Almaniya və Rusiyadan olan keçmiş yüksəkvəzifəli şəxslərin bugünlərdə Bakıda gizli görüş keçirdiyini Prezident İlham Əliyev də təsdiqləyib. İyulun 21-də Berlində Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında alman jurnalistin sualını cavablandıran Əliyev bildirib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin yoxlaması nəticəsində Almaniya və Rusiyadan olan nümayəndələrin iyulun 12–14-də Bakıda olduqları müəyyən edilib. Onun sözlərinə görə, uçuş məlumatları Bakıda gizli görüşün keçirildiyini təsdiqləyir.
Prezident deyib ki, nə Almaniya, nə də Rusiya tərəfi bu görüş barədə Azərbaycanı əvvəlcədən məlumatlandırmayıb və rəsmi Bakı həmin prosesdə iştirak etməyib.
Əliyev bildirib ki, görüşün məzmunu barədə məlumatı yoxdur. Lakin Əliyev bu görüşün Rusiya-Ukrayna müharibəsinin başa çatmasına xidmət etdiyi təqdirdə bunu müsbət qiymətləndirəcəyini deyib:
“Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonu olacaqsa, müharibənin bitməsinə səbəb olacaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq”.
Almaniya kansleri Fridrix Merts də Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu bildirib. Merts qeyd edib ki, Almaniya hökuməti bu təmaslarda iştirak etməyib və görüşün detalları barədə məlumatı yoxdur. O, yalnız Azərbaycanın təqdim etdiyi məlumatlar əsasında görüşün baş verdiyini bildiyini deyib.
Bakıda kimlər görüşüb?
Almaniya və Rusiyadan olan keçmiş yüksəkvəzifəli şəxslərin Bakıda gizli görüş keçirməsi barədə məlumat əvvəlcə Almaniyanın “Die Zeit” qəzeti və ARD telekanalının “Kontraste” proqramının birgə araşdırmasında yayımlanıb. İyulun 17-də yayımlanan materialda keçmiş Almaniya kansleri Angela Merkelin administrasiya rəhbəri Ronald Pofalla və Brandenburqun keçmiş Baş naziri Mattias Platzekin Bakıda Rusiyanın keçmiş Baş naziri Viktor Zubkov və digər rusiyalı nümayəndələrlə görüşdüyü bildirilib.
Məlumata görə, görüşdə Rusiyanın Avropa İnstitutunun direktoru Aleksey Qromıko və Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev də iştirak edib.
İyulun 19-da isə məlumat Britaniyanın “The Times” qəzeti tərəfindən də yayımlanıb. Nəşr görüşü Rusiya-Almaniya münasibətləri, mümkün dialoq kanalları və Ukrayna müharibəsi fonunda aparılan qeyri-rəsmi təmaslar kontekstində təqdim edib. Görüşün dəqiq məzmunu barədə rəsmi açıqlama verilməsə də, “Die Zeit” yazıb ki, tərəflər arasında Rusiya-Almaniya münasibətlərinin gələcəyi və “Peterburq dialoqu”nun bərpası məsələsi müzakirə olunmuş ola bilər.
Rusiya və Ukrayna nə deyir?
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakı görüşü barədə məlumata malik olmadığını bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jbildirib ki, onda bu barədə məlumat yoxdur.
“Məndə bu görüş barədə heç bir məlumat yoxdur. Ona görə də sizə deyə biləcəyim bir şey yoxdur”, — deyə bildirib.
Ukrayna Xarici İşlər Nazirliyi isə görüşün Rusiya-Ukrayna müharibəsi ilə bağlı rəsmi danışıqlar prosesinin bir hissəsi olmadığını bəyan edib. Nazirliyin sözçüsü Georgi Tixiy bildirib ki, Ukrayna adından danışıqlar aparmaq səlahiyyəti yalnız Prezident Volodimir Zelenskiyə və onun səlahiyyət verdiyi nümayəndələrə məxsusdur. Onun sözlərinə görə, keçmiş siyasətçilərin qeyri-rəsmi görüşləri Ukrayna üçün rəsmi sülh danışıqları hesab oluna bilməz.
