Bakıdan Naxçıvana uçmalı olan onlarla sərnişin “Azərbaycan Hava Yolları”nın (AZAL) göndərdiyi “səhv mesaj” səbəbindən saatlarla aeroportda gözləməli olub. Hadisə iyulun 7-də baş verib.
Sərnişinlərin sözlərinə görə, iyulun 7-nə keçən gecə onların mobil telefonlarına AZAL-dan uçuş vaxtının dəyişdirilməsi ilə bağlı SMS gəlib. Bildirişdə reysin saat 05:00-a keçirildiyi qeyd olunub. Bu məlumata əsasən sərnişinlər gecə saatlarında hava limanına gəliblər. Aeroportda onlara mesajın səhvən göndərildiyi bildirilib. Nəticədə sərnişinlər uçuşun baş tutmasını gözləyərək saatlarla hava limanında qalıblar.
“Bu, sadəcə, texniki səhv deyil, insanların vaxtı, pulu və əsəbləri ilə oynamaqdır”
Sərnişinlərdən Gülzar Xudiyevanın sözlərinə görə, onun uçuşu iyulun 7-də saat 20:00-a planlaşdırılıb. O bildirib ki, gecə saatlarında gələn SMS-dən sonra reysin səhər saatlarına keçirildiyini düşünüb və hava limanına gedib.
“Gecəyarısı aeroporta yollandıq, məlumat bölməsindən dəqiqləşdirdik, bizə bildirdilər ki, uçuş vaxtı dəyişdirilib. O qədər insan oturub reysi gözlədi. Qeydiyyatdan keçəndə isə bildirdilər ki, mesaj səhvən göndərilib, evə qayıdın, sabah yenidən gələrsiniz. Gecəyarısı o qədər insan yuxudan durub, tələsik əşyalarını yığıb hava limanına gəlib. Bu, sadəcə, texniki səhv deyil, insanlara hörmətsizlikdir. İnsanların vaxtı, pulu və əsəbləri ilə oynamaqdır. Mən saatlarla hava limanında qalan insanları, ard-arda təxirə salınan reysləri, soyuq daşın üstündə oturan, yatan uşaqları belə demirəm. Bunların hamısı eyni problemin, eyni məsuliyyətsiz yanaşmanın göstəricisidir”, – şikayətçi bildirib.
Bakı–Naxçıvan reyslərindən həmişə narazılıq olub
Bakı-Naxçıvan istiqamətində sərnişinlərin reyslərlə bağlı narazılığı bundan əvvəl də gündəmə gəlib. İyunun 16-da sosial şəbəkələrdə yayılan görüntülərdə Heydər Əliyev Hava Limanında bəzi sərnişinlərin gözlədiyi, hətta oturacaqlarda yatdığı görünürdü. Paylaşımlarda həmin şəxslərin uçuşların təxirə salınması səbəbindən aeroportda qaldığı qeyd olunurdu.
Həmin vaxt AZAL reyslərin təxirə salınmasını Naxçıvandakı əlverişsiz hava şəraiti ilə əlaqələndirmişdi. Lakin sosial şəbəkələrdə bəzi sərnişinlər bu açıqlamanı şübhə altına alaraq, Bakı-Naxçıvan-Bakı istiqamətində uçuşlarla bağlı gecikmə və dəyişikliklərin uzun müddətdir yaşandığını yazmışdılar.
Hava şəraiti açıqlamaları suallar doğurur
İyulun 5-də isə AZAL yenidən Naxçıvan reyslərində gecikmələr və ya təxirəsalınmalar olacağını açıqlamışdı. Şirkət bunu yenə Naxçıvandakı əlverişsiz hava şəraiti ilə əlaqələndirmişdi.
Gecikən reyslərdə sərnişinlərin hüquqları nədir?
Beynəlxalq praktikada uçuşların uzun müddət gecikməsi və ya təxirə salınması zamanı sərnişinlərin ehtiyaclarının qarşılanması aviaşirkətlərin öhdəlikləri sırasında göstərilir. Bir sıra ölkələrdə belə hallarda gözləmə müddətindən asılı olaraq sərnişinlərə qida, içki, rabitə imkanları, zəruri hallarda isə yerləşmə ilə bağlı yardım göstərilməsi nəzərdə tutulur.
Lakin sərnişin şikayətlərində Azərbaycanda aviaşirkətlərin bu hüquqlar barədə kifayət qədər məlumat vermədiyi, bəzi hallarda isə insanların uzun müddət aeroportda gözləməli olduğu bildirilir.
Meydan TV məsələ ilə bağlı AZAL-a sorğu göndərib. Şirkətdən SMS-in səhvən göndərilib-göndərilmədiyi, hadisənin səbəbləri, sərnişinlərin üzləşdiyi vəziyyətlə bağlı görüləcək tədbirlər və belə halların təkrarlanmaması üçün atılacaq addımlar barədə məlumat istənilib. Yazı hazırlanan müddətdə AZAL-ın mətbuat xidməti sualları cavablandırmayıb. Qurumun mövqeyini əldə etsək, onu ayrıca təqdim edəcəyik.