“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytac Tapdıq saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub yazıb:
“Həbsdə olduğum 20 ay ərzində 80 qutu burun damcısından istifadə etmişəm. Nəfəs darlığına görə bu dərmandan tam asılı vəziyyətdəyəm. Hər həftə sərasər 1 qutu bitirirəm. Demək olar ki, onu bir parçam kimi üzərimdə daşıyıram. Asılılığı olanlar bilir, əgər damcı istifadə etməsən boğulma başlayar, nəfəsin dayanacaq kimi hiss edərsən. Azadlıqda olarkən damcıdan bu qədər intensiv şəkildə istifadə etməsəm də, təcridxana şərtləri, uzun müddət qapalı məkanda yaşamaq nəfəs almağımı çətinləşdirərək istifadəni zəruri edib.
Üstəlik, saxlanıldığım təcridxana məhbuslar üçün daha ağır şərtlər vəd etsin deyə qurudulmuş göı üzərində tikilməsi, yəni rütubətli mühit nəfəs darlığının artmasında rol oynayır.
Vəkilim Cavad Cavadov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb Baş İdarəsinə, eləcə də Penitensiar Xidmətə müraciət edərək mənim LOR həkiminin (otorinolarinqoloq) müayinəsindən keçməyimi və digər zəruri tibbi müdaxilələrin göstərilməsini istəyib. Lakin vəkilimə heç bir rəsmi cavab verilməyib.
Müraciətdən sonra saxlandığım Tibbi Sanitar Hissənin birinci mərtəbəsinə düşərək baş həkim Vüqar Həsənovun qəbulunda olmuşam. O, bildirib ki, Ədliyyə Nazirliyində ştatlı çalışan LOR həkimi yoxdur. Yəni sağlamlığımla bağlı tibbi müdaxilədən məhrum qalacam. O zaman bu mövzu məni daha çox maraqlandırmağa başlayıb. Deməli, Penitensiar Xidmətin balansında həbsxanalarda saxlanılan minlərlə məhkum və məhbusa xidmət göstəcək bir qulaq-burun-boğaz həkimi yoxdur?
Bu, dövlətin onların yaşamaq hüququnu özündə saxlayıb-saxlamadığına dair yanaşmasını mübahisəli edən amildir.
Çünki dövlət insanları həbs edərək təkcə azadlıqlarını əlindən almır, tibbi müayinə kimi ən təməl hüquqlarını da qəsb edir.
Biz – “Meydan TV işi” üzrə həbs olunmuş 6 qadın jurnalist həkimlərin çalışdığı korpusun ikinci mərtəbəsində saxlanılsaq da, bu belə, bizi tibbi müayinəyə çatımlı etmir. Faktlar isə göstərir ki, Penitensiar Xidmətin Tibb Baş İdarəsində bir çox sahə üzrə həkim çatışmazlığı var. Baxmayaraq ki, Tibb Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş Cəmil Kamillinin həkim olduğu, bu sahədəki boşluqları yaxşı bildiyi söylənilir. Ancaq rəhbərlik etdiyi bu iki il ərzində kadr islahatları ilə bağlı heç bir irəliləyiş görünmür. Beləcə, Ədliyyə Nazirliyi minlərlə məhbusun can ağrılarını görməzdən gəlir.
Biz saxlandığımız müddət ərzində cəmi bir dəfə baş redaktor Aynur Elgünəşin müraciəti əsasında ginekoloq müayinəsindən keçmişik. Ancaq korpusda saxlanılan yüzlərlə qadın məhbus bu müayinədən məhrum buraxılıb. Həmçinin bu günlərdə məhbusların şikayətləri əsasında tələb etdiyi uroloq və dermatoloqun da baş idarənin balansında olmadığı deyilir.
Müxtəlif xəstəliklərdən əziyyət çəkən məhbuslar növbətçi həkimi çağıraraq onun vurduğu ağrıkəsici iynələrlə sakitləşirlər. Təcridxana bununla müvəqqəti həll yolu tapıb işini bitmiş hesab edir. Bir kamera yoldaşım var idi ki, böyrək ağrısından əziyyət çəkirdi və istisnasız hər gün vurulan iynələrlə yaşayırdı.
Həbs olunan insanlar burada sağlamlığını itirmək təhlükəsi ilə üz-üzədirlər. Daim stress və gərginlik, həbsxana şəraiti insan orqanizmini xəstəliklərə qarşı müdafiəsiz hala gətirir.
Ədliyyə Nazirliyi məqsədli biganəliyə son qoymalı, Tibb Baş İdarəsinə ixtisaslı, peşəkar həkimlər işə götürülməlidir.
Azərbaycan hakimiyyətinin qoşulduğu beynəlxalq konvensiyalar, BMT-nin Məhbuslarla Rəftarın Minimal Standart Qaydaları (Nelson Mandela Qaydaları), eləcə də İşgəncənin Qarşısının Alınması üzrə Avropa Komitəsinin standartları saxlanılan şəxslərin lazımi tibbi yardım almaq hüququnu nəzərdə tutur”.