Azərbaycanın xəbəri olmadan Bakıda belə görüş keçirmək mümkündürmü?
Bəs Azərbaycan hakimiyyətinin belə bir görüşdən xəbərsiz olması nə dərəcədə inandırıcıdır?
Meydan TV-yə danışan siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, görüşün Azərbaycan hakimiyyətinin və xüsusi xidmət orqanlarının məlumatı olmadan baş tutması mümkün deyil:
“Gizli görüşün keçirilməsi, yəni rəsmi Bakının və xüsusi xidmət orqanlarının bundan xəbərsiz olması fikrinə ya çox sadəlövh insanlar, ya da sadəcə görüntü yaratmaq istəyən şəxslər inana bilər”.
Onun sözlərinə görə, söhbət mühüm fiqurların Azərbaycana səfərindən gedir və belə şəxslərin hərəkətləri əvvəlcədən izlənilir.
“Onlar bilet alarkən belə, artıq müvafiq qurumların bundan xəbəri var idi. Məlumat dərhal İlham Əliyevə və ya Prezident Administrasiyasında Hikmət Hacıyevə çatdırılıb”, – siyasi şərhçi bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi özü bu görüşə şərait yaradıb.
Şərhçi hesab edir ki, Bakının seçilməsi təsadüfi deyil və belə görüşlər üçün bəzi ölkələr daha əlverişli hesab olunur.

“Çünki onlar münaqişəyə birbaşa cəlb olunmayıblar, müəyyən mənada neytraldırlar. Eyni zamanda, bu ölkələrdə xarici kəşfiyyat və xüsusi xidmət orqanlarının fəaliyyəti, kommunikasiya və logistika imkanları daha genişdir”, – Mirqədirov bildirib.
Onun sözlərinə görə, Avropa ölkələrində belə bir görüşün keçirilməsi daha çətin olardı:
“Məsələn, onların qəfil İsveçə və ya hər hansı digər Avropa ölkəsinə gəlməsi çətindir. Birincisi, ciddi logistika və viza problemləri var. Bu insanların əksəriyyəti sanksiya siyahısındadır və onların Avropa İttifaqı ərazisinə girişi qadağandır. İkincisi, Avropa ölkələrində belə bir görüşün keçirilməsi dərhal ictimaiyyətin diqqətini çəkər və böyük səs-küyə səbəb olardı ki, bu adamlar nə üçün gəliblər və kimlərlə nəyi müzakirə edirlər”.
Mirqədirov hesab edir ki, Azərbaycan kimi ölkələrdə bu tip görüşlərin keçirilməsi daha rahat ola bilər.
“Amma Azərbaycan kimi bir ölkədə vəziyyət fərqlidir. Biz siyasi baxımdan Avropa strukturlarının təsir dairəsində olsaq da, coğrafi olaraq Avropa sayılmırıq və beynəlxalq diqqətin mərkəzində deyilik. Digər tərəfdən, bizdə mətbuat və ictimai nəzarət o qədər də güclü deyil ki, belə səfərlər dərhal müzakirə mövzusuna çevrilsin. Məhz bu səbəbdən Azərbaycan kimi ölkələrdə bu tip gizli görüşlərin keçirilməsi daha rahat və əlverişlidir”, – deyə o bildirib.
Ərəstun Oruclu: “Bakıda müzakirə olunan mövzu əslində enerji əməkdaşlığı olub”
Siyasi şərhçi Ərəstun Oruclunun fikrincə, görüşün əsas məqsədi Ukraynada sülh məsələsini müzakirə etmək deyil, Rusiya enerji resurslarının Azərbaycan üzərindən Avropa bazarına çıxarılması imkanlarını müzakirə etmək olub:

“Rusiya və Almaniya nə üçün Ukraynada sülhü müzakirə etməlidirlər? Bu məsələ Avropa İttifaqının və Avropa Komissiyasının səlahiyyət sahəsinə aiddir. Uzaqbaşı bu barədə Böyük Britaniya və ABŞ danışıqlar apara bilər ki, bunu da gizli saxlamağa ehtiyac yoxdur. Çünki bu gün Rusiyaya qarşı addımlar kollektiv Qərb tərəfindən atılır və Almaniya təkbaşına gizli danışıqlar aparmaqla heç nəyə nail ola bilməz”.
