Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Elfan Şakir oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib. Eyni sərəncamla DSX-nin daha üç general-mayoru: Babək Ələkbərov, Aqşin Məhərrəmov və Faiq Məmmədov general-leytenant rütbəsinə yüksəldilib.
Redaksiyaya daxil olan məlumata görə, yeni general-mayor Elfan Quliyev DSX rəisi, general-polkovnik Elçin Quliyevin doğma əmisi oğludur.
Məlumata əsasən, Elfan Quliyev hazırda Dövlət Sərhəd Xidmətinin İnspeksiya Baş İdarəsinin rəisi vəzifəsində çalışır. O, DSX-yə keçməzdən əvvəl Dövlət Miqrasiya Xidmətində də rəhbər vəzifədə, idarə rəisi işləyib.
Elfan Quliyevin Dövlət Miqrasiya Xidmətində çalışması rəsmi sənədlərlə də təsdiqlənir. Prezidentin 16 mart 2017-ci il tarixli sərəncamında Elfan Şakir oğlu Quliyevin adı Dövlət Miqrasiya Xidmətinin təltif edilən əməkdaşları sırasında göstərilib. O, “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Elçin Quliyevin digər əmisi oğlu, polkovnik Nizami Mahir oğlu Quliyev də Dövlət Miqrasiya Xidmətində yüksək vəzifədədir. O, Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəisidir.
AZƏRTAC 2024-cü ilin iyununda Nizami Quliyevi məhz həmin vəzifədə təqdim edib. Nizami Mahir oğlu Quliyevin uzun illərdir miqrasiya orqanlarında çalışdığı da açıq mənbələrdən görünür. 2014-cü ildə o, Prezidentin sərəncamı ilə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilən Dövlət Miqrasiya Xidməti əməkdaşları arasında olub.
Elçin Quliyevin başqa bir yaxın qohumu, dayısı Pərviz Kərim oğlu Musayev də uzun müddət Dövlət Miqrasiya Xidmətinin rəhbərliyində təmsil olunub.
Pərviz Musayev Prezidentin 25 aprel 2008-ci il tarixli sərəncamı ilə Dövlət Miqrasiya Xidməti rəisinin müavini təyin edilib. O, bu vəzifədən 7 iyul 2020-ci ildə azad olunub. Beləliklə, Musayev 12 ildən artıq müddətdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini vəzifəsində çalışıb.
2010-cu ildə Pərviz Musayevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. 2017-ci ildə isə o, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Beləliklə, DSX rəisi Elçin Quliyevin iki əmisi oğlu, Elfan və Nizami Quliyevlər, eləcə də dayısı Pərviz Musayev müxtəlif dövrlərdə Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidmətində yüksək vəzifələr tutublar. Elfan Quliyev isə Prezidentin son sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə yüksəlib.