Son günlər Azərbaycandan kənarda fəaliyyət göstərən bir sıra müstəqil media qurumlarının və ayrı-ayrı jurnalistlərin sosial media hesabları ardıcıl rəqəmsal hücumların və müəllif hüquqları ilə bağlı çoxsaylı şikayətlərin hədəfinə çevrilib.
“Meta” şirkəti müəllif hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərdən sonra mühacirətdə fəaliyyət göstərən müstəqil media qurumları “Abzas Media” və “Toplum TV”, “Instagram” səhifələrini bloklayıb. Bundan əvvəl isə “Azadlıq Qəzeti”nin “Facebook” və “Instagram”, “Azərbaycan Saatı”nın isə “Instagram” səhifələri eyni qaydada bloklanıb. “Meydan TV” və “HamamTimes” da müxtəlif vaxtlarda analoji müəllif hüquqları şikayətləri ilə üzləşib.
Biz, Azərbaycan media qurumları – “Abzas Media”, “Meydan TV”, “Toplum TV”, “Azadlıq Qəzeti”, “Qəzetçi” “HamamTimes”, “Azərbaycan Saatı”, Mikroskop Media – son günlər sosial media hesablarımıza qarşı edilən çoxsaylı müəllif hüquqları şikayətlərini müstəqil medianı susdurmağa yönəlmiş daha geniş təzyiq və repressiya kampaniyasının davamı kimi qiymətləndiririk.
Bu media qurumları uzun müddətdir müxtəlif formalarda təzyiqlərlə üzləşib. Redaksiyalarımızın jurnalistləri və əməkdaşları həbs olunub, cinayət təqibinə məruz qalıb, ölkədən getməyə məcbur edilib, saytlarımız bloklanıb və fəaliyyət imkanlarımız məhdudlaşdırılıb. Hazırda Azərbaycanda adıçəkilən media qurumlarının əməkdaşları da daxil olmaqla 25-dən çox jurnalist həbsdədir.
Hesab edirik ki, müstəqil media nümayəndələrinə qarşı baş verən bu son təzyiq metodu ayrı-ayrı təsadüflər zənciri deyil, birbaşa Azərbaycan hökuməti tərəfindən 2023-cü ildən bəri başladılan repressiya dalğasının davamıdır. Müstəqil medianın ölkə daxilində həbslər və repressiyalar vasitəsilə sıxışdırılmasından sonra onun sosial media platformalarındakı fəaliyyətinin də hədəfə alınması eyni məqsədə – tənqidi və müstəqil jurnalistikanın səsini susdurmağa xidmət edir.
Son günlər müxtəlif vaxtlarda yayımlanmış, bir-biri ilə əlaqəsi olmayan və fərqli mənbələrdən əldə edilmiş jurnalist materiallarına qarşı ardıcıl müəllif hüquqları şikayətləri təqdim olunur.
Şikayətçilərin iddia etdikləri materiallar üzərində isə müəllif hüququna sahib olduqlarını göstərən heç bir sübut təqdim edilmir. Buna baxmayaraq, sosial media platformalarının avtomatlaşdırılmış sistemləri bu şikayətləri qəbul edir, jurnalist materiallarını silir və çoxsaylı şikayətlərin yığılması nəticəsində bütöv media hesabları deaktiv olunur.
Toplanan məlumatların araşdırılması nəticəsində müəllif hüquqları ilə bağlı şikayətlərin bir hissəsinin eyni şəxs tərəfindən eyni elektron poçt ünvanlarından göndərildiyi ortaya çıxıb. Fərqli adlardan təqdim olunan digər şikayətlərdə isə göstərilən məlumatlar, istifadə olunan elektron poçt ünvanları, detallar və yanaşma eyni sxem üzrə təkrarlanır.
Bu hal, eləcə də əlaqəsi olmayan materiallara qarşı eyni üsulla və ardıcıl şəkildə şikayətlərin təqdim olunması, hücumların koordinasiyalı xarakter daşıması onun məqsədyönlü şəkildə eyni mərkəzdən edildiyini açıq şəkildə ortaya qoyur.
Aydındır ki, müəllif hüquqlarının qorunması sistemi burada sadəcə hüquqi mexanizm kimi deyil, müstəqil medianın auditoriyaya çıxışını məhdudlaşdırmaq və onun fəaliyyətini iflic etmək üçün istifadə olunur. “Hüquq” pərdəsi altında edilən bu təzyiq müstəqil medianın fəaliyyətinə, jurnalistlərin auditoriyaya çıxışına birbaşa müdaxilədir. Bu, eyni zamanda ölkə vətəndaşların müstəqil və alternativ xəbər alma imkanlarını əllərindən almağa, onların bu platformalar üzərindən ifadə azadlıqlarını həyata keçirmək hüquqlarını məhdudlaşdırmağa yönəlib.
