Bəhruz Səmədov saxlanma şəraitinin səhhətini ağırlaşdırdığını deyir

Bəhruz Səmədov. Foto: Nurlan Libre

Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov saxlanma şəraitinin səhhətini ağırlaşdırdığını deyib.

Səmədov bu barədə yaxınlarına məlumat verib.

İctimai fəal Əmrah Təhməzovun “Facebook” səhifəsində yazdığı məlumata görə bir müddət əvvəl Bəhruz Səmədovu oftalmoloq müayinə edib:

“Bəhruz deyir ki, oftalmoloq həkim gəldi, gözü nəmləndirən damcı verdi, getdi. Mənə açıq dedi ki, belə şəraitdə saxlanılmaq sənə qəti olmaz və gözlərin çox zəifləyib, daima müayinə lazımdır.

“Qələmi iti olan adam özünə heç nə etməz”

Səmədov yaxınlarına deyib ki, dərisindəki “ekzema” xəstəliyi ilə bağlı həkim və kuratoru onu müayinə etməyə gəlib. Bəhruz Səmədov həkimlərə “bu gedişlə özümə xəsarət yetirəcəm” – deyib. Həkimin köməkçisi cavabında “sənin qələmin itidir, qələmi iti olan adam özünə heç nə etməz”, – deyə cavab verib.

Bəhruz Səmədov uzun müddətdir gözündə yaranan problemlə bağlı şikayət edir. O bildirir ki, saxlanıldığı otaqda televizor yoxdur, üstəlik sıx, qaranlıqdır və bu onun gözündəki problemin artmasına səbəb olur

Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədovu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları 2024-cü il avqustun 21-də həbs edib.

Səmədov 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə ittiham olunub. İstintaqın versiyasına görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

Ana səhifəXəbərlərBəhruz Səmədov saxlanma şəraitinin səhhətini ağırlaşdırdığını deyir