2025-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 4 milyard 454,9 milyon manat xərclənib. Bu göstərici əvvəlki illə müqayisədə 900 milyon manata yaxın azalıb. Qeyd edək ki, 2024-cü ildə bu istiqamətdə 5,4 milyard manat istifadə edilib.
Ötən il ayrılan vəsaitin 3,9 milyard manatı infrastruktur layihələrinin tikintisinə və yenidən qurulmasına yönəldilib.
Bu barədə Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyində qeyd edilir.
İşğaldan azad olunmuş ərazilərin tikintisi üçün nəzərdə tutulan vəsait aşağıdakı mənbələr üzrə ayrılıb:
- Büdcənin “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” bölməsindən – 4 milyard manat;
- Dövlət büdcəsinin Ehtiyat Fondundan – 334,1 milyon manat;
- Dövlət əsaslı vəsait qoyuluşundan – 276,3 milyon manat;
- Dövlət büdcəsinin digər mənbələrindən – 62,7 mln. manat
Dövlət büdcəsində bu istiqamət üzrə planlaşdırılan xərc 4 milyard manat olsa da, onun 3 milyard 782 milyon manatı icra edilib. Hesablama Palatası qeyd edir ki, bu mənbə üzrə icra olunan vəsait 2024-cü illə müqayisədə 21,6 faiz və ya 1 milyard manatdan çox azalıb.
Hesabat ilində dövlət əsaslı vəsait qoyuluşundan ayrılan 276,3 milyon manatın əsas hissəsini isə Avtomobil Yolları Dövlət Agentliyi istifafdə edib. İqtisadiyyat Nazirliyi bu vəsaitdən 2 layihə üzrə 27,7 milyon manat xərcləyib.
517 milyon manatlıq debitor borc, icra olunmayan işlər….
Hesabata əsasən, işğaldan azad olunmuş ərazilərdə 9 sifarişçi qurum üzrə 517,4 milyon manatlıq debitor borc yığılıb. 2025-ci ilin əvvəli ilə müqayisədə borcun həcmi 35 faiz və ya 150,3 milyon manat artıb.
Bundan başqa, layihələrin icrası üçün vəsait ayrılsa da, istifadə edilməyərək bank hesablarında saxlanılan qurumlar da var. Ötən il sonuna 5 sifarişçi ümumilikdə 65 milyon manat vəsaiti xərcləməyib. “BakuBus” MMC üzrə 49,3 milyon manat, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 12 milyon manat, “AzerGold” QSC üzrə isə 3,7 milyon manat vəsait bank hesablarında qalaraq icra olunmayıb.
Hesablama Palatasının rəyində bildirilir ki, dövlət büdcəsi xərclərində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitin bölgüsündə prioritet kimi nəzərdə tutulan bir çox layihələrin icrası aşağı olub.
Məsələn, 2025-ci ildə 5 sifarişçiyə 10 layihə üzrə nəzərdə tutulmuş 55,8 milyon manat vəsaitin cəmi 1,3 milyon manatı və ya 2,3 faizi istifadə edilib. O cümlədən Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Dövlət Su Ehtiyatları Agentliyində də eyni vəziyyət yaranıb.
Bundan əlavə, 13 sifarişçinin həyata keçirdiyi 37 layihə üzrə nəzərdə tutulan 124,7 milyon manat vəsaitin icra faizi 50 faizdən aşağı olub.
Hesablama Palatası onu da qeyd edir ki, azad olunmuş ərazilərdə tikinti işlərinə yönəldilən vəsait azalsa da, mövcud layihələrin başa çatdırılması üçün hələ də böyük həcmdə maliyyə tələb olunur.
Hesabata görə, bütün mənbələr üzrə icra olunan 405 layihənin ümumi dəyəri 35,2 milyard manat təşkil edir. 2025-ci ildə həmin layihələrin icrasına 4,9 milyard manata yaxın vəsait yönəldilib. Ödənilən vəsait müqabilində 4,7 milyard manatlıq iş icra olunub. Hesabata əsasən, icrasına başlanmış layihələrin tamamlanması üçün 17 milyard manat tələb olunur.
Hesabat ilində maliyyələşən 129 layihənin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılsa da, onlardan 111-i təhvil verilib. Bu işlərə 653 milyon manat xərclənib.
13 layihə üzrə isə 162 milyondan çox vəsait ödənilsə də, işlərin icrasında gecikmələr qalmaqdadır.