Dövlət məktəblərində müəllimlər üçün dress-kodun hüquqi əsasını yaradan qanun qəbul edilib. Müəllimlər isə deyirlər ki, geyimdən əvvəl maaş, məktəblərin şəraiti və təhsildəki digər sistemli problemlər həll olunmalıdır.
“Əgər Azərbaycan hökuməti təhsilin keyfiyyətinin yüksəlməsini istəyirsə, birinci növbədə dərsliklərin keyfiyyətini, məktəblərdəki istilik təminatını, sinif otaqlarının təchizatını nəzərə almalıdır. Hələ indiyə qədər bizim rayonumuzda elə məktəblər var ki, orada ümumiyyətlə heç bir istilik sistemindən, elektrikdən, qazdan, yanacaqdan söz gedə bilməz. O şəraitdə işləyən müəllimlər 5-6 saat müddətində həmin binanın daxilində nə qədər komfortlu ola bilər, nə qədər rahat ola bilər o kostyumlarda?”
Bu sözləri Meydan TV-yə adının açıqlanmasını istəməyən Neftçala rayonunda çalışan orta məktəb müəlliməsi deyir. Onun fikrincə, müəllimlər üçün vahid geyim qaydası təhsildə mövcud olan əsas problemləri arxa plana keçirir. Müəllim hesab edir ki, dövlət ilk növbədə məktəblərin fiziki şəraiti, müəllimlərin əməkhaqqı və iş yükü kimi məsələləri həll etməlidir.
Bu narazılıq Milli Məclisin iyulun 22-də qəbul etdiyi qanun dəyişikliyindən sonra səslənib.
Qanun nəyi dəyişir?
Milli Məclis “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edərək dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyim tələblərinə əməl etməsini qanunvericilik səviyyəsində təsbit edib.
Dəyişikliyə əsasən, dövlət məktəblərində çalışan müəllimlər üçün geyim tələbləri müəyyən ediləcək. Bu standartların konkret məzmununu isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum hazırlayacaq.
İndiyədək dövlət məktəblərində yalnız şagirdlər üçün vahid geyim forması tətbiq edilirdi. Nazirlər Kabinetinin 2022-ci il qərarı ilə məktəbli formalarının dörd rəng-modeli təsdiqlənmişdi. Yeni dəyişiklik müəllimlərin geyimi ilə bağlı hüquqi baza yaradır.
Lakin əsas müzakirə də məhz burada başlayır: söhbət sadəcə peşəkar görünüşü müəyyən edən dress-koddan gedir, yoxsa gələcəkdə müəllimlər üçün faktiki vahid forma tətbiq olunacaq?
Dress-kod, yoxsa vahid forma?
Bu iki anlayış çox vaxt eyni mənada işlədilsə də, fərqli məna daşıyır.
Dress-kod ümumi çərçivəni müəyyən edir. Burada əsas tələb geyimin səliqəli, peşəkar mühitə uyğun, təhlükəsiz və etik normalara cavab verməsidir.
Vahid forma isə konkret rəng, biçim və geyim dəstinin məcburi tətbiqini nəzərdə tutur.
Qanunda müəllimlər üçün konkret forma təsvir olunmur. Ancaq konkret qaydaların hələ açıqlanmaması gələcəkdə vahid formanın tətbiq ediləcəyi ilə bağlı müəllimlər arasında narahatlıq yaradıb.
“Kostyum satmaq üçün kampaniya aparırlar”
Neftçalada çalışan müəllimə deyir ki, qanunda konkret forma müəyyən edilməsə də, artıq bəzi media resurslarında müəyyən kostyum nümunələri müəllim geyimi kimi təqdim edilir.
“Qaydalar yazılıb, amma orada geyimin konkret necə olacağı haqqında heç bir məlumat yoxdur. Sadəcə məhdudiyyətlər göstərilib. Amma xəbər portalları, hökumətin trol saytları artıq hansısa bir şirkətin tikdiyi kostyumları müəllimlərə sırımaqdan ötrü kampaniya aparırlar. Hamısı eyni kostyumu təqdim etməyə çalışır”.
Təhsil eksperti Məzahir Məmmədli yerli mediadan birinə yeni qəbul edilən qanunla bağlı açıqlamasında qeyd edib ki, vahid forma müəllimlərin vaxtına qənaət etməsinə, onların nüfuzunu qorumasına, habelə şagirdlərlə münasibətinə xidmət edir.
Meydan TV-yə danışan müəllimə isə ekspertin bu fikri ilə razılaşmır və müəllimlərin onsuz da məktəbə klassik və səliqəli geyimdə gəldiyini deyir.
