Siyasi fəal Rahim Musa iyulun 15-də saxlanılıb. Onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb və iyulun 16-da İmişli Rayon Məhkəməsi fəal haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.
Rahim Musa ittihamı qəbul etmir. AbzasMedia-ya danışan fəal saxlanılmasını son dövrlərdə “TikTok” platformasında etdiyi siyasi çıxışlarla əlaqələndirir. O, xüsusilə Prezident İlham Əliyevin keçmiş kürəkəni, biznesmen Emin Ağalarov və onun “Sea Breeze” layihəsi barədə tənqidi paylaşımlarından sonra təzyiqlə üzləşdiyini düşünür.
Fəalın sözlərinə görə, iyulun 15-də onu saxlayan İmişli Rayon Polis İdarəsinin əməkdaşları da həbsinin “TikTok”dakı çıxışları ilə bağlı olduğunu bildiriblər. Rahim Musa son bir ay ərzində “Sea Breeze” layihəsi ilə bağlı yayımladığı videoların saxlanılmasına səbəb ola biləcəyini ehtimal edir.
“Bu ölkədə azad fikri ifadə etmək olduqca təhlükəlidir. Mən əsasən son bir ayda “Sea Breeze”lə bağlı çıxışlar etmişəm. Emin Ağalarovun mətbuata verdiyi müsahibəyə istinadən demişəm ki, o, 600 ev satışa çıxardığını, bunun 400-ünü İsrail vətəndaşlarına satdığını bildirib”, – Rahim Musa deyib.
Onun bildirdiyinə görə, saxlanılarkən telefonu da götürülüb. Daha sonra isə “Sea Breeze”lə bağlı videolar onun “TikTok” hesabından silinib. Rahim Musanın sözlərinə görə, iyulun 15-də saat 11 radələrində polis əməkdaşları onu evinin qarşısında saxlayaraq polis şöbəsinə aparıblar. O iddia edir ki, şöbədə qarşısına narkotik vasitə olduğu deyilən bir neçə büküm qoyulub və onlardan birini üzərinə götürməsi tələb edilib.
“Əvvəl balaca bir büküm qoydular. Dedilər, “bunlardan birini götürməlisən. Bu, Prezident Adminstrasiyanın göstərişidir. Onsuz da istəsən də, istəməsən də, həbs olunacaqsan. Sən “TikTok”dakı çıxışlarına görə həbs ediləcəksən. Çünki artıq ağ eləmisən”, – Rahim Musa bildirib.
Onun sözlərinə görə, daha sonra qarşısına skoçla sarınmış daha böyük büküm qoyulub. Bildirir ki, kiçik bükümü qəbul etməyəcəyi təqdirdə daha ağır cəza ilə üzləşəcəyi deyilib.
Rahim Musa bükümlərin heç birini qəbul etmədiyini və təqdim olunan sənədləri imzalamaqdan imtina etdiyini deyir.
Fəalın iddiasına görə, bundan sonra polis əməkdaşları onu yenidən avtomobilə mindirərək evinə aparıblar. O bildirir ki, kiçik büküm evə atılıb və daha sonra polis əməkdaşları həmin bükümü evdə aşkarladıqlarını bildiriblər.
“Dedilər, “gəl, çəkilişində iştirak elə”. Dedim, mənə aid olmayan bir şeydə iştirak etmirəm. Necə bilirsiniz, elə də edin”, – o bildirib.
Rahim Musa həmçinin evindən tapıldığı bildirilən bükümdə onun əl-barmaq izlərinin olmadığını iddia edir. Onun sözlərinə görə, əməliyyat zamanı çəkilən videodan etiraz etdiyi hissələr də çıxarılıb.
“Orada olsa-olsa, üç əməliyyatçının əl-barmaq izləri ola bilər. Əməliyyat zamanı lentə alınan videodan mənim etirazlarım olan bütün hissələri kəsib çıxarıblar. Vəkilim olmadığına görə bunun araşdırılmasına nail ola bilmirəm”, – Rahim Musa deyib.
Fəalın sözlərinə görə, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə satış məqsədi olmadan külli miqdarda narkotik vasitə və ya psixotrop maddəni qanunsuz əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşımanı nəzərdə tutur.
İmişli Rayon Məhkəməsi iyulun 16-da Rahim Musa barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Sözügedən maddə üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Rahim Musa ittihamı siyasi sifariş hesab etdiyini və istintaqa ifadə verməkdən imtina etdiyini bildirir.
“Mən ifadə verməkdən imtina etmişəm. Sənədlərə də imza əvəzinə “siyasi sifarişdir” yazıram. Bunu mənə Qəhrəman adlı əməliyyat rəisi özü şəxsən deyib”, – o bildirib.
Rahim Musa hazırda Lənkəran Penitensiar Kompleksinin təcridxanasında saxlanılır. Onun sürdüyü iddialarla Daxili İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb.
Keçmiş AXCP üzvü olan Rahim Musa bundan əvvəl də bir neçə dəfə həbs edilib. O, 2003-cü il prezident seçkisindən sonra oktyabrın 15-də Bakıda keçirilən etiraz aksiyaları zamanı həbs olunub və 4 il şərti cəza alıb.
2007-ci ildə yenidən həbs edilərək 5 il azadlıqdan məhrum olunub. Rahim Musa həmin vaxt evinin damında hökumət əleyhinə şüar yazdığına görə cəzalandırıldığını bildirib.
2013-cü ildə isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi – xuliqanlıq ittihamı ilə 4 il 6 ay azadlıqdan məhrum edilib.