Həbsdə olan etnik tədqiqatçı İqbal Əbilovun ATV, Trend, Hit.az və Qafqazinfo-ya qarşı qaldırdığı 6000 manatlıq mülki iddiası təmin edilməyib.
Yasamal Rayon Məhkəməsində Əbilovun iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə avqustun 11-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Əbilov iddiasında barəsində yayımlanan məlumatlarda təqsirsizlik prezumpsiyasının pozulduğunu, şərəf və ləyaqətini ləkələyən məlumatların dərc edildiyini bildirib. O, həmin məlumatların hüquq pozuntusu kimi tanınmasını, cavab vermək hüququnun təmin edilməsini, media qurumlarının üzr istəməsini və dəymiş mənəvi zərərə görə ümumilikdə 6000 manat kompensasiya ödənilməsini tələb edib.
Məhkəmənin əvvəlcə açıq keçiriləcəyi bildirilsə də, sonradan yalnız ailə üzvlərinin iştirakına icazə veriləcəyi qeyd olunub. Proses zamanı hakim Ayşən Məmmədova məhkəmənin dövlət sirri ilə bağlı olduğunu əsas gətirərək iclasın qapalı keçirilməsinə qərar verib.
İqbal Əbilovun vəkili Rövşanə Rəhimli məhkəmədə iş üzrə dövlət sirri təşkil edən məlumatların olmadığını, əksinə, mübahisə predmetinə çevrilən məlumatların artıq mediada geniş yayımlandığını bildirib. Buna baxmayaraq, hakim qərarını dəyişməyib.
Məhkəmədə qarşı tərəfdən yalnız Trend-in baş direktor müavini Sahil Kərimli iştirak edib. Digər media qurumlarının nümayəndələri prosesə qatılmayıblar.
Proses boyunca İqbal Əbilov talış dilində çıxış edib. Oqtay Əsgərov tərcüməçi qismində iştirak edərək onun çıxışlarını sinxron şəkildə Azərbaycan dilinə tərcümə edib.
Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib. Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham olunub.
İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi onun siyasi fəaliyyətlə məşğul olmadığını, yalnız elmi araşdırmalar apardığını və mədəni irsin qorunması ilə məşğul olduğunu bildirib.
Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu siyasi məhbus kimi tanıyıblar.