Meydan TV yeni rubrikaya start verir. “Qandalsız söz” adlanan bu rubrikada siyasi motivlərlə həbs olunduğu bildirilən jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin, siyasətçilərin və digər siyasi məhbus kimi tanınan şəxslərin səsini həbsxana divarlarının arxasından oxucularımıza çatdırmağa çalışacağıq. Məqsədimiz onların baxışlarını, mövqelərini və ölkədə baş verən hadisələrə dair düşüncələrini bütün məhdudiyyətlərə baxmayaraq ictimaiyyətə çatdırmaqdır.
Rubrikanın ilk qonağı “Toplum TV işi” üzrə həbsdə olan Toplum TV-nin həmtəsisçisi, hüquqşünas və media eksperti Ələsgər Məmmədlidir. Onunla söhbətdə həbsdə keçirdiyi dövr, “Toplum TV işi”, Azərbaycanda media və vətəndaş cəmiyyətinin vəziyyəti, eləcə də hüququn aliliyi və ifadə azadlığı ilə bağlı fikirlərini oxuculara təqdim edirik.
– Ələsgər bəy, həbs həyatının sizin üçün ən ağır tərəfi nə oldu?
– Həbsin məndə yaratdığı an ağır travma müstəqilliyi üçün, bayrağını kommunist sistemdə qaldırmaq üçün mübarizə apardığım Azərbaycanımın hüquqdan yoxsul cəngəllik “qanunları” ilə işləməsini birbaşa təcrübə etməyim, yaşamağım oldu. Hüququn “H”-sinin belə olmadığını görmək, yaşamaq mənəvi cəhətdən insanı məhv edir. Ölkəyə, onun gələcəyinə, cəmiyyətin gələcəyinə inamı zədələyir. Şəxsi həyatıma gəldikdə ən ağır tərəfi orta məktəbdə oxuyan övladımın buraxılış imtahanı həftəsində həbs edilməyim, ayrıca xaricdə təhsil alan digər övladımın təhsil xərclərinin qarşılanmasında yaranan problemlər oldu. Mən düşünürdüm ki illik az-çox gəlirlərimlə övladlarıma normal təhsil imkanı yaradaram. Məni və övladlarımı bundan məhrum etdilər.
– Bu formada həbs edilmək insanın hüquq anlayışını dəyişirmi? Həbsdən sonra insanlara və dövlətə baxışınız dəyişibmi?
-Mənim hüquq anlayışım budur ki, “hüquq-dürüst yaşamaq, heç kimə zərər verməmək və hər kəsə layiq olduğu dəyəri verməkdir.” 40 ildir hüququn üstünlüyünün bərqərar olması və ədalətin formalaşmasına çalışan, tədris edən bir ziyalı olaraq, hüquqa baxışım dəyişməyib, dəyişməz. Hüququn yoxluğunun yaratdığı düşüncə ilə, hüquqa münasibət fərqlidir. Hüquq mövcud olsa, cəmiyyətdə ədaləti təmin etsə, ədalətsizliklər, özbaşınalıqlar olmazdı. Hüquqa münasibətim daha da inkişaf etmiş, bərkimişdir. Dövlətə münasibətə gəldikdə, dövlətlə onu yönəldən, idarə edən siyasi hökumət fərqli şeylərdir. Dövlət toplumun ictimai sazişi, müqaviləsidir. Dövlət maşındır, hökumət sürücü. Sürücü çox əla bir maşını gözünü yumub bilə-bilə divara vurarsa, burada maşının günahı ola bilməz. Deməli maşının özünə münasibəti də dəyişə bilməz. Önəmli olan ictimai sazişin tərəfi olan fərdlərin “sürücü” seçmə hüquqlarına sahib çıxa bilməsi, “maşını” ağılla, peşəkarlıqla, səbrlə idarə edən “sürücü”lərə əmanət edə bilməsidir. Maşın sürücülük qabiliyyəti və hüququ olmayanlar tərəfindən “qaçırılıb”, idarə olunursa, qarşısına çıxan bizim kimi ziyalıları da əzib keçir, ciddi qəzalar törədir. İnsanlara baxışıma gəldikdə, mən praqmatik biri olduğumu düşünürəm. Sadə insanların nəyə qadir olduğunu, nəyə müdaxilə imkanları olub-olmadığını biləcək qədər bilgiliyəm. İnsanlara baxışım dəyişməyib, dəyişməz.