Biz Meta və digər sosial media platformalarını bu hallara ayrı-ayrı texniki şikayətlər toplusu kimi deyil, mümkün koordinasiyalı hücum kimi yanaşmağa çağırırıq. Platformalar şikayətlərin mənbəyini, eyni şəxslərin və elektron poçt ünvanlarının təkrar istifadə olunmasını, şikayətçilərin iddia etdikləri materiallar üzərində həqiqətən müəllif hüququna sahib olub-olmadığını və şikayət mexanizmlərindən məqsədli şəkildə sui-istifadə edilib-edilmədiyini araşdırmalıdır. Meta və digər sosial media platformalarına beynəlxalq hüquq-müdafiə və media azadlığı təşkilatlarının Azərbaycanla bağlı bəyanat və hesabatlarını nəzərə almalarını tövsiyə edirik.
Eyni zamanda, Meta deaktiv edilmiş media hesablarını təcili şəkildə yenidən nəzərdən keçirməli və əsassız şikayətlər nəticəsində bloklanmış səhifələri bərpa etməlidir.
Müstəqil media qurumlarına qarşı koordinasiyalı şikayət kampaniyalarının platformaların avtomatlaşdırılmış moderasiya mexanizmlərindən istifadə etməklə senzura vasitəsinə çevrilməsinin qarşısını almaq üçün daha effektiv müdafiə mexanizmləri yaradılmalıdır.
Jurnalistləri həbs etməklə, redaksiyaları ölkədən çıxmağa məcbur etməklə, saytları bloklamaqla və indi də sosial media hesablarını əsassız müəllif hüquqları şikayətləri ilə sıradan çıxarmaqla müstəqil medianı susdurmaq cəhdləri qəbuledilməzdir.
Azərbaycan hökumətindən müstəqil medianı susdurmağa yönəlmiş repressiya siyasətinə son qoymağı tələb edirik. Hakimiyyət jurnalistlərin həbsi, cinayət təqibi, saytların bloklanması, redaksiyaların fəaliyyət imkanlarının məhdudlaşdırılması və rəqəmsal platformalardakı media hesablarının sıradan çıxarılması ilə nəticələnən bütün təzyiqləri dərhal dayandırmalıdır. Həbsdə olan jurnalistlər azad edilməli, müstəqil media qurumlarının sərbəst fəaliyyəti və auditoriyaya maneəsiz çıxışı təmin olunmalıdır. Dövlət media və ifadə azadlığını təhdid kimi deyil, demokratik cəmiyyətin əsas şərti kimi qəbul etməli və bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməlidir.
Bir daha xatırladırıq ki, müstəqil medianın fəaliyyət göstərməsi yalnız jurnalistlərin hüquqları məsələsi deyil, cəmiyyətin məlumat almaq, fərqli mövqelərlə tanış olmaq və hakimiyyəti ictimai nəzarətdə saxlamağın ən vacib elemetidir.
Bu səbəbdən beynəlxalq media azadlığı və rəqəmsal hüquqlar təşkilatlarını da bu halları diqqətlə izləməyə və sosial media platformalarından məsuliyyətli, şəffaf və təcili reaksiya tələb etməyə çağırırıq.
Sonda isə bildiririk ki, “Əkinçi” ilə başlayan müstəqil Azərbaycan mətbuatı tarix boyu təzyiqlər və qadağalarla üzləşib. Bu gün eyni cəhdlər rəqəmsal məkanda davam edir. Ancaq jurnalistləri həbs etməklə, saytları bloklamaqla, ən müxtəlif metodlarla təzyiq etməklə söz azadlığını boğmaq cəhdləri dəfələrlə uğursuz olub. Bu dəfə də sosial media hesablarını bağlamağa yönəlmiş bu kimi hücumlar uğursuz olacaq. Biz müxtəlif metodlardan istifadə etməklə Azərbaycan vətəndaşlarına layiq olduqları həqiqətləri çatdırmağa davam edəcəyik.
İmzalayan media qurumları:
Abzas Media
Meydan TV
Toplum TV
Azadlıq qəzeti
HamamTimes
Azərbaycan Saatı
Qəzetçi
Mikroskop Media