Bakı Mühəndislik Universitetinin (BMU) Cənubi Koreyanın İnha Universiteti ilə birgə həyata keçirdiyi İkiqat Diplom Proqramının (İDP) 1-ci kurs tələbələri və valideynləri proqram çərçivəsində nəzərdə tutulan yay məktəbinin son anda təxirə salınmasından narazıdır. Onlar universitet rəhbərliyini proqramın şərtlərini pozmaqda və tələbələrə təzyiq göstərməkdə ittiham edirlər.
BMU: Dövlət Neft Fondunun büdcəsində pul yoxdur
Meydan TV-yə müraciət edən, adının çəkilməsini istəməyən valideynlərdən birinin iddiasına görə, Dövlət Neft Fondunun maliyyələşdirdiyi proqram çərçivəsində təhsil alan 96 nəfər 1-ci kurs tələbəsi üçün iyul ayında Cənubi Koreyada 3 həftəlik yay məktəbi nəzərdə tutulub. Şikayətçi qeyd edir ki, səfər üçün bütün lazımia hazırlıqlar görülüb, sənədlər toplanıb və tibbi yoxlanışlar başa çatıb:
“Uşaqların pasportları yığılmışdı, viza üçün müraciətlər olunmuşdu, vərəm analizləri belə verilmişdi. İyulun 25-də yola düşməli idilər. Lakin iyulun 15-də uşaqları universitetə çağıraraq biletlərin paylanacağını gözlədiyimiz anda onlara səfərin təxirə salındığı bildirilib. Səbəb kimi isə Dövlət Neft Fondunun maliyyə vəsaitinin olmadığını, səfərin gələn ilə saxlanıldığını deyiblər. Bu uşaqlar yüksək ballarla, sırf bu proqramın perspektivinə inanaraq buranı seçiblər, indi isə ciddi psixoloji gərginlik keçirirlər”.
Prorektor: “Məsələni ictimailəşdirsəniz barənizdə elə tədbir görərik ki, peşman olarsınız”
Valideynin sözlərinə görə, tələbələr bu qərara etiraz etdikdə və səbəbləri soruşduqda universitetin prorektoru Bayram Hüseynzadə tərəfindən sərt reaksiya ilə qarşılaşıblar. Onların sözlərinə görə rəhbərlik tələbələrə məsələnin ictimailəşməməsi üçün xəbərdarlıq edib:
“Etiraz edən tələbələrə bildirilib ki, onlar özlərini apara bilmirlər. Gənclərə belə söz demək olar? Onları hədələyiblər ki, əgər bu məsələ ictimailəşsə, universitet daxilində barələrində ciddi tədbirlər görüləcək. Bayram müəllim uşaqlara deyib ki,“Kim bu məsələni ictimailəşdirsə, özündən küssün. Hələ 3 il burada oxuyacaqsınız, sizin barənizdə elə tədbir görərik ki, peşman olarsınız”.
Təqaüdlərlə bağlı əvvəlki narazılıqlar
Şikayətçi qeyd edir ki, bu, proqram çərçivəsində yaranan ilk problem deyil. Belə ki, ötən tədris ilinin sentyabr ayında da tələbələrin qanuni təqaüdlərinin kəsilməsi ilə bağlı narazılıq yaranıb. Yalnız valideynlərin şikayətləri ictimailəşdirdikdən sonra universitet rəhbərliyi təqaüdlərin ödənilməsini bərpa etmək məcburiyyətində qalıb.
Meydan TV bu iddiaları araşdırmaq üçün Bakı Mühəndislik Universiteti ilə əlaqə saxlamağa çalışıb. Amma gün ərzində edilən zənglərə cavab verən olmayıb. Dövlət Neft Fondundan Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparıb, yaxın günlərdə açıqlama verəcəklər. Açıqlama verildiyi təqdirdə yazıya əlavə olunacaq.