Vaxtaşırı müxtəlif xəstəliklərdən həyatını itirən əsgərlərlə bağlı xəbərlər yayılır. Rəsmi məlumatlar qeyri-döyüş şəraitində, xəstəlikdən ölən hərbçilərin sayının heç də az olmadığını göstərir.
2026-cı ilin əvvəlindən Azərbaycanda azı 38 hərbi qulluqçu həyatını itirib.
Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial media və kütləvi informasiya vasitələrinin monitorinqi əsasında hazırladığı statistikada bildirilir.
Məlumata görə, ölüm hallarının 3-ü yanvar, 4-ü fevral, 2-i mart, 5-i aprel, 6-ı may, 5-i iyun, 11-i iyul, 2-i isə avqust ayında qeydə alınıb.
Həyatını itirən hərbi qulluqçulardan 26-ı Müdafiə Nazirliyinin, 8-i Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub.
İlin əvvəlindən həyatını itirən hərbçilərdən 12-nin müxtəlif xəstəliklər, 7-nin avtomobil qəzaları, 7-nin isə bədbəxt hadisələr nəticəsində öldüyü bildirilir.
Beş hərbi qulluqçunun intihar etdiyi, bir nəfərin isə ehtiyatsızlıq nəticəsində həyatını itirdiyi qeyd olunur.
Daha 6 hərbi qulluqçunun ölüm səbəbi açıqlanmayıb.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci illə bağlı hesabatına əsasən, həmin il Azərbaycanda 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.
Müdafiə Nazirliyi və digər rəsmi qurumlar hərbi qulluqçular arasında qeydə alınan ölüm hallarının ümumi sayı ilə bağlı yekun statistika açıqlamırlar.
Ancaq ictimaiyyət üçün bu əsgərlərin adı və ölüm səbəbindən başqa heç nə açıqlanmır. Ölümlər statistikaya çevrilir. O əsgərlərin ailələri də sağlam şəkildə əsgərliyə yola saldıqları övladlarının niyə müalicəsi mümkün xəstəliklərdən öldüklərinin səbəbini öyrənə bilmirlər. Baxmayaraq ki, dövlət büdcəsindən ordunun təchizatı, təminatı, hərbçilərin sağlamlıq durumunun kontrolu üçün böyük məbləğlər ayrılır, hospitallar fəaliyyət göstərir.
Hərbçilərin sağlamlığı üçün ayrılan rəsmi vəsait barədə
Azərbaycanda hərbi qulluqçuların sağlamlığına dövlət büdcəsindən ümumilikdə nə qədər vəsait ayrıldığı ayrıca açıqlanmır. 2026-cı ildə Müdafiə Nazirliyinə 2,32 milyard manat vəsait nəzərdə tutulsa da, bunun nə qədərinin hərbi hospitallara, dərmanlara, tibbi avadanlığa və digər səhiyyə xərclərinə yönəldildiyi göstərilmir. Açıq satınalma məlumatlarına əsasən, Müdafiə Nazirliyi 2026-cı ildə dərman və digər tibbi vasitələrin alınması üçün ən azı 5,17 milyon manatlıq müqavilələr bağlayıb. Daxili Qoşunların xəstəxanaları üçün isə dövlət büdcəsində ayrıca 4,73 milyon manat nəzərdə tutulub. Buna görə də açıq məlumatlar hərbçilərin səhiyyəsinə çəkilən ümumi dövlət xərcini dəqiq hesablamağa imkan vermir.
Ən böyük sağlıq ocağı Müdafiə Nazirliyinin Klinik Hospitalı hesab olunur. Hospitalın əsas ərazisində 3, qarşı tərəfdə 4 korpus olmaqla ümumilikdə 24 şöbə fəaliyyət göstərir. Bundan başqa, Ağdamda Sarıcalı Hərbi Hospitalı, 230 saylı Gəncə Regional Hərbi Hospitalı (Şəmkir hospitalı bura tabedir) və 214 saylı Hadrut Hərbi Hospitalı da var. Bütün bu hospitallar xəstəliklərdən əziyyət çəkən əsgərləri qəbul edir, sonra təyinata uyğun olaraq əsas müalicə mərkəzinə – Bakıdakı Klinik Hospitalın şöbələrinə göndərir. Bu göndərişlərin asan və ucuz başa gəlmədiyi iddia olunur.
Uzun illər Klinik Hospitalın (bura “Papanin hospitalı” kimi tanınır – red.) rəhbər heyətində çalışmış, xəstəliyi olmayan əsgərlərin saxta yollarla hospitala gətirilməsində rol oynamış, hazırda da orada çalışan əməkdaşlardan biri Meydan TV-yə danışır ki, şöbələrin hamısında alver getsə də, ən çox xəstə qəbul edən infeksion və pulmonologiya (ağciyər xəstəlikləri) şöbələridir. Bundan başqa, Meydan TV adıçəkilən şöbələrdən birinin tibb bacısı ilə də əlaqə saxlaya bilib.
Məzuniyyətə çıxmaq istəyən əsgər necə xəstələnir?
