Hesabat: Azərbaycanda media və vətəndaş cəmiyyəti ilə bağlı təzyiq və məhdudiyyətlər artır

Həbs. Mənbə: Maxx-Studio/shutterstock

Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ) 2026-cı ilin ilk altı ayı ilə bağlı insan hüquqları hesabatını yayıb.

Hesabatda media və ifadə azadlığı, internetdə hüquqlar, vətəndaş cəmiyyətinin fəaliyyəti və həbs yerlərində vəziyyət araşdırılıb.

MHŞ hesab edir ki, ilin ilk yarısında Azərbaycanda insan hüquqları və azadlıqları ilə bağlı məhdudiyyətlər davam edib, bəzi sahələrdə isə yeni qaydalar tətbiq olunub. Şəbəkənin əsas narahatlığı bu qaydaların media və vətəndaş cəmiyyətinin fəaliyyətini daha da məhdudlaşdırmasıdır.

Hesabatda bildirilir ki, yanvar-iyun aylarında ən azı 9 onlayn media qurumunun fəaliyyətinə məhkəmə qərarı ilə xitam verilib. Bu qərarlar Medianın İnkişafı Agentliyinin müraciətləri əsasında qəbul edilib. MHŞ-nin məlumatına görə, əsas səbəb həmin media qurumlarının Media Reyestrinə daxil edilməməsi olub.

Şəbəkə internetdə ifadə azadlığı ilə bağlı yeni qaydalara da diqqət çəkir. Hesabata görə, yanvar ayından “ictimai mənəviyyat”, “cəmiyyətə açıq hörmətsizlik” və “milli-mənəvi dəyərlər” kimi ifadələrlə bağlı yeni məsuliyyət qaydaları tətbiq edilir. MHŞ bildirir ki, bu qaydaların tətbiqi nəticəsində iyunun sonuna qədər 206 inzibati tənbeh qərarı çıxarılıb. Cərimə 500 manatdan 1000 manatadək, inzibati həbs isə bir ayadək ola bilər.

Hesabatda süni intellektlə hazırlanan saxta görüntü və səslərlə bağlı yeni cinayət məsuliyyətindən də bəhs edilir. MHŞ bildirir ki, başqa şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə edilərək müəyyən süni intellekt məzmunlarının hazırlanmasına görə cinayət məsuliyyəti yarana bilər. Bəzi hallarda cəza 5 ilədək həbsdir. Şəbəkə hesab edir ki, şəxslərin hüquqlarının qorunması vacib olsa da, bu sahədə tətbiq edilən cəzalar ciddi müzakirə tələb edir.

İnternetlə bağlı digər mühüm dəyişiklik isə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılmasıdır. Hesabatda deyilir ki, Agentliyə kibertəhlükəsizliklə yanaşı, şəxsi məlumatların qorunması və internetdə yayılması qadağan edilən məlumatlarla bağlı da səlahiyyətlər verilib. MHŞ bu səlahiyyətlərin internet və ifadə azadlığına təsir edə biləcəyindən narahatdır.

Şəbəkə sosial şəbəkələrlə bağlı hazırlanmış yeni qanun layihəsinə də toxunur. Layihəyə əsasən, 16 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyula bilər. Həmçinin istifadəçilərin kimliyinin müəyyənləşdirilməsi və sosial şəbəkə platformalarının Azərbaycanda qeydiyyatdan keçməsi tələb oluna bilər. MHŞ uşaqların internetdə qorunmasının vacib olduğunu bildirir, amma təkliflərin şəxsi məlumatların qorunması və internet azadlığı baxımından problemlər yarada biləcəyini qeyd edir.

Hesabatda vətəndaş cəmiyyətinə qarşı cinayət işləri də ayrıca araşdırılıb. MHŞ-nin hesablamasına görə, xarici maliyyə və qrantlarla bağlı işlər çərçivəsində iyunun 30-dək ən azı 49 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 11 nəfərin azadlıqdan məhrum edildiyi, 27 nəfərin isə həbsdə olduğu bildirilir.

MHŞ həmçinin Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərin işgəncə və pis rəftarla bağlı şikayətlərini qeyd edir. Hesabata görə, ilin ilk altı ayında bu barədə ən azı 5 ictimai və 3 rəsmi şikayət olub. Şəbəkə həmin şikayətlərin effektiv araşdırılmadığını bildirir.

Hesabatın məqsədi 2026-cı ilin ilk yarısında insan hüquqları sahəsində baş verən əsas dəyişiklikləri və problemləri sənədləşdirməkdir. MHŞ bildirir ki, hesabatla qanunların və onların tətbiqinin insan hüquqlarına təsirini göstərmək və bu məsələlərin ictimai müzakirəsinə töhfə vermək istəyir.

Şəbəkənin gəldiyi əsas nəticə budur: yeni qanunlar və onların tətbiqi media, vətəndaş cəmiyyəti və internet istifadəçiləri üçün əlavə məhdudiyyətlər yaradır. MHŞ hesab edir ki, bu tendensiya davam edərsə, ifadə azadlığı və vətəndaş cəmiyyətinin fəaliyyət imkanları daha da darala bilər.

Hesabat müəllifləri sənədin bütün hüquq pozuntularını əhatə etmədiyini də bildirirlər. Onların sözlərinə görə, əsas məqsəd 2026-cı ilin ilk altı ayında müşahidə olunan əsas tendensiyaları göstərməkdir.

Ana səhifəSiyasətHesabat: Azərbaycanda media və vətəndaş cəmiyyəti ilə bağlı təzyiq və məhdudiyyətlər artır