“Hüququn qəsb olunması ölkənin sivil vətəndaşlarını açıq şəkildə girova çevirib”

– Həbsdən əvvəl hüququ nəzəri və praktik olaraq bilirdiniz. İndi onu məhbus kimi necə görürsünüz?
– Qeyd etdiyim kimi hüquqa münasibətim dəyişməyib. Hələ illər öncə bir çıxışımda vurğulamışdım ki, “hüquq siyasətin, siyasətçinin dəyənəyi olarsa, əzici, dağıdıcı olar. Bu da dövlətin təməl sütununu laxladar, uçurar.” Həbsdə bunu aydın görür və zərrə-zərrə, addım-addım buna gedildiyinə üzülürəm.
– Həbsxanada ən çox nə barədə düşünürsünüz?
– Həbsxanada ən çox hüququn, hüquq mühafizə orqanlarının, ədaləti təmin etməli olan məhkəmələrin içində olduqları bataqlığı, çirkabı düşünürəm. Bizlər siyasi məhbuslarıq. Lakin 2500 nəfər “sakini” olan Bakı İstintaq Təcridxanasında rastlaşdığım hər 10 nəfərdən 9-nun hüququn yox, hüququ “əzici” alətə çevirən bu qurumların qurbanı olduğunu görürəm. Hüququn qəsb olunması ölkənin sivil vətəndaşlarını açıq şəkildə girova çevirib. Bunu yalnız burada olanlar daha aydın görə bilir. Belə davam etməz, etməməli!
– Həbsdə olduğunuz bu müddət ərzində sizi ayaqda saxlayan nə olub?
– Məni 2 il 5 aydır heç bir hüquqi, legitim praktik əsas olmadan girovluqda saxlamaq, insani davranış deyil. Hələ sağlamlığımda da ciddi problem varsa, durum daha da ağırlaşır. Lakin məni ayaqda saxlayan ilk növbədə 122 həftədir hər gün şəkər xəstəsi olduğum üçün həftəlik diyetik qidalarımı təcridxanaya gətirən ailəmin, həyat yoldaşımın, övladlarımın, qardaşlarımın, bacılarımın ən önəmlisi 83 yaşlı anamın sevgi və inamlarının bir zərrə qədər azalmamasını görmək, hiss etməkdir. Dünyanın dörd bir tərəfindən tələbələrim yazdıqları məktublardır. Cəmiyyətin müxtəlif təbəqələrindən gələn dəstək mesajlarıdır. Nəhayət ən başlıcası vicdani rahatlığımdır. 50 yaşımı belə kirayədə yaşadığım mənzilimdə keçirərkən nə özüm, nə övladlarıma bir zərrə haram yedirməməyim, yeməməyimdir. Heç bir böhtan, qarayaxma məni yıxa bilməz. Vicdanım rahatdır. Verə bilməyəcəyim heç bir hesabım yoxdur. Məni girovluqda saxlayan siyasi iradə sahibləri, mənə 189 səhifəlik ittiham aktı hazırlayan o “sistem kölələri”, məni 29 aydır həbsdə saxlayan “məhkəmə”, “hakim” adlı o sifariş qulları heç bir zaman mənim vicdani rahatlığımın milyonda birinə sahib ola bilməyəcəklər.
– Azadlıq anlayışı sizin üçün bu gün əvvəlkindən fərqlidirmi?
