Paşinyan Koçaryanın həbsi ilə bağlı məlumat sızmasına görə polisi “kütləvi işdən çıxarmalar”la hədələyib

Nikol Paşinyan – Foto: Baş nazirin səhifəsi

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında keçmiş prezident Robert Koçaryana onun həbs olunacağı barədə məlumat verən “köstəbəklər” tapılmasa, Ermənistanın hüquq-mühafizə orqanlarında “kütləvi işdən çıxarmalar” olacağı ilə hədələyib.

“Bir gün əvvəl axşam Robert Koçaryana kim zəng edib və ona axtarış barədə məlumat verib?”, – Paşinyan cümə axşamı keçirilən mətbuat konfransında deyib.

OC Media yazır ki, çərşənbə axşamı Robert Koçaryan və oğlu Sedrak Koçaryan daha dörd nəfərlə birlikdə Robert Koçaryanın prezidentliyi dövründə irimiqyaslı korrupsiya əməllərində ittiham edilərək həbs olunublar.

“Mən binaya daxil olacağam. Qarşıma kim çıxsa, işdən çıxarılacaq”, – Paşinyan deyib.

Bu açıqlamalar Koçaryanın kiçik oğlu, müxalifətçi deputat Levon Koçaryanın evindən paylaşılan videodan sonra səsləndirilib. Videoda giriş qapısına tərəf çevrilmiş “Xoş gəlmisiniz, Milli Təhlükəsizlik Xidməti” yazısı görünür, qapının qarşısında isə maskalı polis əməkdaşı dayanıb.

Paşinyan eyni mətbuat konfransında əlavə edib ki, keçmiş prezidentlər Robert Koçryan və Serj Sarqsyan, eləcə də iş adamı və müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan yalnız pensiyaları və qanuni gəlirləri hesabına yaşamalıdırlar.

“Qanunsuz əldə etdikləri nə varsa, dənə-dənə, qəpik-qəpik Ermənistan Respublikasına və onun xalqına qaytarılmalıdır. Başqa yol yoxdur. Əgər bu baş verməsə, deməli, yeni inqilab olmalıdır”, – o deyib.

Bazar ertəsi hökumətinin beşillik proqramını parlamentə təqdim edərkən Paşinyan qanunsuz əldə olunmuş dövlət aktivlərinin geri qaytarılmasının hələ də hökumətin prioritetlərindən biri olduğunu bildirib.

Paşinyan həmçinin Kilsə və katolikos II Qareginlə münaqişəsinə toxunub. II Qaregin Paşinyan tərəfdarı olan bir yepiskopu vəzifəsinə bərpa etməkdən imtina etdiyi üçün daha altı din xadimi ilə birlikdə məhkəmə qarşısındadır.

Paşinyanın sözlərinə görə, II Qaregin “hərəkata başlamaq” potensialını qiymətləndirmək üçün müxtəlif yerlərə qruplar göndərib və bu təşəbbüs “Müqəddəs Mübarizə” hərəkatına bənzəyir.

2024-cü ildə “Vətən naminə Tavuş” adı ilə yaradılan “Müqəddəs Mübarizə” hərəkatı əvvəlcə Azərbaycanla sərhədin delimitasiyası prosesinə etiraz edirdi. Hərəkat tədricən Paşinyanın istefasını tələb edən silsilə hökumət əleyhinə etiraz aksiyalarına çevrildi.

Paşinyan Azərbaycanla enerji razılaşmaları və sərhədin delimitasiyasından danışıb

Brifinq çərçivəsində Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesi ilə bağlı sualları da cavablandırıb. O, deputatları əmin edib ki, anklav və eksklav məsələsi gərginlik mənbəyi olmaq əvəzinə, zamanla adi və rutin bir məsələyə çevriləcək. Azərbaycan və Ermənistan hələ də bir-birinin ərazisi daxilində yerləşən bir sıra qapalı torpaq sahələrinin statusu ilə bağlı razılığa gəlməyiblər.

Paşinyan Kərki kimi Azərbaycan toponimlərinin işlədilməsini müdafiə edərək bildirib ki, bundan imtina etmək münaqişəni daha da alovlandırar və ərazilərin işğalını legitimləşdirər.

Paşinyan Azərbaycanla elektrik enerjisi ilə bağlı danışıqlardan da danışıb və bildirib ki, Ermənistanın əlavə elektrik enerjisi mənbələrinə ehtiyacı olacaq və Azərbaycan bu təchizatçılardan biri ola bilər. Onun sözlərinə görə, süni intellekt sahəsinə yatırımlar elektrik enerjisinə tələbatı artıracaq.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun əvvəlində bəyan edib ki, ölkəsi Ermənistanı elektrik enerjisi ilə təmin edə bilər. Daha sonra Paşinyan Azərbaycan işçi qruplarının ilkin araşdırmalar aparmaq üçün artıq Ermənistana səfər etdiyini təsdiqləyib.

O həmçinin qeyd edib ki, əvvəllər Ermənistanda elektrik enerjisi artıqlığı olub, lakin indi süni intellekt infrastrukturunun genişlənməsi səbəbindən ölkədə yeni tələbat yarana bilər. Bu yeni şəraitə və gözləntilərə uyğunlaşmaq üçün Ermənistan başqa elektrik enerjisi mənbələri axtarmalıdır.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəDünyaPaşinyan Koçaryanın həbsi ilə bağlı məlumat sızmasına görə polisi “kütləvi işdən çıxarmalar”la hədələyib