Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana naməlum şəxslər tərəfindən ölüm təhdidlərinin ünvanlanmasından sonra cinayət işi başlanıb.
OC Media yazır ki, İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan cümə axşamı bildirib ki, hadisə ilə əlaqədar iki ayrı maddə üzrə ittiham irəli sürülüb. Onlardan biri rəqəmsal “xuliqanlıq”, digəri isə “zorakılığa açıq çağırışlar”la bağlıdır.
Uzun illərdir Ermənistan cəmiyyətində tanınan və ictimai müzakirələrdə fəal mövqeyi ilə seçilən Akopyan son dövrlərdə sosial media paylaşımlarının bir neçəsini məişət zorakılığı mövzusuna həsr edib. O, daha sonra bildirib ki, bu məsələ barədə danışmağa başladıqdan sonra ölüm təhdidləri almağa başlayıb.
“Ümid edirəm ki, dövlət qurumları belə bir hadisənin baş verməsinin qarşısını ala biləcəklər. Çünki Baş nazirin həyat yoldaşının zorakılıq qurbanına çevrilməsi ölkənin nüfuzuna ciddi zərbə vura bilər”, – Akopyan deyib.
O, digər qadınları da məişət zorakılığı barədə danışmaqdan qorxmamağa çağırıb.
“Armenian Times” qəzetinin baş redaktoru vəzifəsini də icra edən Akopyan ictimai fəaliyyəti dövründə zaman-zaman mübahisələrin mərkəzində olub.
2026-cı ilin əvvəlində o, Paşinyanla 30 ildən artıq davam edən münasibətlərinə son qoyduğunu açıqlayıb. Lakin cütlük bir neçə ay sonra barışıb.
Fevral ayında ayrılıq barədə açıqlama verən Akopyan “My Step” fondundakı fəaliyyəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb oluna biləcəyini də etiraf edib. Buna səbəb fondun seçkiqabağı dövrdə ödənişsiz ingilis dili kursları təşkil etməsinin Ermənistanın seçki qanunvericiliyini pozub-pozmadığı ilə bağlı yaranan suallar idi.
Açıqlamanın verildiyi vaxt bəzi analitiklər ayrılığın seçkilər ərəfəsində siyasi manevr ola biləcəyini və tərəflərin sonradan barışmasının mümkün olduğunu irəli sürüblər.
Akopyan zaman-zaman şübhəli xərcləmələrə və dövlət resurslarından istifadəyə görə də tənqid olunub. Bundan əlavə, Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında davam edən qarşıdurma fonunda din xadimlərinə qarşı sərt ifadələr işlətməsi də tənqidlərə səbəb olub.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.