Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən bir məhbusun qaçdığı bildirilir.
Hadisə barədə məlumat ilk olaraq bir sıra yerli media orqanlarında dərc edilib. Lakin qısa müddət sonra həmin xəbərlər saytlardan silinib.

Meydan TV-nin öz mənbələrindən əldə etdiyi məlumata görə, yayılan informasiya həqiqətə uyğundur.
Məlumatı Meydan TV-yə 15 saylı Cəzaçəkmə Müəssisəsinin vəzifəli şəxslərindən biri verib. Mənbənin sözlərinə görə, hadisə ötən həftənin sonunda baş verib. Axşam sayımı zamanı nəzarətçi məhkumun olmadığına diqqət yetirməyib. Sonradan onun barakda olmadığı müəyyən edilib.
Mənbənin bildirdiyinə görə, qaçan məhbus 1993-cü il təvəllüdlü İsa Veysalidzedir. Zaqatala rayon sakini olan Veysalidze oğurluq ittihamı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasının təxminən iki ilini çəkib. Mənbənin sözlərinə görə, bu, onun ilk məhkumluğu olmayıb.
Məlumata əsasən, Veysalidze müəssisənin sənaye zonasında (“Promışlenniy zona”) işləyirmiş. Mənbə bildirir ki, məhbus qaçışını əvvəlcədən planlaşdırıb. O, sənaye zonasında götürüb gizlətdiyi kəlbətin vasitəsilə əvvəlcə pəncərənin dəmir barmaqlıqlarını, daha sonra isə hasarın torunu kəsərək axşam saatlarında müəssisəni tərk edə bilib.
Mənbənin sözlərinə görə, qaçan məhkumun son olaraq Zaqatala istiqamətində hərəkət etdiyi müəyyənləşdirilmişdi.
“Əgər sərhədi keçməyi bacarsa və yenidən tutulmasa, cəzaçəkmə müəssisəsinin rəisi başda olmaqla, çoxunun başı yanacaq”, – deyə mənbə bildirib.
Meydan TV-nin əldə etdiyi son məlumata görə, qaçan məhkum iyulun 8-də Şəki rayonu ərazisində saxlanılıb. Onun hansı şəraitdə yaxalandığı barədə məlumat açıqlanmayıb.
Mənbənin sözlərinə görə, hadisənin ictimailəşməməsi üçün xüsusi göstəriş verilib. Buna baxmayaraq, sosial şəbəkələrdə hadisə ilə bağlı paylaşım edilib. Mənbə iddia edir ki, bundan sonra Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun yaratdığı qrupun üzvləri həmin paylaşımların şərh bölməsində hadisəni təkzib edən rəylər yazıblar.
“Mirsaleh Seyidovun rəhbərliyi ilə məhz sosial şəbəkələrdə şərh yazmaq üçün qrup yaradılıb. Hadisə baş verəndə qrup üzvləri girib rəisi tərifləyirlər və hansısa məhbusun adından çıxış edirlər. Bu dəfə də guya 15 saylı CÇM-də yatan məhbusun adından ‘orada qaçmaq üçün yer yoxdur, xəbər yalandır’ şərhi yayılıb”, – mənbə bildirib.
Meydan TV məsələ ilə bağlı Penitensiar Xidmətə sorğu göndərsə də, qurum sorğunu cavablandırmayıb.
