AŞPA Azərbaycanda tənqidi səslərin susdurulması ilə bağlı qətnamə qəbul edib

AŞPA. Foto: Meydan TV

Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 24-də “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnamə qəbul edib.

Sənəddə siyasi məhbus hesab edilən şəxslərin azad edilməsi, jurnalistlərə və fəallara qarşı təqiblərin dayandırılması, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası tələb olunur.

Qətnamədə bildirilir ki, Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, insan hüquqları müdafiəçilərinin və siyasi fəalların fəaliyyəti ilə bağlı vəziyyət Avropa Şurasının öhdəlikləri kontekstində narahatlıq doğurur.

AŞPA xatırladır ki, Azərbaycan nümayəndə heyəti 2024-cü ildə səlahiyyətlərinin təsdiqlənməməsindən sonra Assambleyanın fəaliyyətində iştirak etməsə də, ölkənin Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri qüvvədə qalır.

AŞPA Azərbaycandan nə tələb edir?

Qətnamədə Azərbaycan hakimiyyətinə bir sıra çağırışlar yer alıb. Assambleya siyasi məhbus hesab edilən şəxslərin azad edilməsini, jurnalistlərə, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına və siyasi opponentlərə qarşı təqiblərin dayandırılmasını istəyir.

Sənəddə həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, media, qeyri-hökumət təşkilatları və siyasi partiyalarla bağlı qanunvericiliyin nəzərdən keçirilməsi, işgəncə və pis rəftar iddialarının araşdırılması, eləcə də Avropa Şurası mexanizmləri ilə əməkdaşlığın davam etdirilməsi çağırışları yer alır.

Azərbaycandakı tənqidi səslərlə bağlı narahatlıqlar

Qətnamədə qeyd olunur ki, Azərbaycanda müxalifət nümayəndələrinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının fəaliyyət imkanları məhdudlaşıb. Assambleya bunu media, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilikdəki dəyişikliklərlə əlaqələndirir. Əlavə olunur ki, son illərdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, ifadə azadlığı və siyasi iştirak imkanları ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qaldırılan məsələlər aradan qalxmayıb.

Media azadlığı və jurnalist həbsləri

Qətnamədə Azərbaycanda media azadlığı və jurnalistlərlə bağlı vəziyyətə geniş yer ayrılıb. Assambleya bildirir ki, müstəqil media nümayəndələrinə qarşı cinayət təqibləri davam edir və bir sıra jurnalistlər həbsdədir. Sənəddə Meydan TV, AbzasMedia, Toplum TV, AzadlıqRadiosu, Kanal 11 və Kanal 13 ilə əlaqəli jurnalistlər və media əməkdaşlarının işlərinə istinad olunur. AŞPA bu işləri media azadlığı və jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müzakirələr kontekstində qiymətləndirir.

Assambleya həmçinin Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasında Azərbaycanda saxlanılan jurnalistlərlə bağlı məlumatların yer aldığını qeyd edir.

Siyasi məhbuslarla bağlı çağırışlar

Sənəddə siyasi məhbuslarla bağlı vəziyyətə dair ayrıca bölmə yer alıb. Assambleya 2020-ci ildə qəbul etdiyi siyasi məhbuslarla bağlı qətnaməyə istinad edərək sonrakı dövrdə yeni həbslərin baş verdiyini bildirir. AŞPA Azərbaycan hakimiyyətini siyasi məhbus hesab edilən şəxslərin işlərinə yenidən baxmağa çağırır. Qətnamədə qeyd olunur ki, jurnalist fəaliyyəti, insan hüquqlarının müdafiəsi, siyasi fəaliyyət və vətəndaş təşəbbüsləri ilə əlaqədar həbs olunan şəxslərin vəziyyəti araşdırılmalıdır.

Vətəndaş cəmiyyəti nümayəndələri və fəallar

Qətnamədə hazırda həbsdə olan hüquq müdafiəçisi və seçki müşahidəçisi Anar Məmmədlinin işinə ayrıca yer verilir. Assambleya xatırladır ki, Avropa İnsan Hüquqları Məhkəməsi onun əvvəlki həbsi ilə bağlı qərarında Konvensiyanın bir sıra maddələrinin pozulduğunu müəyyən edib. Sənəddə bildirilir ki, Məmmədlinin son həbsi onun rəhbərlik etdiyi təşkilatın seçkilərlə bağlı fəaliyyətindən sonra baş verib. AŞPA bu işlə bağlı mövqeyini ifadə edir və Avropa Məhkəməsinin qərarlarının icrasına diqqət çəkir. Həmçinin ev dustaqlığında olan iqtisadçı Qubad İbadoğlunun, həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri Ruslan İzzətli, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova, Əli Zeynal və Fərid Mehrəlizadə, ictimai fəal Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Rüfət Səfərov və AXCP sədri Əli Kərimlinin adları çəkilir. AŞPA bu şəxslərin işlərini Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti nümayəndələrinə və siyasi fəallara qarşı aparılan təqiblərlə bağlı narahatlıqlar sırasında qeyd edir.

Həbs şəraiti və rəftarla bağlı məsələlər

Assambleya həbsdə olan şəxslərlə bağlı rəftar haqqında məlumatlara da toxunur. Sənəddə qadın jurnalistlərin saxlanma şəraiti və onlarla davranışla bağlı məlumatların araşdırılması tələb olunur. Qətnamədə Azərbaycan hakimiyyəti işgəncə və pis rəftarla bağlı bütün iddiaların araşdırılmasına, saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasına və məhbusların tibbi yardıma çıxışının təmin edilməsinə çağırılır.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları

AŞPA bildirir ki, Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarları hələ də icra olunmayıb.

Sənəddə onlayn medianın bloklanması, vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatı, jurnalistlərin təhlükəsizliyi, ifadə azadlığı, sərbəst toplaşmaq hüququ və siyasi motivli həbslərlə bağlı qərarlara istinad edilir. Assambleya Azərbaycanı Məhkəmənin qərarlarını yerinə yetirməyə və bu proseslə bağlı Avropa Şurası mexanizmlərində iştirakını davam etdirməyə çağırır.

Avropa dövlətlərinə müraciət

Qətnamənin son hissəsində Avropa Şurasına üzv dövlətlərə və Avropa İttifaqına çağırış edilir. Assambleya siyasi məhbusların azad edilməsi məsələsinin beynəlxalq gündəmdə saxlanılmasını, siyasi təqib riski ilə üzləşən Azərbaycan vətəndaşlarının müdafiəsi üçün tədbirlər görülməsini və ekstradisiya tələblərinə baxılarkən bu amillərin nəzərə alınmasını tövsiyə edir.

Sənəddə həmçinin Azərbaycan hakimiyyəti ilə dialoqun davam etdirilməsinin vacibliyi qeyd olunur. Assambleya bildirir ki, Avropa Şurası institutları ilə əməkdaşlığın bərpası insan hüquqları, media azadlığı və hüququn aliliyi ilə bağlı məsələlərin müzakirəsi üçün imkan yarada bilər.

AŞPA 2024-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar, insan hüquqları ilə bağlı narahatlıqları əsas gətirərək Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Bundan sonra Azərbaycan nümayəndə heyəti Assambleyanın fəaliyyətində iştirakını dayandırıb. Bununla belə, Azərbaycan Avropa Şurasının üzvü olaraq qalır və təşkilat qarşısında götürdüyü öhdəliklər qüvvədədir.

Ana səhifəSiyasətAŞPA Azərbaycanda tənqidi səslərin susdurulması ilə bağlı qətnamə qəbul edib