Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) “Toplum TV” işi üzrə həbs olunan şəxslərin cərimə kamerasına (kars) salınması ilə bağlı bəyanat yayıb.
Təşkilat bəyanatında “Toplum TV”nin beş əməkdaşı — Akif Qurbanov, Ramil Babayev, Ruslan İzzətli, Əli Zeynal və Fərid İsmayılovun cərimə kamerasına salınmasından narahatlığını bildirib. Qeyd edilib ki, onlar içməli suyun keyfiyyətinə etiraz etdiklərinə görə karsa salınıblar.
Təşkilat bəyan edib ki, “Toplum TV” işi üzrə 15 ilədək azadlıqdan məhrum edilən 9 jurnalist və həbs olunan digər şəxslərin heç biri peşə fəaliyyətinə görə dəmir barmaqlıqlar arxasında olmamalıdır:
“CPJ bu iş üzrə çıxarılan həddindən artıq ağır hökmləri və Azərbaycanda müstəqil jurnalistikaya qarşı səngiməyən təzyiqləri kəskin pisləyir. Jurnalistika cinayət deyil”, — deyə bəyanatda qeyd edilir.
“Toplum TV işi” üzrə həbslər 2024-cü ilin martında başlayıb. 2026-cı il iyulun 27-də iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və qurucu heyətin üzvü Ruslan İzzətli 15 il, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və DTİ əməkdaşı Əli Zeynal 14 il, DTİ əməkdaşları Ramil Babayev və İlkin Əmrahov, həmçinin “Toplum TV”nin video redaktoru Müşfiq Cabbar 13 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Sonradan onlara qarşı irəli sürülən ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.
Məhkəmə prosesində üzərinə həbs qoyulmuş avtomobil və evlərin müsadirə olunmasına da qərar verilib.
Son illər Azərbaycanda oxşar ittihamlarla 30-a yaxın jurnalist və ictimai fəal həbs edilib. Onlar ittihamları siyasi motivli hesab edirlər. Rəsmilər isə ölkədə siyasi həbslərin olduğunu təkzib edirlər.