– Mənə görə azadlıq heç vaxt sadəcə fiziki anlayış olmayıb. Azadlıq daha çox mənəvi anlayışdır. Mən mənən azadam və bunu heç bir həbsxana, heç bir hücrə, heç bir qapalı məkan məhdudlaşdıra bilməz. Fiziki məhdudiyyətlər – 30 aydır ulduzları seyr edə bilməmək, sadəcə baxarkən görmək imkanını məhdudlaşdırır. Əsas mənəvi gözlərinlə baxa bilməkdir. Mən 122 həftədə 250 əsər oxumuşam. Hər oxuduğum əsərdə, əsərin cərəyan etdiyi məkanda olmuş, onu yaşamışam. Bu duyğunu yaşamaq üçün insanın ən zəngin orqanı olan beyni doğru istifadə etmək lazımdır. Mən bu baxımdan çox şanslıyam. Bir gün Düma ilə bütün Qafqazı gəzirəm, bir gün Jan Jak Russonun “Etirafları” ilə Paris, Cenevrə, İtaliyanı gəzirəm, bir gün Saymon Sebaq ilə Stalinin “Qırmızı çarın Sarayı”nı – Kremli gəzir, onun intriqalarla dolu koridorlarında addımlayıram, bir gün Yalçın Doğanla “Dar sokakda siyasət” yapan Süleyman Dəmirəlin 1980-ci il hərbi çevrilişdən sonrakı sürgün günlərini keçirirəm. Bir gün Stefen Kinzer ilə “Şahın bütün adamları”nın İranda nefti milliləşdirən Müsəddiqə xəyanətini izləyirəm. Bir gün 31 illik diktator “Stalinin son günləri”ndə sidik içərisində döşəməyə düşmüş halını Cosua Rubensteynin gözləri ilə görürəm. Bir gün Yuval Noah Harrari ilə “21-ci yüzyıl için 21 dərs”i gələcək tələblərimə keçirəm. Bir gün Salome Zurabişvilini “Gürcüstana doğru” aparan yolu seyr edirəm. Bir gün Rəcəb Tayyib Ərdoğanla “Daha adil bir dünyanın” mümkünlüyün mühabisə edirəım. Bir gün Nelson Mandellanın “Özü ilə danışmasını” 31 illik həbsxanada – hücrədə dinləyirəm. Bir gün Vaslav Haveldən “Bir həyatın hekayəti”ni, o biri gün Rəsulzadənin “Stalinsiz ixtilal xatirələrini”, başqa bir gün Monteskuyenin “İran məktubları”nın oxuyuram. Bu zaman gah Praqa küçəsində, gah Tehrandan Parisə gedən qasidin arabasında, gah da Bakıdan Moskvaya hərəkət edən Stalinlə Rəsulzadəni aparan qatarda pəncərədən baxanda ac-yalavac, əlacsız “kommunizmin qurucuları” arasında özümü hiss edirəm. Bir gün Jon Perkinslə, növbəti gün Steven Hiatt ilə, kürəsəl imperatorluq quran ABŞ-nin “Bir ekonomik tətikçisinin etirafları”nı, növbəti gün “çaqqalların” Latın Amerikasında, Afrikada, Orta Doğuda hakimiyyət çevrilişlərini, sui-qəsdlərini heyrətlə izləyirəm. Növbəti bir gün Tomas Qoltz ilə “Azərbaycan Günlüyünü səhifələyir, onunla Qroznida Qamsoxurdiyanı dəfn edib, ondan sonra Ankaraya eyni təyyarədə Elçibəylə uçub, Turqut Özalın dəfnində iştirak edirik.
Şimali Koreya diktatoru Kim Yong Undan qaçan 13 yaşlı çərəsiz Yeonmi Park ilə “Yaşamaq üçün” bütün Monqolustan səhrasını mənfi 20-25° soyuqda gecə ay işığında, hər dəqiqə Çin əsgərlərinin gülləsinə tuş gələcək əndişəsi ilə keçir, sonra Barmasi Martinin gözü ilə Çində siyasi təqibə məruz qalan Ai Veyveynin məşəqqətli Çin həbsxanasının “yumşaq” divarları arasında əlində silah tutmuş iki əsgərin göz qırpmadan mənə baxan nəzərləri altında yatmağa çalışıram.
Düşünmə gücümə, beyin fəaliyyətimi artırmaq üçün David Eaqlemandan “Incoqnito: Beynin gizli həyatı”nı, Viktor Frankl ilə Hitlerin konslagerində “Həyata hə deməyi”, Brian Tracy ilə “Məqsədlərə” çatmağı, V. Frankl ilə “İnsanın anlam anlayışını”, Josef Mörfi ilə “Şüuraltının gücü”nü, Jane Austen ilə “Qürur və önyarğı”nı, Exart Tolle ilə “İndinin gücü”nü, Henrik Fexeus ilə “Ağıl oxuma sənətti”ni, Brian Tracy ilə “Bəhanələrə yox! Daxili intizamın gücü”nü, Rob Brotherton ilə “Şübhəli zehinləri”, Joe Navarro ilə “Bədən dili”ni, Richard Charson ilə “Sakit yaşamaq istəyirsinizsə” xırda məsələləri dərd etməməyi kəşf edirəm.
