Fatimə Kərimovanın qətli ilə bağlı Azərbaycan Baş Prokurorluğu Gürcüstana müraciət edib

Qətl. Foto: Gorodenkoff/shutterstock

Gürcüstanın paytaxtı Tbilisidə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə Kərimova ilə bağlı cinayət işinin istintaqı davam edir. Azərbaycan Baş Prokurorluğu bildirib ki, Gürcüstan prokurorluğunun apardığı istintaq diqqətlə izlənilir.

Qurumun yaydığı məlumata görə, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin – zərərçəkmişin qohumu Emin Əliyevin saxlanılması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri prosessual tədbirlər görülür.

Baş Prokurorluq qeyd edib ki, hadisənin ictimai əhəmiyyəti və zərərçəkmişin Azərbaycan vətəndaşı olması nəzərə alınaraq Gürcüstan Prokurorluğuna rəsmi müraciət göndərilib. Müraciətdə cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, zərurət yaranacağı halda isə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində hüquqi yardım göstərməyə hazır olunduğu bildirilib.

Qurum vurğulayıb ki, Azərbaycan vətəndaşlarının həyatına, sağlamlığına və qanunla qorunan hüquqlarına qarşı törədilən cinayətlərin ölkə xaricində baş verməsindən asılı olmayaraq onların hüquqlarının müdafiəsi diqqət mərkəzində saxlanılır.

Fatimə Kərimovaya nə olub?

21 yaşlı Fatimə Kərimova iyunun 26-da Gürcüstan polisi tərəfindən Tbilisidə kirayə qaldığı mənzildə ölü tapılıb. Onun yaxın qohumu Emin Əliyev tərəfindən həyata keçirilən “namus üstündə qətl”in qurbanı olduğu güman edilir.

Gürcüstanın “Sapari” təşkilatının rəhbəri Baia Pataraia bildirib ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis onun yaşadığı mənzilin qapısını sındıraraq içəri daxil olub və orada qızın cəsədini tapıb. Onun verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb.

“Sapari” təşkilatının rəhbəri yazıb ki, faktla bağlı prokurorluğa müraciət edilib və qurumdan qətlə yetirilən qızın bacısının adından işə cəlb olunmaları tələb edilib.

“Bir neçə gün əvvəl rusiyalı bir bloger „İnstagram“da mənimlə əlaqə saxladı və bu dəhşətli femisid hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi“.

İstintaq materiallarına və yaxınlarının verdiyi məlumatlara görə, 21 yaşlı Fatimə Kərimova may ayının ortalarında Ağcabədidən Tbilisiyə tanışı Kənan Əliyevlə birlikdə gedib. Onun ailəsinin bu münasibətə qarşı olduğu bildirilir. Həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Vəd olunan iş alınmayıb. Pul bitən kimi həmin şəxs qızın “IPhone” telefonunu lombarda qoyub, bundan əvvəl isə onu amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb.

Məlumata görə, Tbilisiyə çatdıqdan sonra Kənan Əliyev onun pasportunu cırıb, fiziki zorakılıq göstərib və tərk edib. Pasportunun yararsız vəziyyətə düşdüyünü düşünən Fatimə Azərbaycana qayıda bilməyəcəyindən ehtiyat edib.

Bundan sonra Tbilisidə yaşayan İnna Mkrtçyan adlı erməniəsilli qadın Fatiməyə kömək edib. Onun sözlərinə görə, Fatimənin əllərində siqaret kötükləri ilə yandırılmış izlər olub və qız bunları sevgilisinin etdiyini deyib. Fatimə Azərbaycan səfirliyinə getmək istəsə də, həmin gün bazar günü olduğu üçün səfirlik bağlı olub. Mkrtçyan onu müvəqqəti olaraq dostunun evində yerləşdirib.

Fatimənin üzərində qohumlarının telefon nömrələri olub. Onlardan biri olan qohumu Emin Əliyev iyunun əvvəlində Tbilisiyə gələrək Fatiməyə bir neçə ay mənzil kirayələyəcəyini və vəziyyət sakitləşəndən sonra onun Azərbaycana qayıtmasına kömək edəcəyini bildirib.

Qətl necə üzə çıxıb?

İyunun 26-da Fatimə ilə əlaqə saxlamaq mümkün olmayıb. Bacısı əvvəlcə Emin Əliyevlə əlaqə saxlayıb. O isə Fatimənin yaxşı olduğunu, lakin onu mənzilə buraxmadığını bildirib. Daha sonra Emin Əliyev zəng və mesajlara cavab verməyib.

Bundan sonra Züleyxa Kərimova İnna Mkrtçyandan bacısına baş çəkməsini xahiş edib. Mkrtçyan mənzilə gedərkən qonşuların gecə saatlarında mənzildən səs-küy eşitdiklərini öyrənib

„Həmin erməni qadın polisə zəng edib, polis qapını sındırıb və mənzildə qızın cəsədini tapıb. Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub“, – deyə B.Pataraia yazıb.

Gürcüstan mediasında yayılmış məlumatlara görə, kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə Kərimova həmin evdə girov kimi saxlanılıb. Qohumu Emin Əliyev 21 yaşlı qızı iki həftə ərzində kilidli saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb.

Qətlə yetirilən qızın yaxınları sosial şəbəkədə yazıblar ki, o, kimsəsiz idi və geridə yalnız 19 yaşlı bacısı qalıb. Yerli medianın yazdığı məlumata görə, 2020-ci ildə anası, 2022-ci ildə isə atası vəfat edib.

21 yaşlı Fatimə Kərimova Azərbaycana gətirilərək dəfn olunub.

Mərhum Ağcabədi şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Şübhəli Türkiyədə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi Fatimə Kərimovanın ölümü ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Fatimənin qohumu Emin Əliyevin cinayətdən sonra Gürcüstandan Türkiyəyə qaçdığı müəyyən edilib. Gürcüstan hüquq-mühafizə orqanları onu axtarışa verib, daha sonra isə şübhəli Türkiyə ərazisində saxlanılıb.

Hazırda onun cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hüquqi prosedurlar davam etdirilir.

“Məni öldürməsin deyə yalvarırdı”

OC Media-nın yaydığı məlumata görə, Züleyxa Kərimova bacısının əvvəllər də Emin Əliyev tərəfindən zorakılığa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, Emin Əliyev sərxoş vəziyyətdə olarkən Fatiməni bıçaqla hədələyib, hətta bir dəfə əlini kəsib. Daha sonra isə üzr istəyərək bunu sərxoş olduğu üçün etdiyini deyib.

Züleyxa Kərimova həmçinin bildirib ki, bacısı ona Kənan Əliyevin intim görüntülərlə şantaj etdiyini yazıb. O hesab edir ki, Emin Əliyev bu görüntülərdən xəbər tutduqdan sonra Fatimənin ailənin nüfuzuna xələl gətirdiyini düşünüb.

Bacısının sözlərinə görə, Fatimə son söhbətlərinin birində qohumlarının Emin Əliyevə onu öldürməyi tapşırdıqlarını bildirib. Bu iddialar hazırda rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və istintaq çərçivəsində araşdırılır.

Gürcüstanın qadın hüquqlarını müdafiə edən “Sapari” təşkilatı da iş üzrə zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi kimi prosesə cəlb olunmaq üçün prokurorluğa müraciət edib.

Ana səhifəSosialFatimə Kərimovanın qətli ilə bağlı Azərbaycan Baş Prokurorluğu Gürcüstana müraciət edib