Neft şirkətlərinin vergi ödəmələri 22 faizdən çox azalıb

Foto: Reuters

2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində neftdən daxilolmalar  azalıb.

Maliyyə Nazirliyinin məlumatına görə, ilin birinci yarısında büdcə 19 milyard 179,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azdır.

Dövlət büdcəsinin gəlirlərində əsas azalma neft-qaz sektoru üzrə gəlirlərdə baş verib.

Belə ki, yanvar-iyun aylarında neft-qaz sektoru üzrə büdcə daxilolmaları 8,2 milyard manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard manat və ya 13,9 faiz az icra olduğunu göstərir.

Neft-qaz sektoru üzrə daxilolmaların 78,3 faizini Azərbaycan Dövlət Neft Fondunun transfertləri təşkil edib. İlin ilk yarısında Fonddan dövlət büdcəsinə 6 milyard 420 milyon manat vəsait köçürülüb. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə transfertlərin həcmində 820 milyon manat və ya 11,3 faiz azalma görünür.

Bu sektor üzrə vergi orqanlarının xətti ilə büdcəyə 1 milyard 778 milyon manat daxil olub. Neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 507,9 milyon manat və ya 22,2 faiz azalıb.

  • “Şahdəniz” yatağı üzrə mənfəət vergisi 39,3 faiz azalaraq 730,4 milyon manat;
  • SOCAR tərəfindən ödənilən vergilər 6 faiz azalaraq 843,5 milyon manat;
  • ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) ödədiyi mənfəət vergisi isə 10,6 faiz artaraq 204,3 milyon manat təşkil edib.

Nazirliyin məlumatında qeyd olunur ki, qeyri-neft-qaz sektoru üzrə büdcə gəlirləri 6,8 faiz artıb. Belə ki, hesabat dövründə bu sektordan dövlət büdcəsinə 10 milyard 981 milyon manat gəlir daxil olub. Büdcə xərclərinə gəlincə, 2026-cı ilin ilk altı ayında hökumət 16 milyard 775,5 milyon manat xərcləyib. Maliyyə Nazirliyinin məlumatına əsasən, bu, illik dövlət büdcəsi xərcləri üzrə proqnozun 40,2 faizinə bərabərdir.

Ana səhifəİqtisadiyyatNeft şirkətlərinin vergi ödəmələri 22 faizdən çox azalıb