Gah tarix üçün bir yolçuluğa çıxaraq İsgəndərlə Atropatenaya səfər edir, oradan Qumilyovla Hunlara qoşulub, Tyan-Şan (Tanrı dağları)dan Orta Asiya ovalıqlarını keçib Avropaya, Dunay çayına qədər gəlir, sonra Şərqi Roma imperatorluğunun üzərinə Atilla ilə bərabər at belində addımlayıram. Patrick O’brayan ilə Sarı dənizdən Çini-Tibeti keçib “Səmərqəndə gedən yol”a çıxır, Neygel Kavtern ilə insanlığa ən böyük zərbə vuran “Tiranlar”ı tanıyır, Timothy Snyder ilə “Hitlerlə Stalin arasında sıxışıb qalan Şərqi Avropanı” dolaşıb, Banu Avar ilə “Sınırlar arasında” bütün Balkanları gəzir, Boris Yeltsin ilə “Gündoğandan Günbatana qədər” səyahət edir, Larisa Vasilyeva ilə “Kremlin arvadları” Krupskayadan Raisa Qorbaçovaya qədər “kəşf” edir, arada Harari ilə “Homo Deus”la sabahın qısa tarixinə də yolçuluğa çıxıram.
Bəzən mənəvi aləmə yolçuluğa çıxır, Əlixan Musayevin tərcüməsində “Qurani-Kərimi” oxuyur, kamera yoldaşımın 17 il həbsə məhkum Şeyx Sərdarla məndə yaranan sualları müzakirə edir, onun orijinalından oxuyaraq möhtəşəm izahını dinləyir, Hayati Aydının baxışı ilə “Kuran”da insan psixologiyasını, Bernard Lewis ilə “İslamın siyasi dili”ni, “Müsəlmanların Avropanı kəşfi”ni, Paskal Boyer ilə “Dinin açıqlanması”nı, Mixail Krasin ilə “Cihad” Kəşmirdən Nyu-Yorka qədər” dinin terrorla əlaqələndirilərək sui-istifadəsini, Aliya İzzetbegoviç ilə “Doğu Batı arasında İslamı, Bernard Lewis ilə Semitizm və Antisemitizmi, Sigmund Freud ilə “Totem və Tabu”ları, İncili İsanın 12 Havariləri (şagirdləri) ilə apardıqları mübarizəni, insanlıq tarixində soyqırımı məcburi bir dini görəv olaraq görən, “heç kimi həyatda buraxmayın, hamısını yox edin, Hitit, Kənan, Periya, Hiv və Yevus Xalqlarını – Tanrınız Rəbbin buyurduğu kimi” (Təsniyə 20; 16-17) deyən Tövratı oxuyaraq Qəzza soyqırımının, Fələstin xalqının həqiqi fəlakətinin kökünü kəşf edirəm.
Bəzən ədəbi-bədii ruhumu dincəldən “Nizami Gəncəvinin Xəmsəsini yüksək səslə, Mikayıl Müşfiqin “Əbədiyyət nəğməsi”ni oxuyur, ruhumu dincəldirəm. Con Stuart Mill’in “Azadlıq haqqında” yazdığı əsərdə “Azadlığı” yaşayıram.
– Həbs insanı daha sərt edir, yoxsa daha mərhəmətli?
– Mənim bu suala cavab verməyim çətindir. Mənim sərt və yaxud mərhəmətli olmağıma dair sualın cavabı məndə yox, ətrafımda, məni tanıyanlardadır. Həbs sadəcə sevdiklərinə, səni sevənlərə, ailənə, övladına daha çox zaman ayırmadığına görə təəssüf hissi yaradır. Mən sadəcə iş günlərində yox, şənbə-bazar günlərində də işləyib təlimlər keçirdim. Övladlarıma çox az zaman ayırırdım, anama, ailəmə daha az vaxt sərf edirdim. Bunun üzüntüsünü yaşayıram. Hesab edirəm ki, mərhəmətimdə bir azalma baş verməyib.
“Baş verənləri bir hökumətin ziyalıya, söz azadlığına verdiyi qiymət kimi qiymətləndirirəm”

– Səhhətinizlə bağlı vəziyyətiniz necədir? Müalicəyə çıxış imkanlarınız indi hansı səviyyədədir?
