İranın ən böyük həbsxanası sayılan Qızılhisarda azı 1500 ölüm məhkumu edamların artmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
Bu barədə The Guardian nəşri yazıb.
Məlumata görə, Tehran yaxınlığında yerləşən həbsxanada bəzi məhbuslar etiraz əlaməti olaraq dodaqlarını tikiblər.
İran insan hüquqları təşkilatları bildirirlər ki, aksiya iki həftə əvvəl narkotik ittihamları ilə ölüm cəzasına məhkum edilmiş altı nəfərin mümkün edamdan əvvəl təkadamlıq kameralara köçürülməsindən sonra başlayıb.
Aclıq aksiyası İranda edamlara qarşı məhbusların başladığı kampaniyanın davamıdır. Kampaniya 2024-cü ilin yanvarında başlayıb və sonradan ölkənin müxtəlif həbsxanalarına yayılıb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, ABŞ-la müharibə fonunda İranda edamların sayı kəskin artıb. Ölüm hökmü verilən şəxslərin ailələri və insan hüquqları təşkilatları ölkədə vəziyyətin daha da ağırlaşdığını bildirirlər.
“The Guardian”a danışan Tehrandakı mənbələrdən biri deyib ki, hakimiyyət xarici təhlükə azalan kimi daxildə repressiyaları gücləndirir.
“Rejimin üzərindən müharibə kölgəsi bir qədər çəkilən kimi hakimiyyət daha da qəddarlaşır”.
Mənbənin sözlərinə görə, ABŞ və İran arasında atəşkəs barədə razılıq əldə olunan günlərdə də edamlar davam edib.
“Guya müharibə başa çatandan sonra edamların sayı daha da artıb”, – o bildirib.
Osloda yerləşən “Iran Human Rights” təşkilatının məlumatına görə, bu il İranda azı 424 nəfər edam edilib. Daha yüzlərlə insan ölüm hökmünün icrasını gözləyir.
Təşkilat bildirir ki, edamların böyük hissəsi narkotik ittihamları ilə bağlıdır.
Çərşənbə axşamı İran hakimiyyəti hökumət əleyhinə etirazlar zamanı iki polis əməkdaşının ölümündə ittiham olunan iki nəfəri edam edib. Onlar “Allaha qarşı müharibə aparmaq” maddəsi ilə təqsirli biliniblər.
Məlumata görə, bu il yanvar etirazları ilə əlaqəli 26 nəfər edam olunub.
“Iran Human Rights” təşkilatının direktoru Mahmud Əmiri-Müqəddəm bildirib ki, narkotik ittihamları ilə ölüm cəzasına məhkum olunanlar edam gözləyən ən müdafiəsiz və səsi eşidilməyən məhbuslar arasındadır.
“Təkcə ötən il narkotik ittihamları ilə azı 795 nəfər edam edilib. Bu edamlara demək olar ki, heç bir beynəlxalq reaksiya olmayıb. Ölkə daxilində və sosial şəbəkələrdə həmin şəxslərin həyatını xilas etmək üçün ciddi kampaniyalar aparılmayıb”, – o deyib.
Əmiri-Müqəddəmin sözlərinə görə, Qızılhisar həbsxanasındakı məhbuslar aclıq aksiyasına başlamaqla böyük risk edirlər.
“Onlar hakimiyyətin istənilən an onları edam edə biləcəyini bilirlər. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətin səslərini eşidəcəyi və bu edamların siyasi bədəlini artıracağı ümidi ilə etiraz edirlər”, – o bildirib.