Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “H.T. və Başqaları Azərbaycana qarşı” işi üzrə yekun qərarını elan edib.
Qərara əsasən, Azərbaycan hökuməti 2016-cı ilin aprel döyüşləri zamanı öldürülən erməni hərbçinin ailəsinə (valideynləri və bacısına) ümumilikdə 104 min avro məbləğində təzminat ödəməlidir.
Məhkəmə bu işdə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının pozuntusunu tanıyıb və kompensasiyanın üç ay ərzində ödənilməsini tapşırıb.
Məhkəmə işi 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının hərbi toqquşması zamanı, tanınmamış Dağlıq Qarabağ Respublikasının nəzarətindəki ərazilərdə baş verən hadisələrlə bağlıdır. Ərizəçilərin iddialarına görə, erməni hərbçi H.T. Azərbaycan əsgərləri tərəfindən işgəncəyə məruz qalıb, əlləri və başı kəsilib.
Ərizəçilər həmçinin Konvensiyanın 3-cü (işgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan olunması), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitəsi hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinə istinad ediblər.
Məhkəmə 2-ci və 3-cü maddənin pozulduğunu müəyyən edib.
Oxşar iddialarla bağlı daha 21 ərizə hazırda məhkəmənin icraatındadır.
Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etdiyi cavabda bildirib ki, şikayətdə qeyd olunan hadisənin baş verdiyi dövrdə həmin ərazi Ermənistanın nəzarəti altında olub. Hökumətin mövqeyinə görə, meyit erməni hərbçiləri tərəfindən tapıldığı üçün Azərbaycan tərəfi iddiaların həqiqiliyini araşdırmaq imkanından məhrum qalıb.
Cavabda qeyd olunub ki, Azərbaycan hakimiyyəti hadisə barədə yalnız məsələ Avropa Məhkəməsinə çıxarıldıqdan sonra məlumat əldə edib.
“İddia edilən hadisə zamanı Azərbaycan Silahlı Qüvvələri hələ Talış kəndinə daxil olmamış, yalnız kənd ətrafındakı yüksəklikləri nəzarətə götürmüşdü. Buna görə də şikayətdə təsvir olunan hərəkətləri törədə biləcək hər hansı Azərbaycan hərbçisi həmin ərazidə olmayıb”, – hökumətin mövqeyində vurğulanır.
Hökumət həmçinin bildirib ki, ərizəçilər iddiaları ilə bağlı indiyədək Azərbaycan tərəfinə müraciət etməyib və məsələ ilə əlaqədar mövcud diplomatik kanallardan istifadə etməyiblər.