– Əslində sağlamlıq məsələsini müzakirə etməkdən xoşlanmadığım məsələdir. Çox təəssüf ki, 8 mart 2024-də mən müayinə və müalicə aldığım xəstəxanadan çıxarkən maskalı quldurlar tərəfindən oğurlandım, pis rəftara məruz qaldım. Həmin gün məndə qalxanabənzər vəzidə böyüyü 23mm x 17mm ölçüsündə şiş olmaqla, 4 düyüm aşkarlandı. Bu onkoloji xəstəlikdə şişlərin bədxassəli, yoxsa xoşxassəli olmasını müəyyən etmək üçün məhkəmə qərarının çıxarılmasını 4 ay gözləməli oldum. Hazırda bu şişlər daha da böyüyüb. 29 ayda yalnız 1 dəfə 1 ay öncə bir endokrinoloq qəbulunda ola bilmişəm. Bu şişlərin əməliyyatla götürülməsi zəruridir. Bədənin normal harmoniyasını pozan bu xəstəlik həbsxanada olduğum müddətdə əlavə bir neçə xəstəlik “qazanmağıma” səbəb olub. Artıq diabet xəstəsi kimi gündəlik dərman qəbul edirəm. Yüksək arterial qan təzyiqindən əziyyət çəkirəm. Böyrəyimdə daş əmələ gəlib, prostat vəzimdə 7mm şiş yaranıb, öd kisəmdə daşlaşma gedir. Hərəkətsiz, 1 nəfərə 4m² yerdə qapalı mühitdə 29 ay keçirmək xəstəlikləri tətikləyib. Təəssüf ki, 6 aydan bir qan analizi və USM müayinəsi xaricində heç bir tibbi xidmətə çıxışım yoxdur. Bu nəticələr isə çox vaxt etibar edilməz ziddiyyətlərlə suallar yaradır.
– Sizə qarşı bu münasibəti necə qiymətləndirirsiz?
– Mənə qarşı baş verənləri bir hökumətin, bir sistemin ziyalıya münasibəti, söz azadlığına, media azadlığına verdiyi qiymət kimi qiymətləndirirəm. Bir vətəndaşın hüquqlarını qorumaq əvəzinə hüququ alət edib onu əzmək təşəbbüsü kimi qiymətləndirirəm.
– Hüquq sistemində ən çox hansı islahatlara ehtiyac var? Hüquq dövləti qurmaq üçün ilk addım nə olmalıdır?
– Dövlət, onun qurumları, cəmiyyətlə münasibətlər vahid orqanizm kimidir. İnsan orqanizmində orqanlarından biri iflas edərsə, öz funksiyasını icra edə bilməzsə, qısa müddətdə bütün orqanizm iflic olar, bədən çökər, insan yaşama qabiliyyətini itirər. Demokratik idarəetmədə hakimiyyətin səlahiyyəti hakimiyyət qolları arasında ona görə paylaşılır ki, bütün güc tək əldə toplanmasın. Tək qurumda – orqanda dövlət səlahiyyətləri praktik olaraq toplandıqda digər orqanlar formal olaraq mövcud olsa da, funksional ola bilməz. Bu zaman sadə fərdlər ən zəif halqa olduğundan ən çox zərər onlar görür, hakimiyyət gücü altında əzilir. Yəni bir sistemdə həqiqi anlamda hakimiyyət bölgüsü olmasa, azad, ədalətli seçkilər keçirilməsə, orada hüquq ədaləti təmin edən vasitə olmaqdan çıxıb, hakimiyyət gücünün öz keyfinə görə istifadə edən hakimiyyət qolunun “dəyənəyi” rolu oynayar. Bir sözlə siyasi islahat olmadan, siyasi baxışlar dəyişmədən hüquq sistemində islahat mümkün deyil.
“Hökumətin yazdırdığı uydurma nağıl”

– Sizcə, “Toplum TV işi” hüquqi baxımdan sizə nə deyir?
– “Toplum TV işi” hüquqi yox, siyasi işdir. Bu iş ölkədə hüququn mövcud olmadığını deyir. Bu iş ölkədə ədalət sisteminin mövcud olmadığını deyir. Bu iş ölkədə mediaya, azad, peşəkar mediaya hökumətin dözümünün olmadığını, 4-cü hakimiyyətə nifrət etdiyini deyir.
– Sizə qarşı irəli sürülən ittihamları necə qiymətləndirirsiniz?
