15 saylı Cəzaçəkmə Müəssisəsindən qaçmış məhkuma yeni cinayət işi açılıb

Source: Meydan Tv

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən qaçan İsa Veysalidze adlı məhkum tutularaq 1 saylı Bakı İstintaq Təcridxanasına gətirilib. 

Penitensiar Xidmətin adının açıqlanmasını istəməyən zabiti Meydan TV-yə bildirib ki, məhkum Zaqatala meşəsində gizlənsə də, yerini müəyyənləşdirmək mümkün olub.

İlkin məlumata görə, məhkum Şəkidə yaşayan hansısa hüquq-mühafizə əməkdaşından qisas almaq məqsədilə qaçıb. Həmin şəxsin də saxlanıldığı bildirilir. Meydan TV şəxsin kimliyini müəyyənləşdirməyə çalışır.

Məhkuma qarşı yenidən cinayət işi açılıb. Bu səbəbdən də BİT-ə aparılıb.

15 saylı Cəzaçəkmə Müəssisəsinin adının açıqlanmasından çəkinən vəzifəli şəxsi faktı Meydan TV-yə təsdiqləyib. 

Mənbə deyib ki, sözügedən məhkum qumar oynayıb pulunu ödəmədiyi üçün məhkumlar arasında “tavanı çökmüş” hesab edilir. Qaçışına bu da səbəb ola bilər.

Penitensiar Xidmətin zabiti isə deyib ki, hadisə səbəbindən bütün Cəzaçəkmə Müəssisələrində saxlanma şəraiti sərtləşdirilib, iş rejimi ağırlaşdırılıb, giriş-çıxış qapıları avtomatlaşdırılıb.

Meydan TV-nin öz mənbələrindən əldə etdiyi məlumata görə, ötən həftənin sonunda 15 saylı Cəzaçəkmə Müəssisəsindən bir məhbus qaçıb.

Məlumata görə, axşam sayımı zamanı nəzarətçi məhkumun olmadığına diqqət yetirməyib. Sonradan onun barakda olmadığı müəyyən edilib.

Mənbənin bildirdiyinə görə, qaçan məhbus 1993-cü il təvəllüdlü İsa Veysalidzedir. Zaqatala rayon sakini olan Veysalidze oğurluq ittihamı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasının təxminən iki ilini çəkib. Mənbənin sözlərinə görə, bu, onun ilk məhkumluğu olmayıb.

Məlumata əsasən, Veysalidze müəssisənin sənaye zonasında (“promışlennaya zona”) işləyirmiş. Mənbə bildirir ki, məhbus qaçışını əvvəlcədən planlaşdırıb. O, sənaye zonasında götürüb gizlətdiyi kəlbətin vasitəsilə əvvəlcə pəncərənin dəmir barmaqlıqlarını, daha sonra isə hasarın torunu kəsərək axşam saatlarında müəssisəni tərk edə bilib.

Meydan TV-nin əldə etdiyi son məlumata görə, qaçan məhkum iyulun 8-də saxlanılıb. 

Mənbənin sözlərinə görə, hadisənin ictimailəşməməsi üçün xüsusi göstəriş verilib. Buna baxmayaraq, sosial şəbəkələrdə hadisə ilə bağlı paylaşım edilib. Mənbə iddia edir ki, bundan sonra Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun yaratdığı qrupun üzvləri həmin paylaşımların şərh bölməsində hadisəni təkzib edən rəylər yazıblar.

“Mirsaleh Seyidovun rəhbərliyi ilə məhz sosial şəbəkələrdə şərh yazmaq üçün qrup yaradılıb. Hadisə baş verəndə qrup üzvləri girib rəisi tərifləyirlər və hansısa məhbusun adından çıxış edirlər. Bu dəfə də guya 15 saylı CÇM-də yatan məhbusun adından ‘orada qaçmaq üçün yer yoxdur, xəbər yalandır’ şərhi yayılıb”, – mənbə bildirib.

Meydan TV məsələ ilə bağlı Penitensiar Xidmətə sorğu göndərsə də, qurum sorğunu cavablandırmayıb. 

Ana səhifəXəbərlər15 saylı Cəzaçəkmə Müəssisəsindən qaçmış məhkuma yeni cinayət işi açılıb