16 saylı Cəzaçəkmə Müəssisəsində vəkil zorakılığa məruz qalıb

Vəkil Nazim Musayev – Mənbə: Ülviyyə Əli

Vəkil Nazim Musayev 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərə məruz qalıb. Onun çantası zorla əlindən alınıb və Penitensiar Xidmətin əməkdaşı vəkilə qarşı zor tətbiq edib.

Bu barədə Nazim Musayev Meydan TV-yə məlumat verib.

İyulun 28-də vəkil Musayev müvəkilli Elmir Sadıqovla görüşə gedib. Görüşdən sonra onun içində qeydlər olan çantası əlindən alınaraq, bağlı otaqda saxlanılıb.

Vəkilin sözlərinə görə, iyunun 20-də Elmir Sadıqov 16 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Sadıqov 2 gün karantində saxlanıldıqdan sonra  ona 12 gün cərimə kamerası (“kars”) cəzası verilib. Cəza müddəti bitməsinə baxmayaraq Sadıqovun cəzası yenidən artırılıb.

CM-nin rəisi məhkəmə müraciət edərək Elmir Sadıqovun qapalı tipli müəssisəyə köçürülməsini tələb edib.

“Elmirin məhkəməsi keçirilib üstəlik davamlı olaraq “kars” müddətini uzadıblar. Buna görə onu görməyə getmişdim. Elmir başına gələnləri mənə danışırdı. Mən onun danışdıqlarını bir kağıza qeyd edirdim ki, yadımdan çıxmasın. Görüşdən çıxanda özünü kapitan Fərzəliyev kimi təqdim edən şəxs çantamı əlimdən aldı və məni 1 saata yaxın otaqda saxladı”, – deyə Musayev qeyd edib.

Nazim Musayev deyir ki, otaqdan çıxandan sonra müəssisə rəisi İlham Baxışəliyevin yanına gedib. Otağa gələndə qeyd kağızlarının da otaqda olduğunu görüb:

“Elə mən rəisin yanına girəndə, çantanı əlimdən alan mayor qeydləri gətirib rəisə verdi. Rəis qeydlərimi oxuduqdan sonra vərəqləri xırda-xırda hissəciklərə cırdı, atdı yanındakı zibil qabına”.

Musayev baş verən qanunsuzluqlarla bağlı Ədliyyə Nazırliyinə, həmçinin Penitensiar Xidmətə şikayət edəcəyini bildirib.

Onun sözlərinə görə bu qanunsuz axtarış və sənədlərin yoxlanması müvəkkili Elmir Sadıqovla bağlıdır. Elmir Sadıqov bloger Tural Sadıqlının əmisidir.

İyulun 21-də Hikmət Hacıyevlə mühacirətdə yaşayan “Azad söz” kanalının rəhbəri, bloger Tural Sadıqlı arasında dialoq baş tutub. Hacıyev, Tural Sadıqlını “vətənə xəyanət”də ittiham edib.

Elmir Sadıqov 2025-ci ilin oktyabrında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərarında Sadıqov Azərbaycan Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (qanunsuz silah-sursat saxlama) ilə təqsirli bilinib. İttihama görə, bu ilin aprel ayında onun idarə etdiyi avtomobildən əl qumbarası tapılıb. Sadıqovun ailəsi və yaxınları ittihamları əsassız sayır.

Azərbaycanda penitensiar müəssisələrdə vəkillərin axtarışa məruz qalması və onlarda olan sənədlərin götürülməsi ilə bağlı oxşar hallar daha əvvəl də baş verib. Avropa İnsan Haqları Məhkəməsi vəkillər Elçin Sadıqovun Bakı İstintaq Təcridxanasında, Fariz Namazlının isə Qobustan həbsxanasında axtarışa məruz qalması və sənədlərinin müsadirəsi ilə bağlı qərarlarında bunun vəkil-müvəkkil münasibətlərinin məxfiliyi hüququnun pozulması olduğunu müəyyən edib. Məhkəmə vurğulayıb ki, belə müdaxilə qanunsuzluğun qarşısının alınması kimi qanuni məqsədə xidmət etsə belə, demokratik cəmiyyətdə zəruri hesab edilə bilməz. Həmin işlər üzrə dövlətin vəkillərə kompensasiya ödəməsinə qərar verilib.

Ana səhifəSiyasət16 saylı Cəzaçəkmə Müəssisəsində vəkil zorakılığa məruz qalıb