“Heç bir kostyum ütüsüz geyinilmir. Bizə sırıdıqları kostyumu da yenə ütüləyəcəyik. Bu idman geyimi deyil ki, vaxta qənaət olunsun. Məqsəd hansısa məmurun və ya keçmiş məmurun şirkətinə pul qazandırmaqdır”.
Müəllimlərin əsas narahatlıqları nədir?
Müəllimənin sözlərinə görə, təhsil sistemində həllini gözləyən problemlər daha ciddidir.
O bildirir ki, sertifikasiya imtahanından yüksək nəticə göstərməsinə baxmayaraq, əməkhaqqındakı artım məhdud olub:
“Mən sertifikasiyada 53 bal topladım. Buna görə maaşım cəmi 10 faiz artdı və beş il bu artımla işləyəcəyəm. Növbəti beş ildə yenidən imtahan verməliyəm ki, 35 faizlik artımı ala bilim. Bu müddətdə kommunal xidmətlər, ərzaq bahalaşır, amma maaşımız dəyişmir”.
Onun sözlərinə görə, məktəblərdə çap işləri, qiymətləndirmə materialları və digər xərclərin bir hissəsi də müəllimlərin üzərinə düşür.
Müəllim bölgələrdə məktəblərin birləşdirilməsinin də yeni problemlər yaratdığını deyir.
“Rayonlarda məktəblər bağlanır, müəllimlər başqa məktəblərə köçürülür. Nəticədə eyni fəndən dərs deyən müəllimlərin sayı artır və dərs saatları bölünür. Hamının maaşı azalır. Təhsil Nazirliyi bunları həll etməyə çalışsa daha yaxşı olar”.
Sosial şəbəkələrdə də bir çox müəllim oxşar fikirlər səsləndirərək dövləti forma deyil, maaş artımı və iş şəraitinə diqqət ayırmağa çağırıblar.
Beynəlxalq təcrübə iddiaları nə dərəcədə doğrudur?
Qanun layihəsini dəstəkləyən təhsil eksperti Elmin Nuri yerli mediaya açıqlamasında Cənubi Koreya və Skandinaviya ölkələrini nümunə göstərərək müəllimlər üçün vahid geyim praktikasının mövcud olduğunu bildirib.
Lakin açıq mənbələr bunu təsdiqləmir.
Cənubi Koreyada məktəblilərin vahid forması geniş tətbiq olunur. Ancaq müəllimlər üçün ölkə səviyyəsində məcburi vahid forma yoxdur. Məktəblərdə əsasən “business casual” (rəsmi, amma rahat iş geyimi), “semi-formal” (yarı-rəsmi geyim) və peşəkar görünüş prinsipləri tətbiq edilir və qaydalar məktəbdən məktəbə dəyişə bilir.
Skandinaviya ölkələrində də vəziyyət oxşardır. Finlandiya, İsveç, Norveç və Danimarkada dövlət məktəbi müəllimləri üçün vahid forma tələbi mövcud deyil. Hətta bu ölkələrin əksəriyyətində şagird forması da məcburi deyil.
İsveçdə məktəb forması tətbiq edilən hallarda belə onun könüllü olması vurğulanır. Finlandiyada isə geyim qaydaları daha çox təhlükəsizlik, rahatlıq və hava şəraiti ilə əlaqələndirilir.
Valideynlər üçün də yeni öhdəlik
Qanundakı dəyişiklik yalnız müəllimlərə aid deyil.
Yeni qaydalara əsasən, valideynlər də övladlarının məktəbə müəyyən edilmiş geyim formasında gəlməsini təmin etməyə hüquqi baxımdan cavabdeh olacaqlar.
Beləliklə, qanun geyim qaydalarını həm müəllim, həm də şagird üçün hüquqi öhdəliyə çevirir.
Lakin sosial media hesablarında bununla bağlı öz narazılıqlarını ifadə edən müəllimlər hesab edir ki, təhsil sistemində əsas problemlər həll edilmədən geyim məsələsinin ön plana çıxarılması onların gündəlik qarşılaşdığı çətinlikləri aradan qaldırmır. Onların fikrincə, müəllim peşəsinin nüfuzunu artıran əsas amillər vahid geyim deyil. Məktəblərin infrastrukturunun yaxşılaşdırılması, əməkhaqlarının artırılması, dərs yükünün tənzimlənməsi və iş şəraitinin yaxşılaşdırılması buna daha çox təsir göstərə bilər.