Neftçalanın Xıllı qəsəbəsinin sakinləri son üç aydır elektrik enerjisinin verilməsində tez-tez problemlər yaşadıqlarını deyirlər. Onların sözlərinə görə, elektrik enerjisi iki-üç gündən bir kəsilir və fasilələr bir neçə saat davam edir.
Sakinlər bildirirlər ki, problem yeni deyil. Onların sözlərinə görə, qəsəbənin elektrik şəbəkəsi köhnədir və uzun illərdir əsaslı şəkildə yenilənməyib. Elektrik təchizatında istifadə olunan transformatorun da iki dəfə yandığı, lakin bundan sonra problemin köklü həlli üçün tədbir görülmədiyi deyilir.
“İşıq qəfil kəsilir və iki-üç saat ərzində olmur. İki-üç gündən bir bu hal baş verir. Transformator iki dəfə yanıb. Bunun üçün heç nə edilməyib. Sadəcə, transformatorun ətrafı dəmirlərlə örtülüb”, -sakinlərdən biri deyir.
Sakinlərin əsas narazılıqlarından biri də elektrik enerjisinin verilişində fasilələrin davam etdiyi vaxtda qəsəbənin yol kənarlarında yeni işıqların quraşdırılmasıdır. Onlar bildirirlər ki, mövcud elektrik şəbəkəsinin vəziyyəti yaxşı deyil və əlavə işıqların quraşdırılmasının şəbəkəyə əlavə yük yaradıb-yaratmayacağı ilə bağlı narahatdırlar.
Onların sözlərinə görə, quraşdırılan işıqlar qəsəbənin yol kənarlarında görüntünün yaxşılaşdırılması məqsədi daşıyır. Sakinlər yeni işıqların hansı qurum və ya layihə çərçivəsində quraşdırıldığını bilmədiklərini deyirlər.
Qəsəbə sakinləri transformatorun ətrafında təhlükəli boşluqların olduğunu da bildirirlər. Onların sözlərinə görə, uşaqlar və ərazidə saxlanılan heyvanlar həmin boşluqlardan içəri keçə bilər. Sakinlər bunun elektrik cərəyanı vurması ilə nəticələnə biləcəyindən narahatdırlar.
“Uşaqlarımızı elektrik cərəyanı vuracağından qorxuruq. Bədbəxt hadisə baş verməmiş bu təhlükəli yerlər bağlanmalıdır”, -sakinlər deyirlər.
Elektrik kəsintilərinin səbəbi ilə bağlı sakinlər rayon elektrik idarəsinə dəfələrlə zəng etdiklərini, lakin telefonlara cavab verilmədiyini bildirirlər. Onların sözlərinə görə, əvvəllər kəsintilərin səbəbi kimi qəza, o cümlədən avtomobilin elektrik dirəyinə çırpılması göstərilib. Hazırda isə müraciətlərinə cavab verilmədiyini deyirlər.
Meydan TV məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinə dəfələrlə zəng edib. Qurumdan zənglərə cavab verilməyib.
Meydan TV “Azərişıq” ASC-yə də sorğu göndərib. Qurumdan Xıllı qəsəbəsində elektrik kəsintilərinin səbəbi, qəsəbənin elektrik şəbəkəsinin son illərdə yenilənib-yenilənmədiyi, transformatorların texniki vəziyyəti, transformatorun iki dəfə sıradan çıxması ilə bağlı hansı tədbirlərin görüldüyü, eləcə də yol kənarlarında quraşdırılan yeni işıqların hansı layihə çərçivəsində çəkildiyi və onların elektrik şəbəkəsinə əlavə yük yaradıb-yaratmadığı barədə məlumat istənilib.
Sorğunun göndərilməsindən bir həftə keçməsinə baxmayaraq, “Azərişıq” ASC-dən cavab verilməyib.
Qurumların mövqeyini əldə etdiyimiz halda, onu ayrıca təqdim edəcəyik.