Azərbaycanda İlham Əliyev və ailəsinə məxsus malikanələr

2003-cü ildən Azərbaycana rəhbərlik edən İlham Əliyevin və ailə üzvlərinin adı bu günə qədər onlarla müxtəlif jurnalist araşdırmalarında yer alıb. Onlar müxtəlif korrupsiya əməllərində ittiham olunublar. Dünyanın müxtəlif şəhərlərində Əliyevlər ailəsinə məxsus mülklərlə bağlı araşdırmalar yayımlanıb. Hakimiyyəti atasından təhvil alan İlham Əliyevin övladları Londondan Dubayadək bir çox bahalı malikanənin sahibidir.

Bəs xaricdə bu qədər mülkə yiyələnən hakim ailənin Azərbaycanda yaşadıqları villalar və istirahət etdikləri bağ evləri hansılardır?

Azərbaycan hökuməti illərdir araşdırmaçı jurnalistlərə müxtəlif çətinliklər yaradır. Onların əslində dünyanın çox ölkəsində ictimaiyyətə açıq olan xeyli informasiyaya girişi məhdudlaşdırılıb. Hətta bir ildən çoxdur ki, Azərbaycanın bəzi dövlət qurumlarının rəsmi internet resurslarına da ölkə xaricindən giriş məhdudlaşdırılıb. Təsadüfi deyil ki, ölkə xaricində belə informasiyaları məhdudlaşdıra bilməyən Əliyevlər hökuməti, ölkə daxilində ciddi informasiya blokadası yaradır. 

Lakin, Meydan TV olaraq, illər ərzində, müxtəlif mənbələrdən topladığımız araşdırmalar nəticəsində Əliyevlər ailəsinin ölkənin bütün bölgələrinə səpələnmiş villalarının, mülklərinin yerlərini müəyyən edə bildik. Həmin mülklərin reyestr çıxarışlarına çatmağın mümkünsüzlüyünü nəzərə alaraq, yerli sakinlərdən və mənbələrimizdən aldığımız bilgilərlə hakim ailəyə məxsus bu evlərin xəritəsini tərtib etməyi bacardıq. 

Həmin mülklərin bəzilərinin tikintisi zamanı baş verən qanunsuzluqlarla bağlı zaman-zaman dövri mətbuatda da yazılar dərc olunub. Bəzi mülklərin tikintisində işləyən fəhlələrin əmək haqlarının ödənişində problemlər yaranıb. Hətta Əliyevlər ailəsi üçün tikilmiş mülkə görə Qəbələnin Küsnət kəndinin sakinləri köçürülüb, Xoşbulaq kəndində meşə zolağına giriş məhdudlaşdırılıb, Qəbələnin ən gözəl məkanlarından olan Nohur gölünün ətrafında turistlərin hərəkəti məhdudlaşdırılıb.

Mülklərin bəziləri strateji yerlərdə, bəziləri qoruq ərazilərində tikilib. Ölkə başçısı və ailəsi üçün ölkənin mənzərəli yerləri zəbt edilib. 

İlham Əliyevə görə boşaldılan kənd

Hazırda həbsdə olan araşdırmaçı jurnalist Sevinc Vaqifqızı hələ 2015-ci ildə Meydan TV-də yayımladığı video reportajında Qəbələnin Küsnət kəndinin iki sakinə görə boşaldıldığını sübuta yetirib. Bu kəndin iki sakini: Ölkə başçısı İlham Əliyev və onun qızı Leyla Əliyeva idi. Küsnət kəndində prezidentin iqamətgahı yerləşir.

İqamətgahın tikintisi 2011-ci ildən başlayıb. Həmin vaxt kənddə 16 ailə yaşayıb. Sovet dövründə kənddən çıxmayan sakinlər 2012-ci ildə kəndi tərk ediblər. Laza kənd sakinlərinin dediyinə görə onlara kompensasiya verilib və Qəbələdə yaşayırlar.

“Xutor Sarayı”na görə köçürülən yüzlərlə ailə

2011-ci ildə Prezident İlham Əliyev üçün daha bir saray Bakı şəhərində tikilməyə başlanılır. Ziya Bünyadov prospektinin “Xutor”dan keçən hissəsində tikinti zamanı xeyli sakin köçürülməyə məcbur edilir. Ərazidə 16 mərtəbəli binada yaşayan təxminən 120-dən çox ailə köçürülüb və həmin bina sökülüb.  Dövri mətbuatda həmin sakinlərin etirazlarına şahid olmaq olur. 

