İyulun 14-də Binəqədi Rayon Məhkəməsi siyasi psixoloq, həbsdə olan siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlını Cinayət Məcəlləsinin böhtan və təhqirlə bağlı maddələri ilə təqsirləndirilən şəxs qismində tanıyıb.
Samirə Qasımlının bu maddələrlə məsuliyyətə cəlb olunmasını Azər Qasımlının cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Qurbanəli Yusibov tələb edib. Yusibov bu ilin aprelində məhkəməyə müraciət edərək bildirib ki, Samirə Qasımlı “Facebook” sosial şəbəkəsində onun ünvanına böhtan xarakterli və təhqiramiz ifadələr işlədib, həmçinin həyatına təhlükə yarada biləcək fikirlər səsləndirib.
Samirə Qasımlının sözlərinə görə, Qurbanəli Yusibov proseslər başlayandan keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməyib:
“Şərəf və ləyaqətini qorumaq istəyən şəxs apreldən bu yana dəfələrlə keçirilən proseslərə gəlməyib”.
Yusibovun vəkili isə şikayətçinin hazırda Türkiyədə işlədiyini qeyd edib. Hakim Samir Nəsibovun “Onun bu şikayətdən xəbəri varmı?” sualına vəkil, şikayətin hələ aprel ayında təqdim olunduğunu və müvəkkilinin bundan məlumatlı olduğunu bildirib.
Məhkəmə iclasında Samirə Qasımlının vəkilləri Aqil Layic və Ramil Süleymanov şikayətçinin prosesdə iştirak etməməsinin hüquqi nəticələr doğurduğunu deyiblər.
Müdafiə tərəfi Cinayət Prosessual Məcəlləsinə istinad edərək bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən şəxs üzrlü səbəb olmadan ardıcıl olaraq iclaslara qatılmırsa, bu, ittihamı davam etdirməkdə maraqlı olmadığını göstərə bilər.
Vəkillər məhkəmədən ya şikayət üzrə icraata xitam verilməsini, ya da Qurbanəli Yusibovun məhkəməyə məcburi qaydada gətirilməsini istəyiblər.
Müdafiə tərəfi həmçinin şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmadığını bildirib. Vəkillərin fikrincə, Cinayət-Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, ərizə çatışmazlıqların aradan qaldırılması üçün geri qaytarılmalı idi.
Lakin məhkəmə vəsatətləri təmin etməyib və Samirə Qasımlını təqsirləndirilən şəxs elan edib.
Samirə Qasımlı isə ittihamları qəbul etmir və ona qarşı açılan cinayət işinin siyasi sifariş olduğunu deyir:
“Mənim barəmdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edən nə Qurbanəli Yusibovdur, nə də onun vəkili Vüqar Şamilovdur. Həyat yoldaşımın və digər siyasi məhbusların hüquqlarını müdafiə etdiyim üçün hakimiyyət tərəfindən məhkəmə prosesinə cəlb edilmişəm. Baş verənlər göstərir ki, yeni tamaşa başlayır”.
Samirə Qasımlının həyat yoldaşı- Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Qurbanəli Yusibovun şikayəti əsasında həbs edilən siyasətçi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin külli miqdarda gəlir əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə maddəsi ilə təqsirli bilinib.
Azər Qasımlı ittihamı qəbul etmir, siyasi sifariş əsasında həbs olunduğunu bildirir. O vurğulayır ki, bu işdə yeganə zərərçəkmiş elə onun özüdür.
Azər Qasımlı ilə Qurbanəli Yusibov arasında bir neçə il öncə “Binance” kriptovalyuta portalına pul yatırılması məsələsi ilə əlaqədar narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği “Binance” portalındakı hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən Azər Qasımlı pulunu geri istəyib. Sonradan bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxarılıb.
Mingəçevir şəhər Məhkəməsi Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib. Həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib və bunu belə əsaslandırıb ki, məsələyə kommersiya məhkəməsində baxılmalıdır.
Azər Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə baxılıb və onun əleyhinə qərar verilib.