Azərbaycanın gübrə böhranı: idxal etdiyi gübrənin tonu 32,6 faiz bahalaşıb, istehsal isə geriləyib

Gübrə. Foto: “margin.az”

Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji və xammal risklərinin, eləcə də 2026-cı ildə Fars Körfəzində hərbi gərginliyin ən çox təsir etdiyi sahələrdən biri gübrə bazarı olub. Statistik rəqəmlər göstərir ki, Azərbaycan da gübrə təminatı ilə bağlı böhrandan irəli gələn problemlərdən yan qaça bilməyib.

Ümumiyyətlə, 2026-cı ilin fevral ayının sonunda Hörmüz boğazının bağlanmasından sonra bu məhsulların qiymətləri kəskin şəkildə bahalaşıb.

Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, kənd təsərrüfatında ən çox istifadə olunan karbamidin qiyməti qısa müddətdə dünya birjalarında iki dəfə artaraq tonu 856 dollara qədər yüksəlib. 2026-cı ilin iyun ayında yenidən 453 dollar/ton səviyyəsinə düşüb. Yaxın Şərq qlobal karbamid ixracının təxminən üçdə birini təmin edir. 2026-cı ilin fevral ayının sonundan iyul ayınadək ixrac üçün nəzərdə tutulan 3,9 milyon ton məhsulun satışı dayandırılıb.

Böyük gübrə təchizatçılarından biri olan Çinin karbamid ixracına tətbiq etdiyi qadağanı ləğv etməsindən sonra bu ilin may ayında qiymətlərdə müəyyən yumşalma müşahidə olunub. Bununla belə, davam edən müharibələr hələ də gübrə sektorunda tələbata və qiymətlərə ciddi təsir göstərir.

İran-ABŞ qarşıdurmasının ilk günlərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatlarında qeyd edilirdi ki, Hörmüz boğazında yaranan fasilələr qlobal kənd təsərrüfatı sektorunda böhrana səbəb ola bilər. Bu boğaz Körfəz regionundan ixrac olunan azot əsaslı gübrələr üçün əsas nəqliyyat marşrutu hesab olunur.

Körfəz regionu hər il təxminən 16 milyon ton gübrə ixrac edir ki, bunun da 67 faizini karbamid təşkil edir. Bu həcm qlobal karbamid ticarətinin 25 faizini təmin etdiyindən, 2026-cı ilin birinci rübündə gübrə qiymətlərinin 35 faiz artmasına səbəb olub.

Böhran, həmçinin gübrələrinin istehsalının maya dəyərini də artırıb.

Azərbaycan gübrənin tonunu baha alıb, ucuz satır

Dünya bazarında gübrə çatışmazlığı və bahalaşma ilə ilə bağlı yaranan böhran Azərbaycanın da bu sahədəki əməliyyatlarına və istehsalına ciddi təsir göstərib. Azərbaycanın  Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin birinci yarısında idxal olunan gübrələrin 1 tonunun qiyməti 32,6 faiz artıb.

Əgər ötən ilin eyni dövründə idxal olunan gübrənin 1 tonunun orta qiyməti 486 dollar təşkil edirdisə, bu ilin ilk yarısında həmin orta göstərici 645 dollara qədər bahalaşıb.

Eyni zamanda, Azərbaycana idxal olunan gübrələrin həcmlərində də azalma müşahidə olunub. 2025-ci ilin yanvar-iyun aylarında ölkəyə 95,2 min ton gübrə idxal edildiyi halda, 2026-cı ilin müvafiq dövründə bu rəqəm 77,5 min ton olub. Bu isə idxal həcmlərinin 18,5 faiz azalması deməkdir.

Həcmlərdə azalma qeydə alınsa da, idxalın ümumi dəyəri artıb. Hesabat dövründə xaricdən gübrə idxalına 46,3 milyon dollar ödənildiyi halda, bu ilin ilk yarısında həmin göstərici 50 milyon dolları ötüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda azot və karbamid istehsalında da 20 faizdən çox azalma qeydə alınıb. Ölkədə gübrə istehsalı əsasən SOCAR-a məxsus Karbamid Zavodunda həyata keçirilir. Hələ ki, istehsaldakı azalmanın səbəbləri rəsmi şəkildə açıqlanmayıb.

İstehsalın azalması ixrac göstəricilərinə də təsir edib. 2025 və 2026-cı illərin birinci yarısının göstəriciləri müqayisə edildikdə, ixrac olunan gübrənin həcmi 320,4 min tondan 173 min tona qədər azalıb. Bu, təxminən 1,8 dəfədən çox azalma deməkdir.

Eyni zamanda, ixracdan əldə olunan gəlirlər də 92,8 milyon dollardan 73,9 milyon dollara düşüb. Beləliklə, satışdan əldə olunan gəlir 20,3 faiz azalıb.

Statistikaya əsasən, Azərbaycan cari ildə 1 ton gübrəni orta hesabla 427 dollara ixrac edib. Ötən illə müqayisədə daha yüksək qiymətə sata bilib. Lakin ötən ilin müvafiq dövründə ixdal və ixrac qiymətlərini hesabladıqda ölkənin gübrə ticarətində 46,5 milyon dollarlıq müsbət saldo yarandığı halda, bu il 24 milyon dollara düşüb. Ticarət dövriyyəsində saldonun azalması ixrac həcminin kəskin düşməsi və idxal olunan məhsulun kəskin bahalaşması ilə bağlıdır.

Ana səhifəİqtisadiyyatAzərbaycanın gübrə böhranı: idxal etdiyi gübrənin tonu 32,6 faiz bahalaşıb, istehsal isə geriləyib