Ermənistan ordusunun zabiti yük maşını qəzası ilə bağlı həbs edilib

Erməni hərbçisi. Foto: Sputnik-Ermənistan

Ermənistanın Çəmbərək hərbi hissəsinin tabor qərargah rəisi yaxınlarda hərbi hissənin kənarında yeddi hərbçinin yük maşını tərəfindən vurulması və onlardan birinin həlak olması ilə nəticələnən insidentlə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib. Yük maşınının sürücüsü də həbs olunub.

OC Media yazır ki, hərbi vəzifəli şəxs Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən ölüm hallarına diqqətin artdığı bir vaxtda həbs edilib.

Avqust ayında dörd erməni hərbçi qeyri-döyüş şəraitində həlak olub. Yük maşını qəzasından başqa, bir nəfər həbs edilib və onun başqa bir hərbçini intihara sövq etməkdə şübhəli bilindiyi bildirilir. 22 yaşlı hərbçi Edqar Gevorqyan güllə yarası ilə ölü tapılıb və hakimiyyət orqanları onun qətlində şübhəli bilinən şəxsi saxlayıb. Adı açıqlanmayan 37 yaşlı müddətli həqiqi hərbi xidmət qulluqçusu öz təsərrüfatında ölü tapılıb, lakin Müdafiə Nazirliyinin məlumatına görə, onun ölüm şəraiti hərbi xidməti ilə bağlı olmayıb.

Avqustun 19-da Müdafiə Nazirliyi Ermənistanın Geğarkunik vilayətində yolda yük maşınının hərbçiləri vurması nəticəsində bir hərbçinin öldüyünü, bir neçəsinin isə yaralandığını bildirib. Nazirlik əvvəlcə hərbçilərin həmin vaxt niyə yolda olduqlarını və hadisənin hansı səbəbdən baş verdiyini açıqlamayıb. Lakin sosial şəbəkələrdə hərbçilərin komandir tərəfindən verilən cəza olaraq əleyhqaz taxıb yol boyunca qaçdıqlarına dair məlumatlar yayılıb. Nazirlik hadisənin bu versiyasını təsdiqləməyib.

Erməni hərbçi Suren Vardanyanın ölümünə səbəb olan yük maşını qəzası çərşənbə günü Vahan kəndi yaxınlığında baş verib. Vahan kəndinin rəhbəri Arşak Mkrtçyan Azadlıq Radiosuna bildirib ki, yük maşını hərbçiləri təxminən saat 21:00-da vurub və həmin vaxt hərbçilər “harasa qaçırmışlar”.

Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm hallarına artan diqqət fonunda Baş nazir Nikol Paşinyan orduda iki kadr dəyişikliyinin aparılması barədə göstəriş verib və intiharlar, eləcə də “nizamnamədənkənar münasibətlər” probleminə sistemli həll yolları hazırlamaq üçün idarələrarası işçi qrup yaradıb. Müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi işçi qrup çərşənbə günü ilk iclasını keçirib.

Nazirlik bildirib ki, qrupun müzakirəsi silahlı qüvvələr daxilində intiharların, qətllərin və nizamnamədənkənar münasibətlərin, o cümlədən “dedovşina” və zorakılıq hallarının səbəblərini və bunlara şərait yaradan amilləri araşdırıb. İştirakçılar komissiyada təmsil olunan müxtəlif idarə və dövlət qurumlarının müəyyən etdiyi problemlərin sahələr üzrə sistemləşdirilmiş siyahısını nəzərdən keçiriblər. İclasda həmçinin idarələrarası quruma daxil olan müxtəlif strukturlar arasında daha sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.

Papikyan bazar ertəsi son ölüm halları barədə danışaraq bildirib ki, statistika ordudakı ölüm hallarını qiymətləndirmək üçün düzgün yanaşma olmasa da, ordunun keçmiş illərə aid statistikası intiharların və oxşar halların illər ərzində ordudakı cinayət xarakterli əməllər səbəbindən davamlı şəkildə baş verdiyini göstərir. Papikyanın sözlərinə görə, keçmişdə belə ölüm hallarına görə Müdafiə Nazirliyi məsul tutulmurdu.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistan ordusunun zabiti yük maşını qəzası ilə bağlı həbs edilib