İsrail hökuməti iyunun 28-də Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı törədilən zorakılığı soyqırımı kimi tanımaq təklifini yekdilliklə təsdiqləyib.
Xarici işlər naziri Gideon Saarın təqdim etdiyi qərar layihəsi iyunun 28-də Nazirlər Kabineti tərəfindən yekdilliklə qəbul edilib. Bu addım İsrailin onilliklərdir davam etdirdiyi siyasətdə mühüm dönüş hesab edilir.
İsrail Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, qərar “mənəvi və tarixi məsuliyyət” prinsiplərinə əsaslanır. Xarici işlər naziri Gideon Saar Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib ki, “doğru olanı etmək üçün heç vaxt gec deyil”. Onun sözlərinə görə, tarixi faktların inkarı və ya təhrif olunması qəbuledilməzdir və İsrail bu cür cəhdləri pisləyir.
Bakı qərarı rədd etdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) İsrail hökumətinin qərarını tənqid edib. Nazirliyin bəyanatında tarixi hadisələrin siyasi məqsədlərlə qiymətləndirilməsinin qəbuledilməz olduğu bildirilib.
Rəsmi Bakının mövqeyinə görə, belə qərarlar regionda barışıq və etimad mühitinin formalaşmasına xidmət etmir, əksinə, mövcud fikir ayrılıqlarını dərinləşdirir və Cənubi Qafqazda davamlı sülh prosesinə mənfi təsir göstərir. Azərbaycan İsrail hökumətini qəbul etdiyi qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
Azərbaycan uzun illərdir 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasına qarşı çıxır və bu məsələdə Türkiyənin mövqeyini dəstəkləyir.
Türkiyə: “Bu, siyasi qərardır”
Türkiyə Xarici İşlər Nazirliyi də İsrailin addımını kəskin şəkildə pisləyib. Ankara qərarı “tamamilə siyasi motivli” adlandıraraq bildirib ki, İsrail bu addımla beynəlxalq ictimaiyyətin diqqətini Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlardan yayındırmağa çalışır.
Türkiyə XİN-in bəyanatında qeyd olunur ki, qərar “tarixi və hüquqi faktları nəzərə almır” və “İsrail hökumətinin öz siyasətini ört-basdır etmək cəhdidir”.
İsrail bu addımı niyə indi atdı?
İsrail indiyədək bu məsələ ilə bağlı rəsmi tanınmadan yayınırdı. Bunun əsas səbəbləri Türkiyə ilə münasibətləri qorumaq və Azərbaycanın strateji tərəfdaş kimi həssas mövqeyini nəzərə almaq idi. Son illərdə isə Ankara ilə Təl-Əviv arasında münasibətlər Qəzza müharibəsi, Suriya və regional rəqabət fonunda kəskin şəkildə pisləşib.
Analitiklər hesab edirlər ki, hökumətin qərarı məhz bu geosiyasi dəyişikliklərin nəticəsidir. İsrail rəhbərliyi artıq Türkiyə ilə münasibətlərdə əvvəlki diplomatik məhdudiyyətləri nəzərə almır.
“Bu, İlham Əliyevin ən ciddi xarici siyasət sınaqlarından biri ola bilər”
İsrail hökumətinin qərarı Ankara-Təl-Əviv münasibətlərində gərginliyi daha da artıracağı gözlənilir. Eyni zamanda, bu addım Azərbaycanın da narazılığına səbəb olub.
Siyasi şərhçi Elman Fəttahın fikrincə, İsrail hökumətinin bu qərarı Azərbaycanın xarici siyasətində ciddi çətinliklər yarada bilər.
“Bu, İlham Əliyevin 20 illik hakimiyyəti dövründə yaşadığı nadir və ciddi xarici siyasət problemlərindən biridir. Azərbaycan uzun illər həm Türkiyə, həm də İsraillə strateji tərəfdaşlıq münasibətləri qurub və hər iki ölkə rəsmi Bakı üçün əvəzolunmaz müttəfiq hesab olunur”, – deyə ekspert bildirib.
O xatırladıb ki, İlham Əliyev daha əvvəl 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasını tənqid edib və belə qərarlar qəbul edən ölkələrin Xocalı soyqırımına laqeyd qaldığını bildirərək bunu ədalətsizlik kimi qiymətləndirib.
“İndi İsrail belə bir qərar qəbul edib. Bu isə İlham Əliyevin əvvəlki mövqeyi ilə ziddiyyət yarada bilər. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması da kifayət qədər zəifdir və əsasən İsraili qərara yenidən baxmağa çağırmaqla məhdudlaşır”, – deyə Elman Fəttah qeyd edib.
Ekspertin sözlərinə görə, qərar qüvvəyə minərsə, bu, ya Türkiyə-Azərbaycan, ya da İsrail-Azərbaycan münasibətlərində gərginliyə səbəb ola bilər.
“Hər iki ölkə İlham Əliyev üçün xüsusi əhəmiyyətə malik müttəfiqdir. Ona görə də hesab edirəm ki, bu, onun 20 illik hakimiyyəti dövründə qarşılaşdığı ən ciddi xarici siyasət böhranlarından biri kimi qiymətləndirilə bilər”, – deyə Elman Fəttah bildirib
Uzun illərin müzakirəsi
1915-ci il hadisələrinin tanınması məsələsi İsraildə uzun illər siyasi və diplomatik müzakirə mövzusu olub. Müxtəlif dövrlərdə Knessetdə bu istiqamətdə təşəbbüslər irəli sürülsə də, hökumətlər Türkiyə və Azərbaycanla münasibətlərə zərər verməmək üçün rəsmi qərar qəbul etməyiblər.
Baş nazir Benyamin Netanyahu 2025-ci ildə şəxsi mövqeyini açıqlayaraq hadisələri “soyqırımı” kimi qiymətləndirdiyini desə də, bu, dövlətin rəsmi mövqeyi hesab olunmurdu. Hazırkı qərar isə ilk dəfə hökumət səviyyəsində qəbul edilib.
Ermənistan və beynəlxalq tarixçilər bildirirlər ki, 1915–1917-ci illərdə Osmanlı imperiyasında 1,5 milyona yaxın erməni öldürülüb və ya deportasiya zamanı həlak olub. Bir çox ölkə və beynəlxalq təşkilat bu hadisələri “soyqırımı’ kimi tanıyır.
Türkiyə isə erməni əhalisi arasında böyük insan itkilərinin baş verdiyini inkar etmir, lakin hadisələrin planlı soyqırım olmadığını bildirir. Ankara ölənlərin həm müharibə şəraiti, həm də qarşıdurmalar nəticəsində həyatını itirdiyini vurğulayır və “soyqırımı” terminini hüquqi və tarixi baxımdan qəbul etmir