Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan tezliklə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi ərizə təqdim edəcək. Paşinyan bu addımı Ermənistanın Aİ-yə qoşulması ilə bağlı ümumxalq referendumu keçirməzdən əvvəl zəruri mərhələ kimi xarakterizə edib.
OC Media yazır ki, bazar ertəsi hökumətin beşillik proqramı ilə bağlı parlament müzakirələrində çıxış edən Paşinyan bildirib ki, rəsmi namizədlik müraciəti islahatların aydın yol xəritəsini müəyyənləşdirmək və üzvlük perspektivlərinin nə dərəcədə real olduğunu qiymətləndirmək üçün vacibdir.
Bu açıqlama parlamentin 2025-ci ilin martında qəbul etdiyi və Avropaya inteqrasiya prosesini rəsmən başladan əsas qanuna söykənir. Həmçinin Aİ ilə 2029-cu ilədək viza rejiminin liberallaşdırılması istiqamətində davam edən danışıqlara istinad olunur. Paşinyan əlavə edib ki, ərizənin təqdim edilməsi qismən Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) tərəfdaşların çağırışlarına cavabdır.
Ermənistanın diplomatik kursunun Aİ-yə doğru dəyişməsi Moskva ilə fikir ayrılıqlarının artması və Aİİ daxilində ticarət problemlərinin yaranması fonunda baş verir. Daha əvvəl Paşinyan Rusiyanın Ermənistan məhsullarının ixracına tətbiq etdiyi son qadağaları ittifaq üçün “böhran” adlandırmışdı. May ayında Aİİ-yə üzv bütün dövlətlərin liderləri birgə bəyanat yayaraq Ermənistana Aİİ-də qalmaq, yoxsa Aİ-yə üzvlük yolunu seçmək məsələsi ilə bağlı referendum keçirməyi təklif etmişdilər.
Paşinyan bu bəyanatları müsbət qarşılayıb və vurğulayıb ki, referendum yalnız hökumət Aİ-yə üzvlüyün müddəti və ilkin şərtləri barədə ictimaiyyətə konkret cavablar təqdim edə bildikdən sonra məna kəsb edəcək.
O, xarici siyasətdəki bu dönüşü anti-Rusiya mövqeyindən deyil, regionda dəyişən dinamikanın doğurduğu “təbii proses” kimi xarakterizə edib. Paşinyan qeyd edib ki, Moskva ənənəvi olaraq Ermənistanın təhlükəsizliyinin təminatçısı hesab edilsə də, 2021- 2023-cü illərdə baş verən hadisələr Rusiyanın öz təhlükəsizlik problemləri səbəbindən əməliyyat imkanlarının məhdud olduğunu üzə çıxardı. Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla sülh səylərini və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirməklə yanaşı, beynəlxalq tərəfdaşlıqlarını da fəal şəkildə şaxələndirir.
Aİİ rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, Aİ-yə üzvlük bu blokda üzvlüklə uyğun gəlmir və bu, Ermənistanın Rusiya bazarına çıxışını riskə ata bilər. Eyni zamanda, Ermənistan rəsmiləri Avropa standartlarının qəbulunun ölkə iqtisadiyyatını gücləndirəcəyini bildirirlər.
Bazar ertəsi Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) dondurulmuş üzvlük statusuna da toxunaraq, Rusiyanın rəhbərlik etdiyi bu təhlükəsizlik blokuna geri qayıtmağın hökumətin beşillik planına daxil olmadığını deyib.
“Əgər təşkilat Ermənistanı KTMT-dən çıxarmaq qərarı versəydi, mən çox şad olardım. Bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edərdi”, – deyə o bildirib.
Kremlin sözçüsü Dmitri Peskov az sonra buna cavab verərək deyib: “Əgər İrəvan öz milli maraqları baxımından regional təhlükəsizliyin təmin olunması üçün belə mühüm təşkilatda üzvlüyə artıq ehtiyac duymursa, müvafiq qərarı qəbul edib bu təşkilatdan çıxmaqda sərbəstdir”.
Peskov təsdiqləyib ki, Ermənistan təşkilatın fəaliyyətində iştirakını dayandırsa da, Moskva onun rəsmi şəkildə KTMT-dən çıxması barədə heç bir bildiriş almayıb.
2026-cı ildə keçirilmiş ictimai rəy sorğusu göstərir ki, ermənilər Aİ-yə ümumilikdə müsbət yanaşmaqda davam edirlər. Respondentlərin 72%-i Aİ-Ermənistan münasibətlərini yaxşı qiymətləndirib, 56%-i isə Aİ-yə etibar etdiyini bildirib. Aİ-yə üzvlüyə dəstək də əhəmiyyətli dərəcədə artaraq 54%-ə çatıb. Bundan əlavə, respondentlərin 63%-i hesab edib ki, Aİ-yə üzvlüyün üstünlükləri mənfi tərəflərindən daha çox olacaq.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.