Ailəsi hemofiliyalı məhbusun 20 gündür qanaxmadan əziyyət çəkdiyini deyir

Foto fəalın şəxsi arxivindən

Hemofiliya xəstəsi olan və həbsdə saxlanılan dini inanclı Oqtay Məmmədovun təxminən 20 gündür dişində başlayan qanaxma dayanmır. Ailəsi deyir ki, avqustun 14-dən Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılmasına baxmayaraq, ona qanaxmanın dayandırılması üçün zəruri tibbi yardım göstərilmir.

Həyat yoldaşı Günel Məmmədova Meydan TV-yə bildirib ki, Məmmədov əvvəlcə saxlanıldığı 3 saylı İstintaq Təcridxanasında qanaxmanın qarşısını almaq üçün gündə iki dəfə aminokapron turşusu qəbul edib. Buna baxmayaraq, qanaxma dayanmayıb.

Ailənin müraciətlərindən sonra Oqtay Məmmədov avqustun 14-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Günel Məmmədova deyir ki, həyat yoldaşının vəziyyətində dəyişiklik yoxdur.

Onun sözlərinə görə, Respublika Klinik Xəstəxanasında hemofiliya diaqnozu ilə qeydiyyatda olan Məmmədova qanaxmanın dayandırılması üçün çatışmayan laxtalanma faktorunun preparatı vurulmalıdır.

“Dişindən qan gəlməkdə davam edir. Nə tibb bacıları, nə də həkimlər baxmırlar. Dünən yoldaşımla danışmışam, vəziyyəti yaxşı deyil”, — Günel Məmmədova deyib.

Məmmədova bildirib ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə dəfələrlə müraciət etsə də, ailənin şikayətinə baxılmayıb.

Meydan TV Oqtay Məmmədovun səhhəti, Müalicə müəssisəsində ona hansı tibbi yardımın göstərildiyi və ailənin iddiaları ilə bağlı Penitensiar Xidmətə sorğu göndərib. Xidmət sorğunu hələ cavablandırmayıb.

Oqtay Məmmədov bu ilin yanvarında narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı ittihamla həbs edilib.

Onun işinə Sumqayıt Şəhər Məhkəməsində baxılır. Hələlik açıq məhkəmə iclası keçirilməyib. İş üzrə bir dəfə onlayn iclas baş tutub, daha sonra proses təxirə salınıb.

Məmmədov ittiham üzrə məhkum edilməyib və onun barəsində yekun məhkəmə hökmü yoxdur. Ailəsi ittihamların saxta olduğunu və onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyini deyir.

Hüquq müdafiəçilərinin son hesabatlarından birinə görə, hazırda Azərbaycanda 180-dən çox dini inanclı şəxs həbsdədir. Daha geniş hesablamalarda isə müxtəlif cinayət işləri üzrə həbs olunan inanclı fəalların sayının 220-ni keçdiyi bildirilir.

Ana səhifəXəbərlərAiləsi hemofiliyalı məhbusun 20 gündür qanaxmadan əziyyət çəkdiyini deyir