Hər şöbənin xəstə tutumu 80 nəfərə qədərdir. Ancaq infeksion və pulmonologiya şöbələrinə müraciət edənlərin sayı daha çox olduğundan bəzi xəstələr başqa şöbələrə də yerləşdirilir. Bunu adının açıqlanmasından qorxan tibb bacısı deyir. Onun sözlərinə görə, xüsusilə soyuq aylarda pnevmoniya diaqnozu ilə gələnlər çoxluq təşkil edir. Bu səbəbdən də bəzən 80 nəfərlik şöbəyə daha artıq əsgər yerləşdirilir ki, onların əksəriyyətinı saxta diaqnoz qoyulub. Tibb bacısı deyir ki, pulmonologiyada yatan əsgərə məzuniyyət verildiyindən orada müalicə almaq da bahadır. Onun sözlərini digər əməkdaş da təsdiqləyir. O, əsasən hospital rəhbərliyi ilə çalışdığından hər şöbənin qiymətini, əlaqədar şəxsləri yaxşı bildiyini söyləyir:
“Əsgəri hərbi hissədən gətirdib pulmonologiyada 20 gün saxlamağın qiyməti 1200 manatdır. Mən burada sadəcə vasitəçi olduğum üçün cəmi 300 manat qazanıram. Ən çox saxta xəstə Gəncə və Hadrut hospitallarından gətirilir. O qədər “xəstə” gətirilir ki, çox vaxt yer olmur. Ona görə də, əsgər həqiqətən xəstələnəndə onu hara aparacaqlarını bilmirlər. Çünki Bakıdan region hospitallarına göstəriş verilir ki, xəstələri bir-birlərinə yönləndirsinlər, mərkəzə göndərməsinlər”.
Adının açıqlanmasını istəməyən mənbə bildirir ki, bəzən bir ayda 4-5 əsgəri hospitala gətizdirə bilib:
“Sonuncu dəfə gətizdirdiyim əsgərlərdən biri Beyləqanda xidmət edir. Hərbi hissənin göndərişi ilə onu Sarıcalı Hərbi Hospitalına gətizdirdik. Hospitalın komandiri Qoşqar doktorla əsgərin atası arasında mübahisə yarandığından pulmonologiyaya təyinat vermədi, yönləndirdik polkovnik-leytenant Mahir Süleymanlının rəhbərlik etdiyi LOR (burun-boğaz-qulaq) şöbəsinə. Əsgərin atası Dövlət Sərhəd Xidmətində polkovnikdir [şəxsin adı Meydan TV-yə məlumdur, əsgərin təhlükəsizliyi səbəbindən açıqlanmır – red.]”.
Klinik Hospitalın əməkdaşının sözlərinə görə, haqqında danışdığı əsgərin 20 günlük “müalicəsi” üçün 800 manat, sonradan müddəti daha 10 gün artırmaq üçün 600 manat ödənilib. Beləliklə, heç bir xəstəliyi olmayan polkovnikin oğlu bir ay hospitalda dincəlib.
“Son bir ayda dermatologiya şöbəsinə 4 əsgər gətizdirmişik. Bu şöbədə yatmaları üçün hər biri 800 manat ödəyib”, – deyən mənbənin sözlərinə görə, ona bu iş üçün cəmi 300 manat ödənib. Bütün məbləğlər şöbə rəislərinə çatır, onlar da yuxarı instansiyaları razı salır:
“Dermatologiya şöbəsinin rəisi polkovnik Elçin Şadlinskidir. Əslən qazaxlıdır, bir qardaşı da prokurorluqda işləyir, arxası möhkəmdir. Şöbədə onun pul yığanı kapitan Oqtay həkimdir”.
Mənbə hesab edir ki, “balıq başdan iylənər”, hər şeyin günahkarı vəzifəlilərdir:
“Heç bir cəza mexanizmi yoxdur. Hərdən “yuxarı”ya hesab çatmayanda hospitalın rəhbərliyini incidirlər, vəssalam. Hospitalın komandiri Elxan həkimi, komissiyanın sədrini də tutub-buraxdılar. Heç nə təsir etmir. Çünki hamı bilir ki, bu həbslərə səbəb “yuxarı”ya hesabın vaxtında çatmamasıdır. Aşağı ətrafları müayinə edən doppler həkimi polkovnik Vüqar Həsənov var, heç kimdən çəkinmir. Açıq alver edən həkimlərdəndir”.
“214 saylı Hadrut Hərbi Hospitalının komandiri polkovnik Mirağa müəllimin də gözünü qan örtüb, bəzən xəstə adıyla hətta sanitarla da əsgər göndərir. Sözsüz ki, o əsgərlərdən alınan məbləğ yalnız Klinik Hospitalda yerləşdirmək üçündür, müalicənin xərci başqadır”, – əməkdaş vurğulayır.
