Azərbaycanda həbsdə olan siyasi məhbuslar ölkənin ziyalı təbəqəsinə – akademik çevrəyə, universitet müəllimlərinə, nüfuzlu mədəniyyət və səhiyyə xadimlərinə, təhsil işçilərinə, şair və yazıçılara müraciət ünvanlayıblar.
Yüzədək siyasi məhbusun dəstəklədiyi bəyanatda ziyalıların, bütövlükdə ölkə ictimaiyyətinin Azərbaycanda yaşanan hüquqsuzluq və ədalətsizliklərə biganə qalmamağa çağırış edilib:
“Azərbaycandakı avtoritar rejim insan hüquqlarını, eyni zamanda siyasi, mədəni və iqtisadi azadlıqları hər gün məhdudlaşdıraraq repressiv siyasətini sərtləşdirir. Xalqın iradəsindən kənar formalaşdırılan saxta parlament vasitəsilə qanunvericiliyi mürtəceləşdirərək repressiv metodlarını legitimləşdirməyə çalışır.
Azərbaycan xalqının birliyi, əzmi və dövlətin hərbi, iqtisadi imkanları hesabına müharibədə qazanılan qələbəni öz şəxsi resursuna çevirən və bundan dividend götürən avtoritar rejim zəfər eyforiyası altında xalqı əzir, onun haqqı olan təbii sərvətlərini talayır, insan hüquq və azadlıqlarını ayaq altına alır.
Biz hər gün müxtəlif ittihamlarla şərlənərək həbsxanalara gətirilən onlarla azərbaycanlı ilə qarşılaşırıq. Onların tam əksəriyyəti gənclərdir və narkotiklə şərlənirlər. Sərhədləri bağlayıb ölkəyə narkotik idxal edib sonra ondan Azərbaycan vətəndaşlarına, gənclərə qarşı istifadə edən irtica bütün qırmızı xətləri keçərək bəşəri cinayətlərə imza atır. Şərlənən bu insanlar isə Sizin övladlarınız, qohumlarınız və doğmalarınızdır. Ölkədəki repressiv siyasət ictimai mövqe və siyasi kimliyinə fərq qoymadan hər bir azərbaycanlının qapısını döyür. Yəni Sizlər siyasətə qarışmasanız da, siyasət dəmir pəncəsi və rezin dəyənəyi ilə qapınızın astanasındadır. Yanlış anlaşılmasın deyə xüsusi olaraq vurğulayaq ki, mövzu kimlərinsə bizi müdafiə edib-etməməsi ilə deyil, bu ölkənin və gələcək nəsillərin taleyi ilə bağlıdır.
Hörmətli ictimaiyyət nümayəndələri, biz ölkə olaraq 70 il Sovet istibdadının əsarətində olmuşuq. 1920–1990-cı illər ərzində Sovet istibdadının Azərbaycanda hansı repressiv aktlara imza atdığı, tarixin necə saxtalaşdırıldığı, mədəniyyətin necə deqradasiyaya uğradıldığı, ziyalı təbəqənin necə sındırıldığı və məhv edildiyi hər birinizə yaxşı tanışdır. Onu da unutmaq olmaz ki, indiki hakimiyyətin siyasi və ideoloji ataları da məhz Sovet nomenklaturasından çıxan, bu qanlı istibdada xidmət edənlər olub. Azərbaycan xalqının təbii sərvətlərini öz şəxsi məqsədləri üçün geninə-boluna istifadə edən avtoritar rejim hazırda da Sovet istibdadının cəza aparatı olan NKVD-nin repressiya alətlərini tətbiq edir. Siz də yaxşı anlayırsınız ki, bu korrupsioner rejimin amansız repressiyalarının yalnız bir hədəfi var: Azərbaycan vətəndaşları.
Məhz bu səbəbdən də xalqın səsi olan müstəqil mediaları, Vətəndaş Cəmiyyəti institutlarını, siyasi partiya və hərəkatları sıradan çıxarır.
Çox da uzaqda olmayan tariximizdə baş verən Söyüdlü hadisələri də göstərdi ki, ölkəni sürətlə demokratik dünyadan qoparıb Mərkəzi Asiyaya doğru aparan avtoritar rejim hətta ən kiçik bir kənddə belə etirazları bağışlamır, qoca-cavan tanımadan kasıb, sadə xalqa amansız divan tutur. Bütün bunlar həm də ona görə baş verir ki, ictimaiyyət, ziyalılar bu ədalətsiz gedişata susaraq seyr edir.
Dünyanın yaxın tarixində Azərbaycandakı rejimlə mənəvi ortaqlığı olan Suriya və Venesueladakı qanlı diktaturaların biabırçılıqla çökməsi kimi nümunələr varkən, rejimin anti-insani metod və qaydalarından çəkinmək və geri addım atmaq gələcək nəsillərə xəyanətdir.
Sizi ölkədəki talana, insan hüquq və azadlıqlarına qarşı amansız və repressiv siyasətə, bir sözlə, ədalətsiz gedişata etiraz səsinizi ucaltmağa çağırırıq. Əgər bu gün etiraz edib səsimizi ucaltmasaq, bu ədalətsiz gedişatı dayandırmağa səy göstərməsək, gələcək nəsillər nəinki bizi bağışlamayacaq, əksinə bizi də avtoritar rejimlə birgə lənətlə yad edəcək. Ona görə də avtoritar rejimin vədlərinə və təbliğatına uymayın; o, öz məqsədlərinə çatmaq və birini susdurmaq üçün digərinə şirin vədlər verir.
Azərbaycan və onun gələcək nəsilləri naminə etiraz səsinizi ucaldın. Bu gün bunu etməsəniz, sabah çox gec olacaq”.
Bəyanatı Azərbaycanda həbsdə olan media təmsilçiləri, Vətəndaş Cəmiyyəti nümayəndələri, siyasi partiya fəalları, aktivistlər, siyasi məhbus kimi tanınan bir sıra inanclı şəxslər imzalayıblar.