– Mənə qarşı, o cümlədən mənimlə bərabər digər 8 nəfərə qarşı irəli sürülən “ittiham” yox, böhtandır. Bir cümləsinə 7500 söz sığışdırılan, Ginnesin rekordlar kitabına düşən taftologiyadır. Dünyanın hər hansı bir ölkəsində 1 cümlədən ibarət 25 səhifəlik ittiham aktı olması mümkün deyil. Mənə qarşı irəli sürülən tək cümlədən ibarət ittiham cümləsi 25 A4 səhifəsidir. Ortada nə cinayət, nə cinayətkar, nə sübut, nə də hüquq yoxdur. Hökumətin yazdırdığı uydurma nağıl var. Özlərinin də güldüyü, təəccübləndiyi nağıl.
– Bu cinayət işi media azadlığına hansı təsiri göstərdi?
– Öncə AbzasMedia ilə başlayan, Xural TV, Kanal13 də daxil olmaqla, Toplum TV ilə davam edən və Meydan TV ilə yekunlaşan bu saxta cinayət işi azad medianın tabutuna vurulan son mismardır.
– Bu prosesdə və həbsinizdə sizi ən çox təəccübləndirən nə oldu?
– Mən yaşadığım, hüquq müdafiəsi ilə, media hüquqlarının müdafiəsi ilə məşğul olduğum ölkədə hər şeyi, hər kəsi yaxşı tanıdığım üçün heç nəyə təəccüblənmirəm. Lakin bizim müstəntiqlərin, bizim prokurorların “cinayət yaratma” məntiqinə yenə də təəccübləndim. 2007-ci ildən VÖEN qeydiyyatında olan və hər il, hər rüb vergilərimi, DSMF və s. ödənişlərimi edən mən qanuni sahibkarlıqla 18 ildir məşğul olduğum halda mənə “qanunsuz sahibkarlıq” iddiası ilə cinayət işi açılıb. Cinayət işində əlavə etdiyim vergi şəxsi hesabımdan çıxarışlarla hər ay vergi və s. ödənişləri ödəməyimə baxmayaraq, vergi və DSMF ödəməkdən yayınma ittihamları ilə üz-üzəyəm.
Hüquqi xidmət göstərdiyim fiziki və hüquqi şəxslərlə “xidmət müqavilələri” imzalayıb, işləri icra etdiyim halda və bu müqavilələrin hər hansı bir dövlət qurumunda qeydiyyatı qanunvericilikdə tələb olunmadığı halda, mənə qarşı ittihamda “müqaviləni qeydiyyata aldırmadan” işlədiyim irəli sürülüb. Bütün gəlirlərim Bakıda yerləşən və VÖEN hesabıma gələn yerli bankda olsa da, mənə “qaçaqmalçılıq”la vəsait əldə etdiyim ittihamı irəli sürülüb. Vergisini ödədiyim gəlirlərimin sadəcə 5%-i dəyərində avtomobilimə həbs qoyularaq, onu qanunsuz yolla əldə olunan gəlirlə əldə etdiyim iddia olunub. Halbuki sadəcə həmin maşının yox, on həmin maşın dəyərində gəlirimdən dövlət büdcəsinə ödənişlər etmişəm. Heç vaxt heç kimi işə götürmədiyim, hər bir şəxsin belə bir iddiası olmadığı halda nə cinayət işində, nə şahid ifadələrində heç bir eyham belə olmamasına baxmayaraq, istintaq iddia edir ki, guya mən 10 nəfərdən çox insanı işə götürüb, onların əmək müqavilələrini sistemdə qeydiyyata aldırmamışam. Kimi və ya kimləri məlum deyil, hansı işə harada götürmüşəm məlum deyil. İddiaları faktlarla təsdiqləməli olan ittiham tərəfi ortaya sadəcə bu qədər uydurma mülahizələr qoyur. Mən VÖEN şəxsi hesabımdan çıxarışları, ödənişlərin qəbzlərini, müqavilələrin surətlərini, bank hesabından çıxarışları, əmlakımın gəlirlərimdən dəfələrlə az olduğunun faktlarını məhkəməyə təqdim etsəm də, eyni saxta ittihamlarla 22 iyun 2026-da prokuror 6 epizod üzrə 28 il 6 ay azadlıqdan məhrum olunmağımı tələb edib. Buna hələ də təəccüblənirəm. Bu qədər saxta ittihamla və xəstə halımla həbsdə saxlanmağıma həqiqətən təəccüblənirəm.
