Dövlət büdcəsində debitor borcların həcmi 7 milyard manatı keçib. Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyinə görə, bu borcların sürətlə artması ayrılan vəsaitlərin müqabilində işlərin vaxtında və tam icra olunmadığını, qabaqcadan ödənişlərin uçotunda və müqavilələrin icrasına nəzarətdə problemlər olduğunu göstərir.
Ən çox diqqət çəkən istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan investisiya xərcləridir. Meydan TV-nin daha əvvəl yazdığı kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 9 sifarişçi qurum üzrə 517,4 milyon manat debitor borc yaranıb. Bu göstərici bir il ərzində 35 faiz artıb. Başqa sözlə, bir sıra layihələr üzrə dövlət qurumlarına büdcədən vəsait ödənilsə də, işlərin tam icra edilmədiyi məlum olub.
Ümumilikdə, Hesablama Palatasının rəyində bildirilir ki, büdcədə ümumi debitor borcların həcmi 7 milyard 10 milyon manata çatıb. Bu, 2024-cü illə müqayisədə 1 milyard 19 milyon manat çoxdur.
Ötən il Dövlət Ehtiyatları Agentliyinin debitor borcu 335,5 milyon manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 92,4 milyon manat, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 45 milyon manat, İqtisadiyyat Nazirliyinin 31,2 milyon manat, Səhiyyə Nazirliyinin 34,1 milyon manat, “Bakı Metropoliteni” QSC-nin isə 27,8 milyon manat təşkil edib.
Hesablama Palatası bildirir ki, büdcə xərclərində müşahidə edilən cüzi artım — 2,4 faiz — fonunda debitor borclar sürətlə böyüyür. Nəticədə həmin borcların dövlət büdcəsi xərclərində xüsusi çəkisi 2,3 faiz bəndi artaraq 18,2 faizə çatıb. Halbuki 2020-ci ildə bu göstərici cəmi 7,8 faiz idi. Rəydə qeyd olunur ki, 2020-ci illə müqayisədə debitor borcların büdcə xərclərində xüsusi çəkisi 2,3 dəfə artıb.
Eyni zamanda, Palatanın həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı bəzi hallarda təşkilatlar tərəfindən xərclər üzrə debitor borcların, yəni qabaqcadan ödənişlərin uçota alınmaması və ya səhv uçota alınması, eləcə də təsdiqedici sənədlər olmadan debitor borcların bağlanılması halları müəyyən edilib. Bu isə qabaqcadan ödənişlərin real məbləğinin rəsmi statistikada göstəriləndən daha yüksək ola biləcəyini deməyə əsas verir.
Debitor borcların əhəmiyyətli hissəsi bir neçə qurumun payına düşür. Belə ki, ümumi məbləğin 91 faizi əsasən beş qurum üzrə formalaşıb. Lakin büdcə rəyində həmin dövlət qurumlarının adları açıqlanmır.
Debitor borc nədir və büdcədə necə yaranır?
İqtisadçı-ekspert Rövşən Ağayev Meydan TV-yə açıqlamasında bildirib ki, debitor borclar podratçıların sifarişçi təşkilatlara təhvil verməli olduqları işlərin həcmi üzrə yaranır.
Onun sözlərinə görə, debitor borclarla bağlı vəziyyətə baxdıqda bu göstəricinin kəskin şəkildə artdığı görünür:
“İl ərzində debitor borclar 1 milyard manatdan çox artaraq əvvəlki illərdən qalan məbləğlərlə birlikdə 7 milyard manata çatıb. Debitor borc nə deməkdir? Bu o deməkdir ki, büdcənin sifarişçi təşkilatlardan alacağı var. Məntiqi olaraq layihələrin dəyəri məlumdur. Bu halda sual yaranır: layihələrin nəzərdə tutulan məbləği təşkilatlara köçürülübsə, niyə belə borc yaranır? İlk baxışdan məsələ belə görünə bilər. Amma əslində bu qədər sadə deyil”.
Rövşən Ağayev deyir ki, adətən büdcə təşkilatları, yəni sifarişçi qurumlar podratçılara müəyyən həcmdə avans ödəyirlər:
“Tutaq ki, bir məktəb tikiləcək və həmin məktəbin dəyəri 2 milyon manatdır. Bunun üçün, məsələn, 1 milyon manat avans ödənilir. Tutaq ki, altı ay ərzində 500 min manatlıq iş görülməlidir və ya il ərzində 1 milyon manatlıq iş icra olunmalıdır. Amma sonradan məlum olur ki, podratçı təşkilatın sifarişçiyə təqdim etdiyi hesabatda görülən işlərin həcmi cəmi 500 min manat göstərilib. Halbuki avans şəklində 1 milyon manat köçürülüb. Bu halda qalan 500 min manat avtomatik olaraq debitor borc kimi görünür”.
İqtisadçı əlavə edir ki, belə vəziyyət büdcə intizamı ilə bağlı ciddi problemlərin olduğunu göstərir:
“Büdcə təşkilatları və sifarişçi qurumlar il ərzində, məsələn, satınalmalar yolu ilə və ya satınalmadan kənar müqavilələr əsasında müəyyən məbləğdə vəsait köçürürlər. Amma həmin pul müqabilində görülən işlərin həcmi daha az olur və mühasibatlıq baxımından avtomatik olaraq debitor borc yaranır. Bu, sırf büdcə intizamsızlığı və büdcə nəzarəti ilə bağlı problemdir. Eyni zamanda, bu, müqavilələrin icrasına, büdcə təşkilatlarının həmin müqavilələrə nəzarətinin çox zəif olmasına dəlalət edir”.