Bir neçə xəstə üçün bir iynə
Klinik Hospitalın ən işlək şöbəsi hesab edilən pulmonologiyada Teymur Cəfərov adlı polkovnik-leytenant rəhbərlik edir. Mənbə deyir ki, onun da pulyığanı mayor Camal həkimdir. Adının açıqlanmasını istəməyən, işini itirməkdən qorxan tibb bacısı deyir ki, qışda pnevmoniya [ağciyərlərdə yaranan bakterial, virus və ya göbələk mənşəli iltihab] diaqnozu ilə gələn əsgərlər çox olur. Çox vaxt pullu “xəstə”lərin əlindən pulmonologiyada yer tapılmır, onlar da müalicəni infeksiya şöbəsində götürürlər:
“Şöbənin baş tibb bacısı Gülbən adlı qadındır. Hər gün zənbillərlə dərman gətirilir şöbəyə, 10 dəqiqə sonra hamısı yoxa çıxır. Dəfələrlə şkafları gəzmişik görək dərmanları hara yerləşdirib, tapmamışıq. Gülbən imkansız əsgərlər üçün ayrıca iynə vermir. Tibb bacıları məcbur olub eyni şprislə bir neçə əsgərə iynə vurur. İnqalyasiya aparatı bir xəstənin ağzından çıxarılıb digərinə verilir”.
Tibb bacısı deyir ki, heç kim işini itirmək qorxusundan bu məsələyə etiraz etmir. Eyni hal infeksion xəstəliklər şöbəsində də var:
“Şöbələrin həkimləri xəstələrə diaqnoz qoyub resept yazır. O dərmanların hamısı, hətta ozon belə əsgərə pulla satılır. Pulu olmayana isə sistem qoşub natrium-xlor vururlər, vəssalam. Reseptdə yazılan dərman preparatları da istifadə olunmuş kimi silinir, satışa saxlanılır”.
İmkansızlıqdan ölənlər
Mənbə deyir ki, pnevmoniya diaqnozu ilə gələn əsgərlər arasında ölüm halları olur. Xüsusilə gec gətirilən xəstələri xilas etmək çətinləşir:
“Klinika rəhbərliyinin təlimatına əsasən regionlardan xəstəni göndərməməyə çalışırlar. Xəstə yaxınları xəbər tutub etiraz edəndə isə nəqliyyat çatışmazlığı və s. kimi texniki problemləri əsas gətirirlər. Halbuki istəsələr, nəqliyyat problemi yaşamazlar”.
“Ölüm halı baş verəndə də vicdanla davranmırlar. Ölən əsgəri büküb bir neçə saat gözləyirlər. İlkin rəyi istədikləri kimi, özlərinə sərf edən şəkildə verirlər. Sonra müstəntiq çağırırlar. Müəyyən vaxt keçəndən sonra bəzi istintaq hərəkətlərini aparmaq çətinləşir. Buna görə də ölüm halı baş verən kimi hüquq-mühafizə orqanlarına xəbər vermirlər. Nə qədər belə ölümün səbəbi ört-basdır edilib”.
Tibb bacısı isə reanimasiya şöbəsindəki özbaşınalıqlardan danışıb:
“Hər kəs bilir ki, reanimasiyaya xəstə yaxını buraxılmamalıdır. Hospitalda binaya girmək üçün 2 yol var – piyada və maşın yolu. Həkim pul aldığı xəstənin yaxınlarını maşın yolundan içəri keçirir. Gedirsən ki, reanimasiyada hansısa kənar şəxs dayanıb xəstənin yanında. Başqa çarpayıda yatan imkansız əsgərin ağzına isə su tökən yoxdur. Çıxıb yalandan “əsgərlərimiz başımızın tacıdır” deyirlər. Papanin hospitalında isə pulsuz əsgəri heç adam yerinə qoymurlar”.
DSX hospitalında oxşar hal
Əsgərlərin hospitallara yerləşdirilməsinə yardım edən şəxs deyir ki, bu işi Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ilə də görüb:
“Klinik hospitaldan fərqli olaraq DSX-də əsgərlərə normal münasibət var. Ən azı yoluxdurma halı yoxdur, yazılan dərmanlar təyinatı üzrə istifadə olunur. Ancaq orada da xidmətdən yayınmaq istəyən imkanlı əsgərlər üçün şərait yaradılır. Məsələn, DSX-nin Qazax Diviziyasının “N saylı” hərbi hissəsinin komandiri, general-mayor Misir Əliyevdən əsgərlərə göndəriş almışıq. DSX Hospitalının travmatologiya şöbəsinin rəisi, komissiyanın sədri polkovnik Zaur İsmayılovla, LOR şöbəsinin rəisi Günay həkimlə, DSX-nin Sitalçay Çevik Hərəkət Dəstəsinin şöbə rəisi, tərbiyəvi işlər üzrə müavin, polkovnik-leytenant Tofiq Yusifovla, Şəmkirdəki “N saylı” hərbi hissənin komandiri Araz müəllimlə onlarla saxta iş görmüşük, onlarla sağlam əsgəri hospitallara yerləşdirmişik”.
Klinik Hospitalın hər iki əməkdaşı deyir ki, bunlar hələ hər kəsin gördüyü problemlərdir.