Əkin yerləri əllərindən alınan Xoşbulaq sakinləri və meşə ərazisini zəbt etmiş hakim ailə

2021-ci il mayın 24-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirib. Kənd sakinləri sosial durumlarının ağırlığından şikayət edib, kəndin əkin və otlaq sahələrinin rüşvət müqabilində varlı şəxslərin istifadəsinə verildiyini bildirib. Lakin, Xoşbulaq kəndinin ən görkəmli yerində Prezident İlham Əliyevin oğlu üçün tikilmiş malikanə yerləşir. Xoşbulağın yeganə meşəlik ərazisi, dövlət başçısının ailəsi üçün qapadılıb. 

Bir hissəsi ictimaiyyət üçün qapadılan Nohur gölü malikanəsi

Nohur gölü mənzərəli ictimai istirahət məkanı kimi geniş tanınır. Lakin göl sahilinin bir hissəsinə faktiki olaraq giriş məhdudlaşdırılıb, çünki həmin ərazidə Prezident Əliyevə məxsus iqamətgah yerləşir. Bu, göl kənarında yerləşən yeganə şəxsi evdir və təhlükəsizlik qüvvələri həm yerli sakinlərin, həm də turistlərin həmin hissəyə daxil olmasına və foto çəkməsinə icazə vermir.

Dənizkənarını zəbt edən dəbdəbəli yaşayış kompleksi 

Bilgəhdə 15 hektarlıq ərazidə Prezident İlham Əliyev və onun ailəsinə məxsus dəbdəbəli yaşayış kompleksi yerləşir. Kompleksdə prezidentin üç övladının hər biri üçün ayrıca villalar və şəxsi üzgüçülük hovuzları var. Kompleksin tikintisi təxminən səkkiz il əvvəl başa çatdırılıb. Bildirilir ki, onun inşasına milyonlarla dollar xərclənib, Almaniyadan ixtisaslaşmış mühəndislər və avadanlıqlar gətirilib, tikinti materiallarının böyük hissəsi isə xaricdən idxal olunub.

Kəmaləddin Heydərovdan hədiyyə

Kəmaləddin Heydərov fövqəladə hallar naziri olduğu dövrdə Qəbələnin Qəmərvan kəndində iki hektardan çox ərazini əhatə edən dəbdəbəli bir iqamətgah inşa etdirib. Daha sonra həmin iqamətgahı dövlət başçısı İlham Əliyevə hədiyyə edib. Sarayı xatırladan bu malikanədə tennis kortu, süni göl və Bum çayına açılan mənzərə var. Ərazi daim mühafizə olunur və heç kimin iqamətgaha yaxınlaşmasına icazə verilmir.

Jurnalistlərimiz həbsdə olsa da araşdırmalarımız davam edəcək

Bundan əlavə Meydan TV Əliyevlər ailəsinə məxsus 10-dan çox malikanənin yerini müəyyən edə bilib. Malikanələr Azərbaycanın müxtəlif bölgələrinə səpələnib. Prezidentə məxsus bu iqamətgahlardan yalnız biri rəsmi xarakter daşıyır. Digər yaşayış kompleksləri Əliyevlər ailəsinin şəxsi istifadəsi üçün nəzərdə tutulub. Prezident ailəsinin dünyanın və Azərbaycanın müxtəlif yerlərində bu qədər əmlaka sahib olması həm də ölkədə araşdırmaçı jurnalistlərin illərlə ortaya çıxardığı korrupsiya hallarını təsdiq edir. 2023-cü ildə başlayan jurnalistlərin həbsi də bu araşdırmaların qarşısını almaq məqsədi daşıyırdı. Hazırda Azərbaycanda azad jurnalistlər həbsdə olsa da, Meydan TV peyk görüntüləri vasitəsilə Əliyevlər ailəsinin mülklərini araşdıra bilib. Jurnalistlərimiz həbsdə olsa da araşdırmalarımız davam edəcək.

Araşdırma Urban Journalism Network-un dəstəyi ilə vizuallaşdırılıb. Peyk görüntüləri isə Vertical52-nin dəstəyi ilə əldə edilib.

Ana səhifəXəbərlərAzərbaycanda İlham Əliyev və ailəsinə məxsus malikanələr