“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı, videojurnalist Aytac Tapdıq da daxil olmaqla, “Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin azadlığa buraxılması tələbi ilə Azərbaycan Prezidenti İlham Əliyevə petisiya ünvanlayıb.
Təşkilat bildirir ki, bu şəxslər müstəqil və tənqidi fəaliyyətlərinə görə təqib olunurlar. “Amnesty International” onların həbs olunmasından, həbsxanalardakı şəraitdən və bəzi şəxslərin pis rəftar barədə verdiyi məlumatlardan narahatdır.
Petisiyada Meydan TV-nin baş redaktoru Aynur Elgünəş, videojurnalistlər Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova və Ramin Deko, yazı jurnalisti Natiq Cavadlı, redaktor Şəmşad Ağa, həmçinin bu iş üzrə saxlanılan videojurnalistlər Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli, fotojurnalist Əhməd Muxtar və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun adı çəkilir.
Aytac Tapdığın adı kampaniyada ayrıca diqqət çəkir. Avropa Jurnalistlər Federasiyası da onun səhhəti və tibbi yardım alması ilə bağlı narahatlığını açıqlayıb. Federasiya avqustun 11-də Aytac Tapdığın Bakı İstintaq Təcridxanasında tibbi yardımdan məhrum edildiyini bildirib. Təşkilatın məlumatına görə, Aytac Tapdıq iyulda həbsdə ona tibbi yardım göstərilməsindən imtina edildiyini sənədləşdirən məktub göndərib. İyulun 4-də keçirilən məhkəmə iclasında onun vəkili Cavad Cavadov da jurnalistin səhhəti ilə bağlı Tibb Baş İdarəsinə müraciət etdiklərini, lakin cavab almadıqlarını deyib.
“Amnesty International”ın məlumatına görə, bu şəxslər 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər müxtəlif vaxtlarda saxlanılıb. Onların barəsində cinayət işləri başlanıb və həbs müddətləri uzadılıb.
Təşkilat bildirir ki, onlara qarşı irəli sürülən valyuta qaçaqmalçılığı ittihamı siyasi motivlidir və müstəqil medianı susdurmaq məqsədi daşıyır.
Müraciətdə həmçinin həbsdə olan bəzi şəxslərin səhhəti ilə bağlı narahatlıq ifadə olunur. “Amnesty International”ın bu ilin yanvarında yayımladığı təcili müraciətində Şəmşad Ağa, Aynur Elgünəş və Ülviyyə Əlinin səhhətində problemlər olduğu bildirilib.
Məlumata görə, Şəmşad Ağa mədə xorası ilə bağlı problem yaşayır. Aynur Elgünəş əməliyyatdan sonra fizioterapiyaya ehtiyac duyur. Ülviyyə Əli isə xroniki xəstəliyi səbəbindən mütəmadi tibbi yardıma ehtiyac duyur.
Təşkilat Ülviyyə Əlinin həbsdə olduğu müddətdə iki dəfə zorlanmaqla hədələndiyini və 2025-ci ilin mayında üç polis əməkdaşı tərəfindən döyüldüyünü bildirdiyini qeyd edir. Təşkilat bu iddiaların effektiv araşdırılmadığını deyir.
Digər saxlanılanlar da pis rəftar barədə məlumat veriblər. Aysel Umudova polis bölməsinə aparılarkən cinsi xarakterli təzyiqə məruz qaldığını, Xəyalə Ağayeva psixoloji təzyiq gördüyünü, Nurlan Libre isə fiziki zorakılığa məruz qaldığını bildirib.
“Amnesty International” Azərbaycan hakimiyyətindən həbsdə olan 12 nəfərin azad edilməsini, işgəncə və digər pis rəftar iddialarının araşdırılmasını və səhhəti risk altında olan məhbuslara tibbi yardım göstərilməsini tələb edir.
“İşgəncə və saxlanılan şəxslərlə digər pis rəftar halları barədə iddiaları effektiv şəkildə araşdırın və bu müddət ərzində səhhəti risk altında olan həbsdəki Meydan TV jurnalistlərinin heç bir gecikmə olmadan ehtiyac duyduqları tibbi yardımı almasını təmin edin”,- müraciətdə deyilir.
“Amnesty International” həmçinin Azərbaycan hakimiyyətini müstəqil və tənqidi jurnalistlərin təqibinə son qoymağa çağırır.
“Meydan TV işi” üzrə ilk həbslər 2024-cü il dekabrın 6-da başlayıb. Həmin gün Aytac Tapdıq, Aynur Elgünəş, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko və Natiq Cavadlı saxlanılıb. Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həmin gün həbs olunub. Sonrakı aylarda Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar saxlanılıb.
Jurnalistlər qaçaqmalçılıqda ittiham olunurlar, onlar isə ittihamları rədd edərək həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.
İş üzrə məhkəmə prosesi hazırda davam edir.