Qənimət Zahid: “Əli Kərimlidən həyat yoldaşı vasitəsilə qisas almaq istəyirlər”

Əli Kərimli, Foto: Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin ailəsinə qarşı təxribat hazırlandığı iddia olunur.

“Azadlıq Qəzeti”nin baş redaktoru Qənimət Zahid Meydan TV-yə bildirib ki, söhbət Əli Kərimlinin həyat yoldaşı Samara Seyidovaya hər hansı təxribat törədiləcəyindən gedir. O, məlumatı hakimiyyətə yaxın etibarlı mənbədən aldığını deyir.

Əli Kərimli 2025-ci il noyabrın 29-da saxlanılıb. Dekabrın 1-də Səbail Rayon Məhkəməsi onun və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib. Onlar hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. İstintaq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ilə əlaqələndirilir.

“Bu yolla Əli Kərimlidən qisas alırlar”

Qənimət Zahid hesab edir ki, Samara Seyidova ilə bağlı mümkün addım Əli Kərimliyə təzyiq göstərmək məqsədi daşıyır:

“Hakimiyyət əvvəllər müxtəlif müxalif şəxslərə qarşı bu cür üsullara əl atıb. Müxalifətçiləri döyürdülər, sonra xuliqanlıq maddəsi ilə həbs edirdilər. İndi də Samara xanımı hansısa yolla mübahisəyə çəkmək istəyirlər. Bununla da onu inzibati məsuliyyətə cəlb etməyi düşünürlər. Təxminən belə bir əməliyyat planlaşdırırlar”.

Qənimət Zahid iddia edir ki, belə bir addımın hansısa dövlət qurumu tərəfindən müstəqil şəkildə planlaşdırılması mümkün deyil:

“Əli Kərimli partiya sədridir və ona qarşı hər hansı addımla bağlı özbaşına qərar verilə bilməz. Əlbəttə ki, bu əməliyyatdan İlhamın [Əliyevin] da xəbəri var və onun göstərişi ilə həyata keçirilir”.

Əli Kərimlinin həbsi


Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın 29-da saxlanılıb, evlərində axtarış aparılıb. Dekabrın 1-də məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.

Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – hakimiyyəti zorla ələ keçirməyə, hakimiyyəti zorla saxlamağa və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərlə bağlı ittiham irəli sürülüb.

İş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində aparılan cinayət işi ilə əlaqələndirilir. Əli Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları rədd edib.

AXCP Əli Kərimli, Məmməd İbrahim və digər partiya üzvlərinə qarşı cinayət işlərinin siyasi motivli olduğunu bildirir.

Beynəlxalq insan hüquqları təşkilatları da Əli Kərimlinin həbsini tənqid ediblər. Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına və fəaliyyətlərinə görə həbs olunması ilə bağlı iddiaları rədd edir və cinayət məsuliyyətinə cəlb edilən şəxslərin konkret əməllərə görə təqib olunduqlarını bildirir.

Hazırda Əli Kərimli də daxil olmaqla AXCP-nin 20-dən çox üzvü və fəalının həbsdə olduğu bildirilir. Partiya onların siyasi motivlərlə təqib edildiyini bəyan edir.

Ana səhifəXəbərlərQənimət Zahid: “Əli Kərimlidən həyat yoldaşı vasitəsilə qisas almaq istəyirlər”