Oruclunun fikrincə, Azərbaycanın belə görüşdən xəbərsiz olması mümkün deyil. Şərhçi hesab edir ki, görüşün əsas mövzusu enerji məsələləri ilə bağlı ola bilərdi:
“Düşünürəm ki, Bakıda müzakirə olunan mövzu əslində enerji əməkdaşlığı olub. Daha dəqiq desək, Rusiya enerji resurslarının Azərbaycan malı adı altında ölkəmiz üzərindən Avropaya satılması danışılıb. Əminəm ki, bu danışıqlarda Azərbaycan tərəfindən də iştirak edənlər olub”, – deyə o iddia edib.
Şərhçinin sözlərinə görə, belə bir vəziyyət Azərbaycan üçün beynəlxalq risklər yarada bilər.
“Belə olan halda, Azərbaycanın bu cür gizli oyunlarda, faktiki olaraq enerji resurslarının qaçaqmalçılığı sxemində iştirakı, əlbəttə ki, ABŞ tərəfindən ciddi təpkilərlə üzləşə bilər. Məhz buna görə İlham Əliyev məsələni sülh mövzusuna bağlamağa çalışır, guya burada sülh müzakirə olunub. Mən ehtimal edirəm ki, xeyr, məsələ heç də elə deyil”, – Oruclu bildirib.
O, Almaniya kansleri Fridrix Mertsin də görüşdən xəbərsiz olduğunu deməsini ziddiyyətli məqam kimi qiymətləndirir.
“Bununla belə, ən ziddiyyətli məqam Almaniya kansleri Fridrix Merzin “mənim belə bir görüşdən xəbərim yoxdur” deməsidir. Çox maraqlı mənzərədir, elə deyilmi? Görünən odur ki, bu gizli danışıqların və sxemin üstünün açılması tərəfləri təşvişə salıb. Çünki Avropa bazarında Rusiya neftinin və qazının satılmasına qarşı olan qüvvələr, eləcə də Avropa İttifaqı və ilk növbədə ABŞ buna cavab olaraq sanksiya xarakterli ciddi addımlar ata bilər”.
Şərhçi ABŞ-də Rusiya enerjisi ilə bağlı sanksiya təşəbbüslərinə də diqqət çəkib.
“Rusiyanın enerji resurslarını alan ölkələrlə bağlı artıq ABŞ Senatına senator Lindsi Qrem və senator Riçard Blumental tərəfindən qanun layihəsi təqdim olunub. Həmin layihədə beş ölkənin adı çəkilir: Çin, Hindistan, Azərbaycan, Macarıstan və Slovakiya. Bu ölkələrə qarşı 100 faizlik gömrük rüsumu xarakterli sanksiyaların tətbiq olunması təklif edilir”.
Oruclu iddia edir ki, söhbət Rusiya enerjisinin sanksiyalardan yayınaraq Azərbaycan üzərindən Avropaya çıxarılması ilə bağlı ola bilər.
“Mən bir daha vurğulayıram ki, bu, məhz Rusiya enerjisinin sanksiyalardan yayındırılaraq Azərbaycan üzərindən “Azərbaycan məhsulu” adı altında Avropaya, ilk növbədə də Almaniyaya ixracı barədə danışıqlar idi. Əks halda, İlham Əliyevin “Rusiya Avropa bazarında mövqelərini itirib, amma biz onu əvəz edə bilərik” deməsi heç bir məntiqə sığmır. Çünki Azərbaycanın neft və qaz hasilatı Avropanın tələbatının maksimum 2,5–3%-ni ödəyə bilər. Deməli, söhbət birbaşa Rusiya qazından gedir”, – deyə o bildirib.