– Azərbaycanda media azadlığının bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? Müstəqil medianın gələcəyini necə görürsünüz?
– Azərbaycanda media azadlığının vəziyyətini Media Azadlığı İndeksində 180 ölkə arasında 171-ci yerdə olmaq çox aydın özətləyir. 30-a yaxın jurnalist peşə fəaliyyətinə görə şərlənərək həbs edilib. Azad media nümunəsi olan onlayn mediaların fəaliyyəti cinayət təqibləri ilə dayandırılıb. Qanunvericilik beynəlxalq standartlardan kənarlaşıb, mürtəce normalar azad medianın, peşəkar jurnalistlərin əl-qolunu bağlamaq yolunu tutub. Dövlətin, hökumətin media üzərində hüquqi və praktiki nəzarəti, sahibliyi davam edir. Dövlət büdcəsindən birbaşa və dolayı olaraq yüz milyon manata qədər media qurumlarının kontrolu üçün vəsait xərclənir. Reklam bazarı çox kasaddır, media sahibliyi şəffaf deyil. Bir sözlə media azadlığı ən dibə vurub. Azərbaycanda media fəaliyyəti ilə məşğul olub, müstəqil qalmaq, fəaliyyət göstərmək praktiki olaraq mümkün deyil. Buna ən çox inanan və cəhd edən bizlər – Toplum TV bu gün 9 nəfərlə toplam 128 il azadlıqdan məhrumetmə cəzası istəyi ilə məhkəmədə son sözümüzü deyirik.
– Azərbaycanda beynəlxalq təşkilatlara münasibət niyə dəyişdi?
– Beynəlxalq təşkilatları iki yerə ayırardım. Birinci, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar; İkinci, beynəlxalq “Watchdog” təşkilatları, yəni ayrı-ayrı sahələrdə fəaliyyət göstərən insan hüquqları təşkilatları. Bu ikinci kateqoriya təşkilatlar həmişə arzuolunmaz təşkilatlar olub və onların hesabatları hökuməti narahat edib. Onların da problemləri olub, hər zaman tərəfsiz davrana bilməyiblər. Lakin əsasən daxili insan hüquqlarının vəziyyətinə dair qərəzdən uzaq faktlara söykəniblər. Siyasi məhbus problemini, media azadlığı, jurnalist təhlükəsizliyi problemlərini, vətəndaş cəmiyyətinin üzərindəki basqıları, siyasi fəaliyyətə olan məhdudiyyətləti, seçki idarəetməsindəki problemləri, hüququn aliliyi problemlərini, vəkillərə qarşı basqıları önə çəkib, hökumətdən ədalətli olmağı tələb ediblər. Yalnız milli münaqişə, ərazi bütövlüyü məsələlərində beynəlxalq normalardan fərqli yanaşmaları da olub, hökumət bundan məharətlə istifadə edərək digər məsələlərdə də qərəz olduğunu iddia edib.
