Azərbaycan Ordusunun hərbçisi Naxçıvanda ölüb, yaxınları intihar versiyasına inanmır

Azərbaycan Ordusunun əsgəri Kərim Kərimov – Mənbə: Ailə üzvləri

Azərbaycan Ordusunun əsgəri Kərim Kərimovun iyulun 29-da Naxçıvanda öldüyü bildirilir.

Bu barədə əsgərin yaxınları məlumat yayıblar. Bildirilir ki, Kərim Kərimov Astara rayonunun Pənsər kəndindən olub.

Əsgərin ölüm səbəbi barədə hələlik rəsmi məlumat verilməyib. Yayılan versiyalardan birinə görə, o, özünü asaraq həyatına son qoyub. Lakin Kərim Kərimovun yaxınları intihar versiyasına inanmadıqlarını bildirirlər.

Yaxınların sözlərinə görə, iki il əvvəl Pənsər kəndindən olan daha iki gənc Naxçıvanda hərbi xidmət zamanı suda boğularaq ölüb. Həmin vaxt onların qəsdən öldürüldüyü barədə iddialar səsləndirilsə də, bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.

Müdafiə Nazirliyi və digər rəsmi qurumlar Kərim Kərimovun ölümü ilə bağlı hələlik açıqlama verməyiblər.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun açıqladığı hesabata əsasən, 2026-cı ilin may ayına qədər Azərbaycanda azı 20 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib.

Hesabata görə, vəfat edən hərbçilərdən 5 nəfəri müxtəlif xəstəliklərdən, 5-i avtomobil qəzasından, 3-ü intihardan, 2-si bədbəxt hadisədən, 1-i isə ehtiyatsızlıqdan ölüb. Digər 4 hərbi qulluqçunun ölüm səbəbi isə hesabatda açıqlanmayıb.

Ölən hərbçilərin 13-ü Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub. Vəfat edənlərin 4 nəfəri əsgər, 3 nəfəri zabit, 2 nəfəri gizir, 3 nəfəri MAXE, 3 nəfəri isə kursant olublar. Qalanlarını müəyyən etmək mümkün olmayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci ilki hesabatına əsasən, 43 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.

Ana səhifəSosialAzərbaycan Ordusunun hərbçisi Naxçıvanda ölüb, yaxınları intihar versiyasına inanmır