonradan zorakılıq iddialarını təkzib edib. Fevralın 25-də Ombudsman Aparatının nümayəndələri jurnalistlərlə görüşərək onların şikayətlərini dinləyiblər.

Həbsdə olan jurnalistlər tibbi yardıma çıxışla bağlı da dəfələrlə şikayət ediblər. Aytac Tapdıq tənəffüs problemləri ilə bağlı ixtisaslaşmış tibbi yardıma ehtiyacı olduğunu, Ülviyyə Əli isə MRT və KT müayinələrindən keçmək üçün müraciətlərinin nəticəsiz qaldığını bildirib.

“Abzas Media” jurnalisti Nərgiz Absalamovanın yaxınları da onun xroniki tənəffüs problemlərinin həbs şəraitində ağırlaşdığını və uzun müddətdir MRT müayinəsindən keçə bilmədiyini deyiblər.

Ana səhifəXəbərlər“Protect Defenders”: “Azərbaycanda müdafiəçilər mühasirədə”