10 saylı müəssisədə məhbusun nəzarətçilər tərəfindən döyüldüyü iddia olunur

İllüstrasiya: Meydan TV

10 saylı Cəzaçəkmə Müəssisəsində məhbus Sərxan Quliyevin iki nəzarətçi tərəfindən döyüldüyü və ağır vəziyyətə salındığı iddia olunur.

Bu barədə müəssisədə saxlanılan məhbuslar yaxınları vasitəsilə AbzasMedia-ya məlumat veriblər.

Onların sözlərinə görə, hadisə avqustun 7-də, saat 14 radələrində müəssisənin telefon məntəqəsində baş verib. İddiaya görə, çavuş Faiq Əlişov və baş gizir Saleh Abdulrəhmanov Sərxan Quliyevi huşunu itirənədək döyüblər.

Məlumata görə, əvvəlcə Saleh Abdulrəhmanovla Sərxan Quliyev arasında mübahisə yaranıb. Məhbusların iddiasına görə, Abdulrəhmanov Quliyevi təhqir edib. Quliyev etiraz etdikdən sonra nəzarətçinin onu vurduğu bildirilir.

Şahidlərin sözlərinə görə, zərbədən sonra Quliyev yerə yıxılıb, başından və ağzından qan gəlib. Bundan sonra Faiq Əlişovun da onu döyməyə başladığı iddia olunur.

Məhbuslar bildiriblər ki, Əlişov telefon məntəqəsindəki masanın üzərinə çıxaraq yerdə uzanan Quliyevin belinə tullanıb, daha sonra onun başına yumruq zərbələri endirib. İddiaya görə, döyülmə 4-5 dəqiqə davam edib.

Məlumata görə, əraziyə gələn baş inspektor nəzarətçiləri Quliyevdən ayırıb və məhbus başqa yerə aparılıb.

Məhbusların sözlərinə görə, Sərxan Quliyev döyüldükdən sonra 60 saatdan çox cərimə kamerasında saxlanılıb.

Onlar bildiriblər ki, hadisədən bir neçə həftə əvvəl Quliyevin dostluq etdiyi Qafar Abbasov adlı məhbusla da Saleh Abdulrəhmanov arasında insident baş verib.

İddiaya görə, Abdulrəhmanov Abbasovu təhqir edib. Bundan sonra Abbasov etiraz olaraq telefon məntəqəsində qollarını kəsib. Məhbusların sözlərinə görə, Abbasov daha sonra cərimə kamerasına salınıb.

Sərxan Quliyevin isə Abbasovun əli qandallı vəziyyətdə cərimə kamerasında saxlanılmasına etiraz etdiyi bildirilir.

Mənbələr iddia edirlər ki, bundan sonra Quliyev müəssisənin rəis müavini Kamran Şahsuvarovun otağında da döyülüb.

Məhbuslar müəssisə əməkdaşlarının rəhbərliyin icazəsi olmadan məhbuslara qarşı bu cür davranmasının mümkün olmadığını bildiriblər. Onların iddiasına görə, Sərxan Quliyevə qarşı zorakılıq da rəis müavini Kamran Şahsuvarovun göstərişi ilə həyata keçirilib.

Məhbuslar müəssisədə sistematik zorakılıq və işgəncə hallarının olduğunu da iddia edirlər.

Onlar Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Ombudsman Aparatını hadisəni araşdırmağa çağırıblar.

Mənbələr xüsusilə müəssisədəki videomüşahidə kameralarının görüntülərinin araşdırılmasını istəyirlər. Onların sözlərinə görə, döyülmənin baş verdiyi telefon məntəqəsində iki kamera var və hadisə həmin kameralar tərəfindən qeydə alınıb.

Məsələyə Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və 10 saylı Cəzaçəkmə Müəssisəsindən cavab almaq mümkün olmayıb.

Penitensiar Xidmət daha əvvəl məhbusların saxlanma şəraiti və onlarla rəftarla bağlı şikayətlərə cavab olaraq bildirib ki, penitensiar müəssisələrdə məhkumların hüquqları qanunvericiliyin tələblərinə uyğun təmin edilir.

Sərxan Quliyevin hazırda hansı vəziyyətdə olduğu və onunla bağlı tibbi müayinənin aparılıb-aparılmadığı barədə isə rəsmi məlumat yoxdur.

Ana səhifəSosial10 saylı müəssisədə məhbusun nəzarətçilər tərəfindən döyüldüyü iddia olunur