1-ci kateqoriya təşkilatlara gəldikdə, ATƏT, AŞ, AŞPA, AB, ABP, BMT ilə əlaqələr hər zaman qarşılıqlı əməkdaşlıqla keçib. Zaman-zaman tənqidi qətnamələr siyasi qurumlardan keçsə də, hökumət əsasən iqtisadi sahədə əməkdaşlığa meylli olub. Lakin ən ciddi dəyişim və bizlərin də həbsi ilə yekunlaşan sərt münasibət 2024-cü il AŞPA-nın qış sessiyasında qəbul olunan qətnamə oldu. Bu günkü Azərbaycan-Ermənistan hakimiyyət orqanlarının əməkdaşlığı, 8 Avqust 2025-ci il tarixli Vaşinqton razılaşması göstərir ki, AŞPA-nın erməni və Ermənistan məsələsindəki mövqeyi yanlış idi. Bu məsələyə beynəlxalq hüquqla Azərbaycanın legitim hüquqi əraziləri üzərində suverenliyinin bərpası kimi yanaşaraq, Ermənistan-Azərbaycan əməkdaşlığını təşviq edən prizmadan yanaşmaq daha doğru seçim olardı. 1 iyul 2026-cı ildə Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyenin Bakı səfərində bu iki Cənubi Qafqaz ölkəsi arasında iqtisadi əməkdaşlığı dəstəkləyən mövqe sərgiləməsi də, aydın göstərir ki, sırf 20 sentyabr 2023-cü il antiterror əməliyyatını böyük bir faciə kimi qələmə verib, Azərbaycana yönəlik addım atılması bəu münasibətləri qıran addım olub. ATƏT-lə bağlı mövqe də eyni eyni səbəbdən gərginləşdi. Ən azından başqa səbəblər də mövcud olsa da, əsas bəhanə bu oldu. Ayrıca 7 oktyabr 2023-cü ildən etibarən 24 ay davam edən İsrailin Qəzza soyqırımı, Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən soyqırım cinayəti işlədiyinin təsbit olunmasından sonra, onun lideri olduğu ölkə hökumətinin İrana, Livana, Qətərə hücumlar etməsi, ABŞ-nin İranı bombalaması, İranın körfəz ölkələrindəki ABŞ hədəflərinə, digər strateji hədəflərə, hətta Türkiyəyə, Naxçıvana ballistik raketlər, dronlar atması, Rusiyanın 24 fevral 2022-ci ildən etibarən Ukraynada işğala cəhd etməsi fonunda AŞPA-nın 2024 yanvar qətnaməsini mənasız edir.
– Beynəlxalq donorların Azərbaycandakı fəaliyyəti barədə deyilən tənqidlərə münasibətiniz necədir?
– 2014-cü ildən etibarən Azərbaycanda beynəlxalq donorların fəaliyyəti məhdudlaşıb. Odur ki, belə bir fəaliyyət mövcud olmadığına görə, ona münasibət də mövcud ola bilməz. Kimin nəyi tənqid etdiyindən məlumatlı deyiləm.
“İnsanları, ziyalıları, jurnalistləri, aktivistləri, gəncləri, xəstə yaşlıları şərləmək, həbs etmək cinayətdir”

– Arxaya baxdınızda bu gün düşdüyünüz duruma görə harada səhv etdiyinizi düşünürsünüz?
– Bu gün ziyalı olduğum, cəmiyyətdə insanları maarifləndirdiyim üçün, insan hüquqlarını qoruduğum, müdafiə etdiyim üçün, medianı, jurnalistləri maarifləndirdiyim üçün, hüquqlarını müdafiə etdiyim üçün qanunvericiliyin problemlərini dediyim, təkmilləşdirmə tələb etdiyim üçün həbs olunmuşam. Bunlar səhv hərəkətlər yox, nümunəvi hərəkətlərdir. Ziyalı – Aydın cəmiyyəti, insanları aydınlatmalıdır. Mən də bununla məşğul olmuşam, təcridxanada da davam edir, ehtiyacı olanlara faydalı oluram. Bu vətəndaş mövqeyidir, səhv deyil. Səhv kiməsə zərər vermək, haqqını yemək, hüququnu pozmaq olardı. Belə bir zərərçəkən, haqqı yeyilən, hüququ pozulan olmadığına görə səhv də yoxdur. Səhv məsum insanları, ziyalıları, jurnalistləri, vətəndaş cəmiyyəti aktivistlərini, gənc qızları, oğlanları, xəstə yaşlıları şərləmək, həbs etmək, məhrumiyyətlərlə qarşı-qarşıya qoymaqdır. Hətta bunlar səhv yox cinayətdir. Öz səlahiyyətlərindən sui-istifadə edərək insanları dövlət adına sığınaraq əzmək, hüquqlarını pozmaq, azadlıqlarını məhdudlaşdırmaq cinayətdir. Səhvi hökumətin “başbilənləri” edib, edir. Onlar hər yoldan əl çəkməli, insanların azadlığını qaytarmalı, üzr istəməli, itirdiklərini kompensasiya etməlidir.
– Sizcə, vətəndaş cəmiyyəti öz səhvlərindən kifayət qədər nəticə çıxarıbmı?
– Vətəndaş cəmiyyətini yox edən, əzən, onun fəallarını siyasi məhbus kimi həbsxanalara dolduran iradə – hökumət öz səhvlərindən nəticə çıxarmalıdır. Vətəndaş cəmiyyətinin zəif olması, əzilməsi, qorxudulması, vətəndaş cəmiyyətinin deyil, hökumətin səhvidir.