Cəzasının üçdə iki hissəsini çəkdiyi üçün azadlığa buraxılmaq istəyən Allahverdi Məmmədovla bağlı Ədliyyə Nazirliyi yanında yaradılmış komissiya mənfi rəy verib.
Bu barədə məhkumun anası Zenfira Məmmədova Meydan TV-yə danışıb.
Onun sözlərinə görə, oğlu Allahverdi Məmmədov 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Zenfira Məmmədova bildirib ki, Cəzaçəkmə Müəssisəsi oğlu barədə müsbət rəy versə də, komissiya əks mövqe nümayiş etdirib.
“Cəzaların İcrası Məcəlləsinin 76.3-cü maddəsinə əsasən, cəzasının 2/3 hissəsini çəkməsinə baxmayaraq, Ədliyyə Nazirliyinin yaratdığı islah olunma ilə bağlı komissiyanın rəyi naməlum səbəbdən mənfi verilir. Bu səbəbdən də məhkəmə həmin rəyə əsaslanaraq müraciəti təmin etmir. Cəza çəkdiyi müəssisə isə bildirir ki, oğluma müsbət rəy verilib. Çünki oğlum islah olunma meyarlarına uyğundur və törətdiyi əməldən səmimi şəkildə peşmandır”, – deyə ana bildirib.
Onun sözlərinə görə, Allahverdi Məmmədov cəzaçəkmə müəssisəsində təsərrüfat işçisi kimi çalışır və maaş alır.
“Oğlum həbsxanada “xoz” kimi işləyir. Aldığı maaşla mənə, həyat yoldaşına və üç övladına baxır. 2019-cu ildə 8 il 6 ay müddətinə həbs olunub və törətdiyi əməldən peşman olduğunu bildirib”.
Vəkil: “Komissiyanın məqsədi müəssisələrin verdiyi müsbət rəylərin qarşısını almaqdır”
Vəkil Nazim Musayev Meydan TV-yə deyib ki, məhkum haqqında mənfi rəy verən komissiya Ədliyyə Nazirliyi tərəfindən yaradılıb.
Onun sözlərinə görə, həmin komissiyada Nazirliyin əməkdaşları fəaliyyət göstərir və onlar cəza çəkən şəxsləri şəxsən tanımırlar.
“Həmin komissiyada olan şəxslər cəza çəkən məhbusların heç biri ilə əlaqədə deyil. Bu komissiyanın yaradılmasında məqsəd sadəcə odur ki, Cəzaçəkmə Müəssisəsi hansısa məhbusa müsbət rəy verib onu azadlığa buraxmasın. Ona görə də müəssisə öz rəyini verdikdən sonra siyahı Ədliyyə Nazirliyinin yaratdığı həmin komissiyaya göndərilir. Komissiya siyahıya baxır, kimlərə icazə verəcəyinə özü qərar verir”, – deyə vəkil bildirib.
Nazim Musayev hesab edir ki, bu komissiyanın fəaliyyəti siyasi xarakter daşıyır.
“Komissiyanın özü siyasi xarakterlidir. Orda hansısa cəzaçəkmə müəssisəsi birdən kimisə buraxarsa, komissiyanın məqsədi odur ki, onun qarşısını alsın”. – deyə vəkil əlavə edib.
Meydan TV məsələ ilə bağlı Ədliyyə Nazirliyindən və digər aidiyyəti qurumlardan münasibət almağa çalışsa da, sorğulara cavab almaq mümkün olmayıb.
Allahverdi Məmmədov 2019-cu ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddələri ilə təqsirli bilinib.