Hakimiyyət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsxanadan beynəlxalq mediaya yazı və müsahibələr göndərməsinin qarşısını almaq məqsədilə onu işgəncəyə və qeyri-insani münasibətə məruz qoyur.
Bu barədə “Əli Kərimliyə azadlıq” səhifəsi partiya sədrinin vəkillərinə istinadən məlumat yayıb.
Bildirilir ki, bu təzyiqlər fonunda ötən həftə Əli Kərimli yenə də ailəsi ilə telefonla danışmaq hüququndan məhrum edilib. Əvvəllər iki saat olan gündəlik gəzinti müddəti də bir saata endirilib.
Digər bir qadağa isə vəkillərin sosial şəbəkə müzakirələrinə dair hazırladığı qeydlərin Əli Kərimliyə verilməməsi ilə bağlıdır. Müdafiə tərəfi bu qadağa ilə bağlı məhkəməyə müraciət etsə də, şikayət hələ də baxılmamış qalır.
AXCP sədrinin olduğu kameradakı psixi sağlamlıq problemli məhbus da hələ ki, başqa yerə köçürülməyib. Həmin şəxs Əli Kərimlinin saxlandığı kameraya iyunun ortalarında, onun France 24 kanalına müsahibə verməsindən sonra yerləşdirilib.
“Bu adam hər gecə yarısı yatağından qalxıb uca səslə dini ayinlər icra edir, başına döyüb ağlayır, başını divara vurub qışqırır, bir sözlə, gecəni o kamerada olanlar üçün cəhənnəmə çevirir. Bütün bu mənzərə də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən otaqdakı kamera vasitəsilə müşahidə olunur, ancaq heç bir tədbir görülmür”, – məlumatda deyilir.
Vəkillərin qənaətinə görə, məqsəd həmin şəxs vasitəsilə Əli Kərimliyə mənəvi-psixoloji təzyiq göstərmək, onu uzun müddət yuxusuz saxlamaq və sağlamlığına ciddi zərər vurmaqdır. Müdafiəçilər “işgəncə və qeyri-insani rəftara məruz qalma” iddiası ilə Səbail Rayon Məhkəməsinə şikayət ünvanlasalar da, məhkəmə müraciəti baxışa qəbul etməkdən imtina edib.
“Əli Kərimliyə azadlıq” səhifəsinin yaydığı bəyanatda vurğulanır ki, bütün bu təzyiqlərə baxmayaraq, Əli Kərimli öz siyasi fəaliyyətini davam etdirmək niyyətindədir. Platforma ictimaiyyəti AXCP sədri ilə həmrəy olmağa çağırır.
Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsədir. Onunla bərabər Partiyanın Məclis üzvü Məmməd İbrahim də saxlanılıb. Onlara qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamları irəli sürülüb.
Hər ikisinin də həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan istintaqla əlaqələndirilir.
Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi represiyanın nümunəsi kimi qiymətləndiriblər.
Ümumilikdə isə hazırda 20-dən çox AXCP üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.